Fuad Muradov: “Azərbaycanda gənclərin inkişafı üçün bütün imkanlar YARADILIB”

“Bu gün Azərbaycandan uğurlu dövlət gənclər siyasəti həyata keçirilir. Bizim gənclik azad düşünür, demokratik cəmiyyətdə yaşayır, məhdudiyyətsiz olaraq fəaliyyət göstərir. Xüsusilə, dövlətdən də ən yüksək səviyyədə dəstək alır”. 

Bu fikirləri Modern.az-a Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov 2 fevral Gənclər günü ilə bağlı deyib. F.Muradov bildirib ki, dövlətin gənclərə diqqətinin mühüm bir göstəricisi 2 fevral tarixinin Azərbaycanda Gənclər günü kimi qeyd olunmasıdır. Onun sözlərinə görə, hər il bu tarix Azərbaycan gəncliyi tərəfindən böyük təntənə ilə qeyd olunur. 
“Azərbaycanda gənclərin inkişafı üçün bütün imkanlar yaradılıb. “Gənclər siyasəti haqqında” qanunla gənc nəslə dövlət qayğısının prinsipləri müəyyənləşdirilib. Eyni zamanda müvafiq dövlət proqramları vasitəsilə gənclərimiz dəstəklənir. Azərbaycan dövlətinin gənclər siyasətindən danışarkən Prezident İlham Əliyev tərəfindən 2005-ci ildə imzalanmış "Azərbaycan Gəncliyi 2005-2009-cu illərdə" və 2011-ci ildə imzalanmış "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət proqramları xüsusi qeyd edilməlidir. Qəbul edilən "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı isə dövlətin bu sahədə işlərinin mövsümi xarakter daşımadığını, gəncləri cəmiyyətin hərəkətverici qüvvəsinə çevirməkdə birbaşa maraqlı olduğunu göstərdi. 
Hazırda 2015-2025-ci illəri əhatə edən Azərbaycan gənclərinin İnkişaf Strategiyası uğurla icra olunmaqdadır. Bütövlükdə, ölkə rəhbərliyinin həyata keçirdiyi məqsədyönlü və ardıcıl siyasət nəticəsində gənclər bu gün demokratikləşmə prosesində, mədəniyyət, incəsənət, elm və idman sahəsində inamla irəliləyir, zəngin mədəni irsimizin qorunub saxlanması və inkişaf etdirilməsi yolunda mühüm addımlar atırlar. Prezident İlham Əliyev qloballaşma əsrində dünya elminə, təhsilinə inteqrasiyanı vacib sayaraq azərbaycanlı gənclərin xaricdə təhsil almasına ciddi əhəmiyyət verir. Bunda məqsəd, şübhəsiz, yeni düşüncəli, kreativ ruhlu gənclik yetişdirmək, dövlət idarəçiliyini yüksək ixtisaslı kadrlarla təmin etməkdir. Onu da xüsusi olaraq qeyd etmək istəyirəm ki, bu gün gənclərimizin hərbi vətənpərvərlik ruhu çox yüksəkdir. Ötən ilin aprel döyüşləri bunu bir daha təsdiqlədi. Bildiyiniz kimi, bugünlərdə dövlət başçısı Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinin bərpa olunması haqqında sərəncam imzalayıb. Bu sərəncam da bütün ölkə ictimaiyyəti, o cümlədən gənclərimizdə böyük ruh yüksəkliyi yaradıb. Çünki bu, «Qarabağa qayıdırıq» mesajıdır. Təbii ki, gənclərimiz bu məqsədlə Ali Baş Komandanımızın əmrini hər an yerinə yetirməyə hazırdırlar»- deyə, komitə sədri vurğulayıb.

AzerTaym.az

 






Fikirlər