24.07.2014- Azərbaycan kürdləri “müstəqil Kürdüstan”a dəstək verdi
İngilisdilli kürd portalı “Rudaw” xəbər verir ki, toplantıda Azərbaycan kürdlərinin təmsilçiləri də iştirak edib.
Qırğızıstandakı Kürd Assosiasiyasının sədri Ramazan Saidov deyib ki, “Kürdüstan prezidenti” Məsud Bərzaniyə müraciət edərək Qırğızıstandan olan kürd döyüşçülərin Peşmərgə qüvvələrinin sıralarında İŞİD-ə qarşı döyüşməsinə icazə verməyə çağırıb.
“Biz Peşmərgənin vətənimiz Kürdüstanın müdafiəsi üçün apardığı mübarizəyə sadiqik. Qırğızıstan kürdləri Peşmərgə sıralarına qoşulmaq üçün istənilən vaxt sizin əmrinizi gözləyir” - deyə Ramazan Saidov bildirib.
Azərbaycanda anadan olmuş və hazırda Qırğızıstanda yaşayan kürd fəal, jurnalist Həjar Şamil (Əsgərov) də Ərbildəki kürd müşavirəsində iştirak edib və İraq kürdlərinin müstəqillik çağırışlarına birmənalı dəstək verdiklərini bildirib.
Həjar Şamil
Qeyd edək ki, H.Şamil kürdlər arasında populyar olan mərhum şair Şamil Əsgərovun oğludur və hazırda Qırğızıstanın paytaxtı Bişkek şəhərində yaşayır.
H.Şamil hesab edir ki, İraq Kürdüstanı müstəqilliyini elan etmək üçün “böyük və tarixi şans” əldə edib.
Ermənistanda anadan olan, lakin 1992-ci ildə Azərbaycanla müharibə zamanı Qazaxıstana köçən İbrahim adlı kürd fəal da bu fikirdədir.
“Kürdlərin əlinə tarixi fürsət düşüb və bu fürsət əldən buraxılmamalıdır. Biz birləşməliyik” - deyə o bildirib.