TÜRK ORDUSU 65 İLDƏN SONRA OKEAN SULARINDA! – TSK Qatarda hərbi baza tikir!

 

02_d

Ankara Qatarda özünün hərbi hava qüvvələri və hərbi donanması üçün çoxfunksiyalı hərbi bazanın tikintisinə hazırlaşır. Beləliklə, Fars körfəzi sahilində yerləşmiş bu kiçik ərəb ölkəsində Amerika Birləşmiş Ştatları ilə yanaşı, Türkiyənin də öz hərbi bazası olacaq. Bu barədə İranın Yaxın Şərq Strateji Araşdırmalar İnstitutunun analitik materialında bildirilir.

Hazırda Böyük Britaniyanın və ABŞ-ın Bəhreyndə, Fransanın isə Birləşmiş Ərəb Əmirliklərində anoloji obyektləri var.

Bu forpost gələcəkdə Türkiyə silahlı qüvvələrinin Qırmızı dənizdə, Şimali Afrikada və həmçinin Fars körfəzinin özündə mümkün hərbi əməliyyatlar həyata keçirməsinə imkan yaradacaq. Beləliklə, 1950-ci ildən sonra ilk dəfə olaraq, Türkiyə Hərbi Dəniz Donanması okean sularına çıxış əldə edəcək.

Əlbəttə ki, Türkiyənin Fars körfəzinin təhlükəsizlik problemlərinin həll edilməsinə qoşulması, yalnız ABŞ və NATO ilə razılaşma nəticəsində mümkün olub.

ABŞ və NATO özünün Fars körfəzindəki “Ərəb Dövlətləri Əməkdaşlıq Təşkilatı” ilə münasibətlərini, kollektiv təhlükəsizlik müqaviləsi səviyyəsinə kimi qaldırmağa hazır deyil. Ancaq buna baxmayaraq, həm ABŞ, həm də onun müttəfiqləri həmin təşkilata daxil olan ayrı-ayrı ərəb dövlətləri ilə ikitərəfli müqavilələr bağlayırlar.

Əgər tarixə diqqət yetirsək, onda qatarlıların osmanlılara minnətdar olmaları barəsində nəticə çıxara bilərik. Çünki hələ 19-cu əsrdə məhz Osmanlı hakimiyyəti Qatara Səudiyyə Ərəbistanından ayrıca, özəl mənsubiyyət verilməsinə yardım göstərib. Digər tərəfdən isə Qatar və Türkiyə “Müsəlman qardaşları” kimi birliklər məsələsində və terror qruplaşmalarına yanaşma tərzində eyni cür düşünürlər.

Başqa yandan Qatar həmişə Səudiyyə Ərəbistanının Fars körfəzinin digər ərəb ölkələrinə qarşı özünəməxsus “böyük qardaş” rolu oynamasından narazı olub. Elə bu səbəbdən də, Doha yorulmadan təhlükəsizlik sisteminin tənzimlənməsində aktiv rol almaq fikrindədir.

Qatar ilə Türkiyə arasında hərbi baza tikilməsi barəsində müqavilənin bağlanmasının əsas səbəblərindən biri, təhlükəsizliyin qorunması metodunun diversifikasiya edilməsidir. Bu cür müqavilələr müştərək müdafiə prinsiplərinə əsaslanır və əgər dövlətlərdən biri hücuma məruz qalarsa, onda digər müttəfiq dövlət, təcavüzkar qarşısında onun müdafiəsinə qalxır. Türkiyə artıq bu cür müqavilələri Azərbaycan və Şimali Kipr respublikası ilə imzalayıb.

Bu müqavilə regionun müvafiq təhlükəsizliyi üçün Amerikanın öz müttəfiqlərinin rolunu aktivləşdirməyə cəhd göstərdiyini nümayiş etdirir. Asiya tərəfə yönəlmək strategiyası, Vaşinqtonun öz güclərini Fars körfəzindən çəkmək niyyətində olması anlamına gəlmir. İş ondadır ki, ABŞ dünyanın bu hissəsindəki təhlükəsizliyin təmin olunması xərclərini öz müttəfiqləri ilə bölmək istəyir.

Birləşmiş Ştatların regiondakı müasir strategiyası soyuq müharibə dövrünün Nikson-Kissincer doktrinasını xatırladır. O zaman Vyetnam müharibəsinin yenicə qurtarması səbəbindən, Amerikanın öz qoşunlarını hər hansı digər regiona göndərmək üçün kifayət qədər vəsaiti yox idi. Buna əsasən də həmin illərdə ABŞ-ın şah İranı və Səudiyyə Ərəbistanı da daxil olmaqla, regional tərəfdaşları təhlükəsizlik məsələləri ilə əlaqədar olaraq, həmin regionda amerikanların maraqlarının təminatçılarıydılar.

Bizim dövrümüzdə, hətta ABŞ-ın qeyri-regional müttəfiqləri də, amerikanların maraqlarının və müvafiq olaraq, Fars körfəzindəki təhlükəsizliyin təmin edilməsi ilə məşğuldurlar.

Həm də mütləq qeyd etmək lazımdır ki, bəlkə də Tehran bunu ərəb ölkələri koalisiyasına müdafiə kimi dəyərləndirər və ona görə də, Türkiyənin bu addımı İran təfəfindən düşməncəsinə qarşılana da bilər. Ancaq digər tərəfdən isə bəzi analitiklər hesab edirlər ki, bunu düşmən fəaliyyət kimi yozmaq yox, İran ilə Qərb və Fars körfəzinin ərəb dövlətləri arasındakı münasibət kontekstindən dəyərləndirmək olar.

Müəyyən qədər bəllidir ki, indiki zamanda Fars körfəzindəki təhlükəsizlik rejimi, bu regiondakı bütün ölkələrin möhkəm şəkildə müdafiə olunduğuna təminat vermir.

Türkiyənin Qatarda hərbi baza yaratması kimi fəaliyyətlər isə Fars körfəzində universal sabitlik sistemi yarada bilməz. Bütün bunlarla yanaşı, Türkiyənin həyata keçirmək istədiyi tədbir, bəzi şərtlərdən asılı olaraq, İranın maraqlarına zidd addım kimi yozulmamalıdır.






Fikirlər