İlham Əliyev Ərdoğana məktub GÖNDƏRDİ

Azərbaycan Prezident İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana məktub göndərib.

 Məktubda deyilir: 

 Hörmətli cənab Prezident, Əziz Qardaşım!

 14 yanvar 1992-ci il tarixi Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında diplomatik münasibətlərin qurulması günüdür. Bu əlamətdar hadisənin 25 illiyi ilə əlaqədar Sizi təbrik edir, dost və qardaş Türkiyə xalqına ən xoş və səmimi arzularımı çatdırıram.

 Müstəqil Azərbaycanın tarixində qardaş Türkiyə diplomatik əlaqələr yaratdığımız ilk dövlətdir. Xalqlarımız və ölkələrimiz arasındakı münasibətlər dərin tarixi köklərə əsaslanır. Ötən illər ərzində “bir millət-iki dövlət” prinsipi dünyada bənzəri olmayan Azərbaycan-Türkiyə əlaqələrinin bütün sahələrini əhatə edib.

 Dostluq və qardaşlıq üzərində qurulmuş əlaqələrimiz bu gün birgə səylərimizlə strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Azərbaycan-Türkiyə tərəfdaşlığı xalqlarımızın rifahına, ölkələrimizin çiçəklənməsinə, regionda əmin-amanlığın və sabitliyin bərqərar olmasına xidmət edir. Əminəm ki, Türkiyə-Azərbaycan birliyi və həmrəyliyi bundan sonra da xalqlarımızın mənafelərinə uyğun olaraq möhkəmlənəcək və genişlənəcək.

 Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına isə daim sülh və firavanlıq arzulayıram.

AzerTaym.az

 






Fikirlər