Bu gün Azərbaycan baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədovun doğum günüdür.
O unikal.org saytına qısa açıqlama verib:
"Bilirəm təbrik etmək üçün mənə zəng etmisiniz. Təbrikiniz üçün çox sağ olun. Amma telfonla suallara cavab vermirəm. İşlərim çoxdur. Özümü də əla hiss edirəm. Hər kəsə təşəkkürümü bildirirəm”.
Xatırladaq ki, Əli Cavad oğlu Əhmədov 1953-cü il yanvarın 27-də Ermənistan Respublikası Basarkeçər rayonunun Dərə kəndində anadan olub. Moskva Dövlət Tarix-Arxiv İnstitutunun tarix fakültəsini bitirib. Fəlsəfə doktoru, professordur. Bakı Dövlət Universitetində Politologiya və Sosiologiya kafedrasının müəllimi və müdiri vəzifəsində çalışıb. 1975-ci ildən Baş Arxivlər İdarəsinin baş elmi işçisi, Azərbaycan EA-nın Mərkəzi Elmi Baş Arxivinin müdiri olub. 1980-ci ildən Azərbaycan Dövlət Universitetində laborant, müəllim, baş müəllim, dosent, kafedra müdiri işləyib. 1997-ci ildən Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında şöbə müdirinin müavini vəzifəsində çalışıb. 1999-2000-ci illərdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı olub.
2000-ci, 2005-ci və 2010-cu illərdə Milli Məclisin deputatı seçilib.
Azərbaycan Respublikasının "Şöhrət” ordeni və Polşa Respublikasının "Xidmətlərə görə” Legioner ordeni ilə təltif olunub.
Yeni Azərbaycan Partiyasının 1999-cu ildə I qurultayında İcra katibi, 2005-ci ildə III qurultayında və 2013-cü ildə V qurultayında YAP sədrinin müavini və icra katibi seçilib.
Fikirlər