Daxili işlər naziri Ramil Usubov Serbiyalı həmkarını qəbul edib

usubov-10

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun dəvəti ilə Serbiya baş nazirinin müavini – daxili işlər naziri Neboyşa Stefanoviç Azərbaycana rəsmi səfər edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, dekabrın 5-də R. Usubov Neboyşa Stefanoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. R. Usubov  ölkəmizin tarixən Balkan dövlətləri, o cümlədən Serbiya ilə dostluq əlaqələrinin mövcudluğunu, hələ ikinci dünya müharibəsi zamanı xalqlarımızın faşizmə qarşı birgə mərdliklə mübarizə apardıqlarını, Yuqoslaviya partizan hərəkatında azərbaycanlıların da yer aldıqlarını məmnunluqla xatırladıb. Daha sonra nazir R. Usubov Ermənistanın hərbi müdaxiləsi nəticəsində torpaqlarımızın 20 faizinin işğal edilməsi, nəticədə 1 milyondan artıq soydaşımızın doğma yurd yerlərindən didərgin düşməsi barədə məlumat verib.

 Beynəlxalq hüququn təməl prinsiplərinə, dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı məsələsinə münasibətdə hər iki ölkənin mövqeyinin üst-üstə düşdüyünü nəzərə çatdıran R. Usubov Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsinə, parlament tərəfindən Xocalı faciəsinin soyqırımı kimi tanınmasına görə Serbiyaya təşəkkürünü bildirib. Mövcud problemlərə toxunan daxili işlər naziri transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsi, beynəlxalq terrorçuluq, insan alveri, qanunsuz miqrasiya və kibercinayətkarlıq ilə mübarizənin diqqət mərkəzində dayandığını, onlara qarşı yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının mümkünlüyünü vurğulayıb.

Neboyşa Stefanoviç ölkələrimiz arasındakı əlaqələrin son illər bütün sahələrdə genişlənərək daha da dərinləşdiyini, oxşar münaqişələrdən əziyyət çəkən hər iki dövlətin bir sıra problemlərə dair beynəlxalq müstəvidə eyni mövqedən çıxış etdiyini, yaxın dost saydıqları Azərbaycanın Daxili İşlər Nazirliyi ilə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.

 Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə olunub.






Fikirlər