“ABŞ bölgəni laxladır, sabitliyi pozur”

Zərdüşt Əlizadə: “Əbülfəz Elçibəy də Baykal gölündən tutmuş, Aralıq dənizinə qədər türk imperiyası haqqında xülyalarla yaşayırdı”
“ABŞ bölgəni laxladır, sabitliyi pozur”

“Demokratik İttifaq Partiyası və Kürd Milli Şurasının nə siyasi, nə də hərbi gücü yoxdur ki, proseslərə təsir edə bilsinlər. Şimali İraq kürd muxtariyyəti, ABŞ-ın təzyiqi nəticəsində işğal altındakı İraqın mərkəzi hökuməti tərəfindən tanınıb. Amma yalnız muxtariyyət kimi”. Bunu tanınmış politoloq Zərdüşt Əlizadə bölgədə baş verənləri şərh edərkən deyib.
O bildirib ki, əlbəttə, “Böyük Kürdüstan” dövlətinin yaradılmasını arzu edənlər var. Amma bu, bir arzudur. “Əbülfəz Elçibəy də Baykal gölündən tutmuş, Aralıq dənizinə qədər türk imperiyası haqqında xülyalarla yaşayırdı. Gerçəklik və imkanlar tamamilə başqadır. Hazırkı imkanlar da “Böyük Kürdüstan” dövlətinin yaradılmasına imkan vermir. Həm Türkiyə, həm İraq, həm Suriya, həm də İran belə bir dövlətin yaradılmasına qarşıdır. Yalnız Şimali İraq kürd muxtariyyəti böyük səlahiyyətlərə malikdir və neft ehtiyatları üstündə mərkəzi hökumətlə qarşıdurma şəraitindədir”.
Politoloq hesab edir ki, nə qədər ki, ABŞ regionda güclüdür, kürdlər də istədiklərini edirlər. “ABŞ bölgədən çıxandan sonra real qüvvələr nisbəti əsasında tərəflər hansısa razılığa gələ bilərlər”.
“ABŞ-ın Yaxın Şərq planlarında kürdlər hansı yeri tuturlar” sualına cavab olaraq Əlizadə deyib ki, kürdlərin yeri ABŞ üçün ikinci İsrail kimi olacaq. “ABŞ bölgəni laxladır, sabitliyi pozur və belə bir qeyri-sabit məqamda kürdlərə dəstək verir. Kürdlər nə vaxtsa bir dövlət yaratsalar, ABŞ-ı bir "xaç atası" kimi tanıyacaqlar. Necə ki, Kosova albanları ABŞ-ın cibindədir. Kürdlər çoxəsrlik arzularına çataraq dövlət yarada bilsələr, aydın məsələdir ki, onlar öz mövcudluqlarına görə, ABŞ-a minnətdar olacaqlar”.
Ekspert deyir ki, kürdlər hələlik Ermənistan kimi, gerçək maraqlarını dərk etmirlər. “Əminəm ki, vahid kürd dövlət yaradılsa, o avtoritar, antidemokratik, insan hüquqlarına hörmət etməyən, mafioz qrupların mənafeyini qoruyan bir dövlət olacaq”.






Fikirlər