Tramp Putinlə Qarabağdan danışıbmı, Ağ Evin sahibi də “açar Rusiyadadır” DEYƏCƏKMİ?

Tramp Putinlə Qarabağdan danışıbmı, Ağ Evin sahibi də “açar Rusiyadadır” deyəcəkmi?

ABŞ-ın postsovet məkanındakı münaqişə ocaqlarının söndürülməsi missiyasını Kremlə həvalə edəcəyi inandırıcı görünmür; ancaq təhlilçilər iki paytaxtın lideri arasındakı telefon danışığında Qarabağ məsələsinin prioritetlər sırasında olduğunu da zənn etmirlər...

 

Ağ Evin yeni sahibi Donald Trampın prezidentlik səlahiyyətləri dövründə dünyada nələrin baş verəcəyi, Vaşinqton-Rusiya münasibətlərinin necə olacağı barədə müxtəlif gözləntilər var. Bu mənada dünyanın iki əsas güc mərkəzinin rəhbərlərinin, Tramp və Putinin telefon danışığı gündəmin əsas müzakirə mövzularındandır.
ABŞ prezidentinin səlahiyyətlərinin 10-cu günündə Kreml rəhbəri ilə əlaqə yaratması barədə xəbər verilsə də, danışıqların detalları hələ ki tam açıqlanmayıb. Bu mənada müzakirələr zamanı Cənubi Qafqaz, Azərbaycan və Qarabağ münaqişəsindən də bəhs olunub-olunmadığı bizləri xüsusilə maraqlandırır. Düzdür, hələ inauqurasiyadan öncə amerikalı ekspertlər Qarabağ məsələsinin Tramp üçün prioritet olmayacağı barədə proqnozlar verirdilər. 
Ancaq Rusiyanın davranışlarından görünən budur ki, Moskva postsovet məkanındakı münaqişə zonalarında şəriksiz dominantlıq etmək siyasətinə üstünlük verməyə çalışır. Elə Rusiya XİN başçısı Sergey Lavrovun “Qarabağ Azərbaycanın daxili məsələsi deyil” məzmunlu açıqlamasının da məntiqi yekunu budur. Lakin ABŞ üç həmsədr ölkədən biridir və mümkün deyil ki, o da Almaniya kansleri kimi “Qarabağın açarı Rusiyadadır” mövqeyindən çıxış etsin. Burada həm də supergücün imicindən söhbət gedir. 
Bugünlərdə Bakıda səfərdə olan Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harris “özümüzü Azərbaycanın dostu və tərəfdaşı hesab edirik”,- deyə bildirib. Onun sözlərinə görə, Azərbaycana gələn 8 nəfərlik nümayəndə heyəti yeni administrasiyanın təmsilçiləridir. “Ümid edirik ki, bu, Azərbaycan-ABŞ  münasibətlərində yeni səhifə açacaq. Həmçinin səfərimiz İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfərindən sonra baş tutub. Biz İsraillə Azərbaycan və ABŞ arasındakı münasibətləri yüksək qiymətləndiririk və vacib hesab edirik. Azərbaycan ABŞ üçün vacib və dost ölkədir” (APA). 
Image result for Putin Trupm phone
D. Harris Azərbaycan prezidenti İlham Əliyevlə keçirdiyi görüşə toxunaraq, qeyd edib ki, görüşdə ABŞ-Azərbaycan, İsrail-Azərbaycan münasibətləri, regional məsələlər, Qarabağ münaqişəsi, Rusiya və İranla münasibətlər müzakirə edilib. Hər halda, ABŞ Ermənistan haqqında eyni mövqedən çıxış etmir və işğalçı ölkənin Rusiyanın forpostu olduğunu gözəl anlayır. “Azərbaycanın yaxın dostu və müttəfiqi” həm də onu bilir ki, Bakı üçün ərazi məsələsi bir saylı məsələdir və burada güzəşt ola bilməz. Deməli, Vaşinqton istəsə belə, Qarabağın taleyini Rusiyaya həvalə edə bilməz və əgər bu, baş versə, münasibətlərdə çat yarana bilər.
Düzdür, rusiyalı ekspertlər ABŞ-ın Cənubi Qafqazda fəallığının azalacağını ehtimal edirlər. Məsələn, Rusiya EA yanında Beynəlxalq Təhlükəsizlik Mərkəzinin rəhbəri Aleksey Arbatov “indiki administrasiya bölgə haqda az məlumatlıdır və burada baş verən hadisələrə tamamilə laqeyddir. Bundan dolayı Vaşinqton istənilən aktivlikdən, xüsusilə də sülhməramlı fəallıqdan uzaq duracaq. Əgər Krım-Ukrayna məsələsi, hər halda, Ağ Evdən ötrü prinsipiallığını saxlayacaqsa, Cənubi Qafqaz məsələsi uzaq bir yeşiyə qoyulacaq. Hətta bu bölgədə müharibə başlasa, bu, Trampın deyil, Avropanın başağrısı olacaq”, - deyə bildirib. Ancaq Moskvadakı Siyasi İnformasiyalar Mərkəzinin direktoru Aleksey Muxin əksinə, əmindir ki, Trampın dönəmində ABŞ-ın xarici siyasəti daha sərt və məqsədyönlü olacaq: “Tamamilə aydındır ki, Birləşmiş Ştatlar Güney Qafqazda daha fəal rol oynayacaq. Ənənəvi olaraq, anqlo-sakson dünyası Cənubi Qafqazdan Rusiyaya təsir eləmək üçün istifadə edir. Yaxın gələcəkdə Vaşinqton bu kursu davam etdirəcək”. Beynəlxalq Məsələlər üzrə Rusiya Şurasının proqram direktoru İvan Timofeyev isə düşünür ki, əgər ilk mərhələlərdə Rusiya və ABŞ vasitəçilər kimi birgə hərəkət edirdilərsə, daha sonra Qarabağ üzrə uzlaşma bir qədər pozulub. Ancaq indi koordinasiyanı bərpa etmək lazımdır. 
Göründüyü kimi, müxtəlif yanaşmalar var. Rusiya çox istərdi ki, ABŞ Qafqazla bağlı fəaliyyətini ən azı onunla koordinasiya etsin. Elə rus ekspertlərin şərhləri də Kremlin mesajını çatdırmaq niyyəti ola bilər. Lakin Moskvanın istək və arzularının Ağ Evdə necə qarşılanacağı maraq doğurur. Azərbaycanın siyasi analitiklərinin də məsələ ilə bağlı özəl yanaşmaları var. 
Image result for Elçin Mirzəbəyli
Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a dedi ki, Rusiya və ABŞ prezidenti arasında telefon danışığının detalları açıqlansa da, söhbətin tam mahiyyəti aydın deyil: “Çox güman ki, Putin və Tramp əsas diqqəti Suriya məsələsinə yönəldiblər. İndiki şəraitdə bu, daha çox inandırıcı görünür. Reallıq ondan ibarətdir ki, Qarabağ məsələsi bu gün ABŞ və Rusiya üçün prioritet deyil. Əlbəttə, daha çox ABŞ üçün. Trampın prezident kürsüsünə oturduqdan sonra qəbul etdiyi qərarlar ABŞ prezidentinin mədəniyyətlərarası dialoqda maraqlı olmadığını, ABŞ-ın ənənəvi strategiyasını - sivilizasiyalararası qarşıdurma vasitəsilə üstün güc mövqeyini qoruyub saxlamağa çalışacağını nümayiş etdirir. Lakin Tramp şübhəsiz ki, bütün müsəlman dünyasını qarşısına almaq niyyətində deyil. İndiki mərhələdə daha çox ”radikal İslam"a qarşı savaşın şahidi olacağıq. Ola bilsin ki, Vaşinqton atdığı addımların bütövlükdə İslama qarşı olmadığını görüntüləmək üçün azsaylı sekulyar və modern idarəçilik yolu seçən ölkələrlə əməkdaşlığa üstünlük versin. Məhz bu məqam bizim üçün faydalı ola bilər". O ki qaldı Tramp-Putin münasibətlərinin Dağlıq Qarabağ münaqişəsinin təsirinə, bu barədə konkret fikir söyləmək çox çətindir: “İndiki halda Trampla Putinin Qarabağla bağlı nə isə planlaşdırdıqlarını iddia etmək mümkün deyil. Bunu əsaslandıran səbəb də yoxdur”.
Image result for Politoloq Şahin Cəfərli
Politoloq Şahin Cəfərli də Ağ Ev administrasiyasının prioritetləri sırasında Qarabağ, yaxud Qafqaz məsələsinin olduğunu güman etmir: “Kreml və Ağ Evdən verilən açıqlamalar göstərir ki, Tramp və Putin arasındakı telefon danışığında Qafqaz mövzusu gündəmə gəlməyib. Postsovet məkanı ilə bağlı yalnız Ukrayna məsələsinə diqqət yetirilib ki, bu da təbiidir, çünki iki ölkə arasındakı problemlərin əsas hissəsi məhz Ukraynadan qaynaqlanır. Məlum olduğu kimi, ABŞ Rusiyanın Krımı ilhaq etməsi və Donbasda separatizmə dəstək verməsi ilə əlaqədar Obama dövründə bu ölkəyə qarşı sanksiyalar tətbiq edib. 
ABŞ-ın yeni administrasiyası üçün postsovet məkanı prioritet deyil. Tramp və onun komandası ABŞ-ın milli təhlükəsizliyi baxımından 2 böyük təhlükə olduğunu düşünürlər: ”radikal islam" və Çin. Onlar bu iki məsələdə Rusiyanın dəstəyini almaq üçün bu ölkə ilə münasibətləri yaxşılaşdırmaq niyyətindədirlər. Düşünürlər ki, Rusiyanı Çinə qarşı ABŞ-la əməkdaşlığa cəlb etmək zəruridir, bu mümkün olmasa belə, ən azı, bu 2 gücün ABŞ-a qarşı birləşməsinə yol vermək olmaz. “Radikal islam” - yəni, terrorçuluqla mübarizə isə iki ölkənin anlaşa biləcəyi bir sahədir, çünki bu, ümumi təhdiddir. Çox güman ki, biz yaxın həftələrdə Suriya münaqişəsinin həli də daxil olmaqla, terrorçuluqla mübarizə sahəsində ABŞ-Rusiya dialoqunun bərpa olunmasını görəcəyik". 
Dağlıq Qarabağ münaqişəsinə gəldikdə isə, Ş.Cəfərli Tramp hökumətinin bu məsələdə Obama hökumətindən ciddi şəkildə fərqlənəcək siyasət aparacağına şübhə etdiyini vurğuladı: “Böyük ehtimalla Vaşinqton münaqişənin həlli prosesində Rusiyanın dominantlığının qalmasına etiraz etməyəcək. Tramp hazırkı mərhələdə çalışacaq ki, Rusiya ilə münasibətlərdə yeni problemlər yaranmasın. Ona görə də mən ABŞ-ın Qarabağ məsələsinin həllində fəallaşmasını və nizamlanmanı Rusiyanın inhisarından çıxarmağa cəhd etməsini gözləmirəm. Konqres faktoru və öz partiyasının daxilində ciddi etirazlar olmasaydı, Tramp yəqin ki, Ukrayna məsələsinə də diqqət yetirməyəcəkdi və Rusiyaya qarşı tətbiq olunmuş sanksiyaları ləğv edəcəkdi. Konqres və respublikaçıların aparıcı simaları onu hələ ki tormozlayır”. 
Ancaq politoloq hesab edir ki, Tramp və Putin arasında anlaşma baş tutmaya da bilər: “Əslində yaxın tarixə nəzər salsaq, görərik ki, SSRİ-nin dağılmasından bəri, Ronald Reyqandan başlayaraq, bütün ABŞ prezidentləri - böyük Corc Buş, Bill Klinton, kiçik Corc Buş və Barak Obama hakimiyyətə gəldikdən dərhal sonra Moskva ilə dialoqa və əməkdaşlığa başlayıblar. İlk vaxtlarda bu əməkdaşlıqda irəliləyişlər də əldə olunub, lakin sonda bütün ABŞ prezidentləri Rusiya ilə əməkdaşlıqdan məyus olublar. Donald Tramp dövründə də eyni halın təkrarlanması mümkündür. ABŞ prezidenti özü də bunu istisna etməyib. Əgər belə olsa, biz ABŞ-Rusiya rəqabətinin yeni mərhələsini izləyəcəyik və Trampın şəxsi keyfiyyətlərini nəzərə alaraq, bu rəqabətin əvvəlkilərdən daha kəskin olacağını gözləmək olar”.
Bu arada Azərbaycanın cəbhə bölgəsində azad olunmuş ərazilərdə, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində bərpa işlərinə qərar verməsi, Sülh Platformasına yeni şəxslərin qoşulması, hətta ermənilərin işğalı və Sərkisyan iqtidarını lənətləməsi Bakının önə çıxmasını şərtləndirən amillərdəndir. Vasitəçilər də on illərdir davam edən münaqişədə yeni situasiyanın yaranmasının fərqindədirlər. Amma son illərə qədər Rusiya və ABŞ digər məsələlərdə anlaşa bilməsələr də, Qarabağ məsələsində çox asanlıqla “dil tapıblar”. 
Lakin Trampın “hansı dildə danışdığı” hələ ki dünyaya, o cümlədən Putinə məlum olmadığı üçün onun postsovet məkanına münasibəti barədə qəti bir söz demək mümkün deyil.
Üstəlik, bəzi ekspertlər Trampın Rusiyanı parçalamaq siyasəti yürüdəcəyini də güman edirlər. 
Hər halda, ABŞ-ın postsovet məkanındakı münaqişə ocaqlarının söndürülməsi missiyasını Kremlə həvalə edəcəyini gözləmək olmaz. Çünki siyasətə biznesdən gəlmiş Tramp da yaxşı bilir ki, bu münaqişə ocaqlarını alovlandıran, odun üstünə su yox, benzin tökən, nəticədə hegemonluğunu saxlamağa, silah bazarını genişləndirməyə çalışan əsas qüvvə elə “vasitəçi” Rusiyanın özüdür... 






Fikirlər