PYD-nin TÜRKİYƏYƏ qarşı hərəkətlərində RUSİYA ilə uzlaşan siyasətin cizgisi görünür — Politoloq rəyi

PYD-nin Türkiyəyə qarşı hərəkətlərində Rusiya ilə uzlaşan siyasətin cizgisi görünür — Politoloq rəyiTürkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, ABŞ ya bizi, ya da terroru seçsin. Onun sözlərinə görə, İŞİD Türkiyə, ABŞ və Avropa İttifaqı üçün terror təşkilatıdır. İŞİD radikal olduğu üçün pisdir, ancaq PYG, PKK marksist, Leninçi olduğu üçün yaxşıdır. Bu cür yanaşma olmaz. İŞİD də terror təşkilatıdır, PYG də.

Bununla bağlı politoloq Qabil Hüseynli Ölkə.Az-a danışıb:

"Türkiyənin mövqeyi düzgündür. Çünki həm PKK, həm də PYG silahlı yolla müstəqil kürd dövləti yaratmaq istəyir. Özləri də solçu, marksist, Leninçi partiyalar olmalarına baxmayaraq əslində qatı millətçilik ideologiyasını rəhbər tuturlar. PKK və PYG kürd dövləti qurmaq istəyir, qurmaq istədikləri dövlətin ərazisinə Türkiyənin də bir hissəsini qatmaq istəyirlər. Buna isə Türkiyə heç bir zaman razı olmaz.

ABŞ İŞİD-ə qarşı mübarizə apardığı üçün PYG-ə maddi və silah yardımı edirdi. Sonuncu dəfə ABŞ-ın PYG-ə göndərdiyi silah-sursat bir müddət sonra qara bazara çıxdı. Bir hissəsi isə müəyyən yollarla PKK-ya ötürüldü. Bu nöqteyi nəzərdən PYG açıqca etiraf edir ki, Suriyanın şimalında kürd muxtariyyətini yaratmaq istəyir və gələcəkdə onların məqsədi İraqın şimalındakı Bərzani ilə birləşib vahid kürd dövləti qurmaqdır. Daha uzaq gələcəkdə isə Türkiyənin bir hissəsini də guya kürd bölgəsi kimi özlərinə birləşdirmək niyyətindədirlər. PYG-nin məqsədi Yaxın şərqin xəritəsini yenidən biçmək və burada kürd dövləti yaratmaqdır.

ABŞ və Avropa sözdə bu bölgədəki dövlətlərin ərazi bütövlüyünün dəyişməyəcəyini, yeni dövlətin yaradılmayacağını bəyan edir. Ancaq bu, Türkiyəni tam qane etmir. Çünki son dövrlərdə PYG-nin Türkiyəyə qarşı hərəkətlərində Rusiya ilə uzlaşan siyasətin cizgisi görünməyə başlayıb. PYG həm ABŞ-ı aldadaraq ondan silah alır, həm də ruslarla birlikdə türkmən kəndlərinin Suriyada yerlə yeksan edilməsi, əhalinin oradan qovulması və oraya kürdlərin köçürdülməsi işi ilə məşğuldur.

Məlumata görə Bəşər Əsəd PYG-yə 4 təyyarə silah göndərib. Bütün bunlar onu göstərir ki, PYG heç də ABŞ-ın qeyd etdiyi kimi İŞİD-ə qarşı mübarizə aparmır, əslində kürd dövləti yaratmaq istəyir. Bu isə bölgə üçün çox ciddi təhlükəli perspektivlər vəd verir. ABŞ Əl-Nusra cəbhəsini niyə unudur? Vaxtilə Əl-Nusra cəbhəsi Türkiyə ərazisində silahlandırıldı, təlim keçildi, ancaq indi Əl-Nusra cəbhəsi faktiki olaraq İŞİD-in aparcı qüvvələrindən birinə çevrilib. Yaxın şərqin coğrafiyasını və burada baş verənləri Türkiyədən yaxşı bilən yoxdur, ancaq çox təəssüf olsun ki, ABŞ ekspertləri, xüsusi kəşfiyyat orqanları Türkiyənin verdiyi məlumatlara bel bağlamırlar. Türkiyə bəzi məsələrdə xüsusən xarici siyasətdə radikallığa baş vurur. Ya PKK, ya da biz deyərək münasibətləri xeyli sərinlədir.

Ərdoğan özü Rusiya ilə yaxınlaşma siyasətini həyata keçirərək ABŞ-la olan münasibətlərə zərər vurmuşdur".

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbinin PYG-ni terror təşkilatı kimi tanımadıqlarını bildirib.

AzerTaym.az






Fikirlər