30.06.2014.- Türkiyə, İsrail, İŞİD və kürd kartı - TƏHLİL İsrail İraqda baş verən hadisələrə tam fərqli mövqe nümayiş etdirdi.

30.06.2014.- Türkiyə, İsrail, İŞİD və kürd kartı - TƏHLİL İsrail İraqda baş verən hadisələrə tam fərqli mövqe nümayiş etdirdi.Şimali İraqda İŞİD-in ildırım sürətli hücumları və qələbələrindən sonra dəyişən siyasi proseslər bir çox ölkənin tələsik anti-İŞİD bəyanatları, bəzilərinin isə sükutu ilə müşaiyət edildi. Yaxın Şərqdəki proseslərin əsas körükləyicilərindən biri olan İsrailin mövqeyi isə daha düşündürücü oldu.

İŞİD-in Mosulu və ətraf şəhərləri ələ keçirməsindən sonra Tel-Əviv Baş nazir Benyamin Netanyahunun dili ilə radikalları pisləyərək kürdlərin müstəqillik elan edəcəyi təqdirdə Kürdistanı tanımağa hazır olduğunu bəyan etdi. Xatırladaq ki, bu bəyanat İŞİD-in Mosulu nəzarətə götürməsindən sonra verilmişdi.

Keçən həftənin sonu isə baş verən hadisələr baxımından, Ramazan ayının başlaması ilə müdafiə taktikasına keçən İŞİD-in Xilafət elan etməsi və İsrailin baş naziri Benyamin Netanyahunun "Kürdistan dövləti qurulmalıdır" bəyanatını verməsi ilə yadda qaldı. Bu iki siyasi prosesin ətrafında regiondakı hadisələrin hansı istiqamətə yönələcəyini təhlil etməyə çalışacağıq.

İsrail

İsrailin son 10 ildə Yaxın Şərqdə ən yaxın müttəfiqlərindən biri sayılan Türkiyə ilə münasibətlərinin gərginləşməsi, onu müəyyən mənada təklənmiş vəziyyətə saldı. "Mavi Mərmərə" hadisəsi və İsrailin Qəzza bölməsinə etdiyi hücumlarla Ankara və Tel-Əviv arasında gərilən münasibətlər diplomatların səyi nəticəsində normallaşsa da bu əlaqələri 10 il əvvəllə müqayisə ermək çətindir. İsrail kəşfiyyatının Yaxın Şərqdəki bir çox terror təşkilatı kimi PKK-nın da arxasında durması Türkiyə rəhbərliyi tərəfindən dəfələrlə səsləndirilib. İraqın nüfuz dairələri üzrə bölünməsindən sonra Şimala hakim olan kürdlərlə İsrail arasındakı münasibətlərin isinməsi, Tel-Əvivin M.Bərzaniyə verdiyi siyasi dəstək dəfələrlə türk mediasında ağır tənqid olunaraq günün mövzusuna çevrilmişdi.

Türkiyə

Ərdoğanın başladığı "barış sürəci" və bunun çərçivəsində elan olunmuş atəşkəsin Abdullah Öcalandan daha çox İsraillə aparılan gizli danışıqlar nəticəsində əldə edildiyi mötəbər mənbələr tərəfindən təsdiq edilmiş və bu haqda informasiya mətbuata sızmışdı. "Kürdistan" məsələsində İraqın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edən Ankara Kərkük məsələsini qaldırmaqla bu müstəvidə öz mövqeyini indiyədək qoruya bilib. İŞİD-in həmlələrindən sonra isə fakt qarşısında qalan Türkiyə mat vəziyyətində hadisələri izləməkdən başqa heç bir siyasi addım ata bilmədi. İŞİD bütün iri dövlətləri bu regionda yürütdükləri siyasəti kökündən dəyişməyə məcbur etdi. Belə ölkələrin başında məhz Türkiyə durur. Son proseslər isə həmişə İraqda baş verənlərə ən tez reaksiya verən və gedişinə təsir etmək gücündə olan Ankaranı şoka saldı. Hazırda ümumxalq səsvermə yolu ilə ilk dəfə prezident seçməyə hazırlaşan Türkiyənin regional siyasəti "qıc vəziyyətindədir".

İŞİD və "kürd kartı"

İŞİD-in həmlələrindən sonra Suriyaya bir neçə dəfə hava zərbəsi endirməklə, əslində, İsrail İŞİD-in Şam bölməsinə zərər vurmaq məqsədi güdürdü. Hazırda ətrafını müharibələr və xaosun yavaş-yavaş sarıdığı İsrail rəhbərliyi gələcəkdə yəhudi dövlətini nələrin gözlədiyini dərk edərək radikalların qarşısını almaq məqsədi ilə əlindəki kartlardan birini artıq açdı. Bu , "kürd kartı"dır. İllərdir kürd terrorunu dəstəklədiyi haqda xəbərləri qəti şəkildə təkzib edən İsrail indi bu terrorizmin arxasında durduğunu açıqdan-açığa bəyan edir. BMT-nin vahid dövlət kimi tanıdığı İraqın dağılmasına xidmət edən bu hərəkət bir daha sübut edir ki, Tel-Əviv beynəlxalq hüququ və ictimai rəyi, dünya birliyini vecinə almır. Çünki Kürdistanın yaradılması İraqın ərazi bütövlüyünün pozulması deməkdir. İsrail isə İŞİD-in Suriya və İraqı öz nəzarətinə alaraq daha güclü bir şəriət dövləti yaradacağından qorxur. Odur ki, "kürd kartı" İsrail tərəfindən geosiyasi oyunlar masasına atılıb. Səddamın devrilməsindən sonra kürdlərin nəzarətinə keçən torpaqların artıq yarıdan çoxunun İŞİD tərəfindən alınması Bərzani aşirəti və bütövlükdə İraq kürdləri üçün yaranmaqda olan dövlətin beşiyində boğulması deməkdir. İŞİD amansızcasına hücum edir, İraq əsgərləri və kürd peşmərgəsi geri çəkilir. Bərzani Ərbilin, Maliki isə Bağdadın müdafiəsinə hazırlaşır. Regionun ən güclü kəşfiyyat orqanlarına malik olan İsrail isə tələsik kürd dövlətinin yaranması zərurətini ortaya atır. Deməli, MOSSAD İŞİD-in gücünü gözəl bilir və qısa bir müddət ərzində bu qruplaşmanın Suriya və İraqa hakim olacağını anlayaraq belə bir mövqe tutur. Əgər, İŞİD qeyri-ciddi bir qruplaşma olsaydı, İsrail Türkiyə ilə əlaqələrini zərbə altında qoyaraq "Kürdistan" kəlməsini işlətməz və müstəqil bir kürd dövlətindən, ümumiyyətlə, danışmazdı.

P.S. Dünən İŞİD adını dəyişərək özünü İslam Xilafəti elan etdi.
İndiyədək Yaxın Şərq problemlərinə həsr etdiyimiz bütün analiz və təhlillərdə "Böyük Yaxın Şərq layihəsi" və "Böyük Müxalifətdən" bəhs etmişdik. Demək olar ki, təhlillərdə verdiyimiz proqnozların hamısı mərhələlərlə öz təsdiqini tapmaqdadır. İsrailin belə mövqe nümayiş etdirməsi isə onu göstərir ki, Xilafət artıq yaranmağa başlayır və gec-tez cihadçılar Qüds, Fələstinin azad olunması üçün yürüşə çıxacaqlar. İsrailin gələcəkdə yürüdəcəyi siyasət isə Xilafətin əhatə edəcəyi müsəlman ölkələrində antiərəb əhval-ruhiyyəsi və millətçiliyin cücərdilməsi olacaq. Bu gün "kürd kartı", sabah "türkçülük kartı", o biri gün "fars kartı"... Budur "Böyük Yaxın Şərq layihəsi", tərkibində İsrail adlı yəhudi dövlətinin olmadığı, qara cihad bayrağı altında qurulacaq İslam Xilafəti. Bunun baş tutub tutmayacağını isə heç kəs deyə bilməz, o cümlədən biz, amma belə layihənin olduğu və böyük sürətlə həyata keçirildiyi isə danılmaz faktdır.


Qafqaz Ömərov






Fikirlər