"Dünyanın aparıcı dövlətləri hazırda PKK terror təşkilatına ciddi və birmənalı şəkildə dəstək verirlər”
AzerTaym.az xəbər verir ki, bunu Publika.az-a Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın PKK-nın Qərb dövlətləri tərəfindən müasir silahlarla təmin olunması ilə bağlı dediklərinə münasibət bildirərkən söyləyib.
Onun sözlərinə görə, Qərbin PKK-ya hərbi, siyasi və maliyyə dəstəyi olmasaydı, o zaman Türkiyə bu terror problemini çoxdan həll etmiş olardı.
F.Ağamalı deyib ki, edilən hərbi, siyasi və maliyyə dəstəyi sayəsində PKK terror təşkilatı Türkiyə kimi güclü dövlətə meydan oxuyur: “Əgər PKK-ya hərtərəfli kömək olmasaydı, o zaman Türkiyə bu terror təşkilatının izini çoxdan kəsib qurtarmışdı. Ancaq çox təəssüf ki, bir sıra dövlətlər yarandığı gündən indiyədək PKK-ya yaxından yardım göstərirlər. Onlar bunu Türkiyəyə təzyiq və təhdid göstərmək, Türkiyənin güclənməsinə qarşı çıxmaq üçün həyata keçirlər. Əks halda, PKK terror qruplaşması indiyədək bu qədər dayanıqlı ola bilməzdi. Bu gün Rusiya tərəfindən PKK-ya hərtərəfli yardım edilir. Hətta bəzi məlumatlara görə, PKK-nı vaxtilə SSRİ yaradıb.
Eyni zamanda, bu gün PKK Qərb, o cümlədən, ABŞ tərəfindən də ciddi müdafiə olunur. Diqqət etsək görərik ki, PKK ABŞ tərəfindən terror təşkilatı kimi tanınmır. Halbuki, PKK dünyanın ən qatı terror təşkilatlarından biridir. PKK-nın törətmiş olduğu faciələrin miqyası olduqca böyükdür. Ona görə də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın PKK ilə bağlı son açıqlaması tam reallığı əks etdirir. Faktiki olaraq indi Türkiyə təkcə PKK-ya qarşı deyil, həm də onun arxasında dayanan qüvvələrə və dövlətlərə qarşı da mübarizə və müharibə aparır. Lakin əminəm ki, Türkiyə gec-tez öz hədəfinə çatacaq. Türkiyənin başqa çıxış yolu da yoxdur”.
Ölkəmizin PKK ilə bağlı Türkiyəyə dəstək verdiyini vurğulayan deputat qeyd edib ki, Azərbaycan bütün məsələlərdə olduğu kimi, PKK məsələsində də qardaş Türkiyənin yanındadır: “Digər tərəfdən isə Türkiyənin yetərincə iqtisadi və hərbi imkanları olduğu üçün Azərbaycanın bu istiqamətdə yardımına ehtiyacı yoxdur. Türkiyə öz qüdrətli ordusu, iqtisadi gücü və geostrateji yeri ilə dünyada tanınan dövlətdir. Ona görə də mən Türkiyənin PKK ilə bağlı Azərbaycandan hər hansı gözləntisi olduğunu düşünmürəm. Lakin bütün məsələlərdə olduğu kimi, PKK məsələsində də Azərbaycan Türkiyənin yanındadır. Hətta, bəzi informasiyalara görə, PKK-nın işğal olunan Azərbaycan torpağında -Dağlıq Qarabağda xüsusi təlim mərkəzləri fəaliyyət göstərir. Burada PKK terrorçuları təlim keçdikdən sonra Ermənistan ərazisi ilə Türkiyəyə göndərilirlər. Bu baxımdan, bizim də marağımızdadır ki, PKK-nın tezliklə kökü kəsilsin. Çünki PKK qardaş Türkiyə ilə yanaşı, Azərbaycan üçün də təhlükədir”.