ABŞ-ın dövlət katibi 73 yaşlı Con Kerri yanvarın 20-də istefa verdikdən sonra dövlət qulluqçusu karyerasına son qoyacağını bəyan edib.
Tanınmış hüquqşünas Aslan İsmayılovsa bu xəbərə aşağıdakı kimi şərh verib: "...Görəsən Azərbaycanda bundan ibrət götürən olacaq?" Maraqlıdır, Azərbaycanda yaşı 70 - i keçmiş məmurlar niyə istefa vermir?
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Moderator.az-a açıqlamasında məsələyə münasibət bildirib: "Gördüyünüz kimi Qərbdə, ABŞ - da insanlar özlərinə hörmət edirlər. Kerri çox gözəl bilir ki, yaşı 70-ə çatanda insanın beynində "tormozlanma” gedir, insanın naturası belədir. Bu tip insanlar dövləti idarə edə bilməzlər. Bizdəki qocalar evinin sakinləri isə öz kreslosunda ölmək istəyirlər. Kerrinin bu addımı dünyadakı belə insanlara örnək olmalıdır. Ölkəmizdəki bu qocalar xalqı uçuruma aparır. Onlar elə düşünür ki, 3-5 il ömürləri qalıb, ölüb gedəcəklər, heç kimə haqq-hesab verməyəcəklər. Biz partiya olaraq hər zaman düşmənçiliyin əleyhinə olmuşuq. Amma xalq qəzəbləndisə biz də xalqın qarşısını ala bilməyəcəyik. Xalq bu qocaların övladlarından, nəvələrindən haqq-hesab soracaq. Prezidentə, xalqa edilən xəyanətin bir sonu olmalıdır. Ölkə çıxılmaz bir dalana dirənib. Yalandan çıxıb boş-boş danışırlar ki, filan sahə inkişaf edir, gəlirlər artır. Hardadı o inkişaf? kənd təsərüfatı sahəsi Heydər Əsədovun sayəsində iflasa uğrayıb. Başda Artur Rasizadə olmaqla çoxlu sayda nazir istefa verməlidir. Ağızları söz tutmur, qulaqları eşitmir, gedib evdə nəvə oynatmaq əvəzinə gəlib ölkə idarə edirlər. Bu tip insanların idarə etdiyi ölkə isə təbii ki, bu hala düşməli idi. Prezident Aparatının özündə belə idarəetməni itirən şəxslər var. Biz Müasir Müsavat Partiyası olaraq mart ayından etibarən yüz minlərlə insanın iştirakı ilə mitnqlərə başlamaq qərarı vermişik. Əgər o məmurlar istefa verməsə biz gedib onları kabinetlərindən qovacağıq. Azərbaycan sanki donub. Heç bir məmur ölkəni bu çətin durumdan çıxması üçün real addım atmır. Müxalifət partiyaları ilə də vəziyyət eynidir. Hamısı ağızlarına su alıb durublar. Hardadılar bu liderlər? Mən Hafiz Hacıyevin dediyinin heç olmasa 10%-ni desinlər. Deyə bilmirlər, qorxurlar. Mən isə hər gün ölüm təhdidləri almama baxmayaraq tutduğum yoldan bir addım da geri çəkilmirəm. Mən xalqımın demək istədiyini deyirəm. Xalqıma görə də hər şeyə hazıram. Bu məmurların məqsədi odur ki, ölkədə vətəndaş müharibəsi olsun. Xalq bir-birini qırsın. Biz Azərbaycan xalqı olaraq prezidentin ətrafında sıx birləşərək bu satqınların planını pozmaqdayıq. Hesab edirəm ki, artıq bunlara qarşı əks hücuma keçmək vaxtı çatıb. Bayaq qeyd etdiyim kimi ölkənin ana müxalifət partiyası Müasir Müsavat yaxın aylarda küçələrə yüz minlərlə insanı çıxarıb qocalar ordusunun istefasını tələb edərək prezidentə dəstəyini ortaya qoyacaq”.