Siyasət meydanında böyük QALMAQAL

Zərdüşt Əlizadənin Elçibəyi təhqir etməsi müxalifət düşərgəsini ayağa qaldırdı; politoloq İsa Qəmbəri, İsgəndər Həmidovu kürd adlandırdı; sərt cavablar aldı

Politoloq Zərdüşt Əlizadə Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəy haqqında tənqidi fikirlər səsləndirib. O, lent.az-a müsahibəsində Elçibəyi siyasi savadı olmamaqda, Qarabağda vəziyyəti ağırlaşdırmaqda və başqa məsələlərdə günahlandırıb. Z.Əlizadə mərhum xalq şairləri Xəlil Rza Ulutürkü və Bəxtiyar Vahabzadəni də tənqid edib. Əbülfəz Elçibəyin, İsa Qəmbərin və İsgəndər Həmidovun milliyyətcə kürd olduğunu da deyib: “...Elçibəy ölmüş türk dünyasını diriltmək haqqında danışan siyasi Şeyx Nəsrullah idi. 90-cı illərin əvvəllərinin cahil camaatı isə onun dediklərinə inanırdı...

... Ətrafındakı adamlar da bu siyasi Şeyx Nəsrullahdan istifadə edib, xalqın aldadılmasına xidmət edirdilər. Yalan ayaq tutar, yeriməz! Ona görə də cəmi bir ildən sonra Elçibəyin qurduğu hakimiyyət çökdü. Mən həmişə o fikirdə olmuşam ki, Elçibəyin liderliyi Azərbaycanın demokratik hərəkatına böyük bəlalar gətirəcək. Dediyim kimi də oldu.... Siz niyə bu acı həqiqəti anlamırsınız ki, Elçibəy rus qoşunlarını Azərbaycandan Qarabağın getməsi əvəzinə çıxarıb.

Elçibəyin siyasi savadı yox idi. Kimsə öz siyasi mənfəəti naminə durub deyəndə ki, Elçibəy Məhəmməd Əmin yolu gedirdi, mənə çox ağır gəlir. Məhəmməd Əmin hara, Elçibəy hara?

Elçibəy özü kürd idi. İsa Qəmbər və İsgəndər Həmidov da kürddür. Xəlil Rza Ulutürk milli ədavəti qızışdıran bir adam olub. Heç vaxt fikirləşmirdi ki, bu xalqın sonu nə olacaq? Bəxtiyar Vahabzadə ilə 40 il qonşu olmuşuq. O, türkçülük sevgisi ilə yaşamayıb, eşqdən, məhəbbətdən şeirlər yazıb, özü, ailəsi üçün yaşayıb. Xalq üçün yaşayan adam Bəxtiyar Vahabzadə kimi təminatlı yaşamazdı. Sadəcə, yaxşı yaşamaq üçün xalqa turançılıqdan, türkçülükdən şeirlər deyirdi. Bu da onun yaxşı çörək yeməyinə kömək eləyirdi".

Zərdüşt Əlizadənin dedikləri, xüsusilə də Elçibəy haqda söylədikləri Elçibəyin keçmiş silahdaşlarını hiddətləndirib.

Image result for Oqtay Qasımov

Ə.Elçibəyin sabiq köməkçisi Oqtay Qasımov bildirdi ki, Zərdüşt Əlizadənin hələ 1988-ci ildən kommunist nomenklaturasından haraya bağlı olduğu hər kəsə bəlli idi. Onun Elçibəyə qarşı bu qədər kin-küdurəti, qərəzi oradan qaynaqlanır: “Əbülfəz Elçibəyin siyasətdən xəbərsiz olduğunu, Elçibəyin türk olmadığını söyləmək üçün insan ancaq Zərdüşt Əlizadə kimi bir məxluq olmalıdır. Bu adam görün hansı dərəcədə xəstə düşüncədədir ki, rus qoşunlarının Azərbaycandan çıxarılmasını səhv hesab edir. Sanki rus qoşunlarının xiffətini çəkir. Zərdüşt Əlizadə müsahibəsində çox adam haqqında ağzına gələni danışıb. Bölücülük edərək əslində kürd millətini dolayısı ilə aşağılayıb. Özünün də milliyyətini danır bu adam. Beləsinə deyirlər ki, əslini danan haramzadadır. Adama deyərlər ki, sən Azərbaycan üçün nə etmisən, hədəfə aldığın Elçibəyin və digər şəxslərin xalq qarşısında xidmətlərinin mində birini sən bu xalqa xidmət etmisənmi? Bir Sosial Demokrat adlı partiya yaratmışdın, o partiyanın bu ölkəyə zərrə qədər hansısa xidməti olubmu? Zərdüşt və Araz qardaşları, siz deyilmiydiniz 1993-cü ilin 4 iyun qiyamında milli dövlətə və milli hakimiyyətə qarşı silah qaldıranları dəstəkləyən? Xaricdən verilən beş-on manat qrant üstündə qardaşı Araz Əlizadə ilə savaşdı. Zərdüşt Əlizadə qardaşı Araz Əlizadənin gənc oğlu rəhmətə gedəndə onun yasına getməmişdi. Belə birisinin indi Əbülfəz Elçibəy kimi böyük şəxsiyyət haqqında danışmağa, başqalarına qarşı ağzına gələni deməyə haqqı yoxdur”.

Image result for İsgəndər Həmidov

AMDP sədri İsgəndər Həmidov isə bildirdi ki, xalq hərəkatı yaranandan indiyə qədər Zərdüşt Əlizadə Elçibəyin arxasınca danışır. Bu, Əlizadənin xislətindən irəli gəlir: “Onun daxilində o qədər xəbislik var ki, bu, imkan vermir başını qaldırıb Elçibəyin hansı zirvədə olduğunu görə bilsin. Əbülfəz bəy dünyasını dəyişəndə yüz min adam göz yaşı ilə dəfndə iştirak eləmişdi. Zərdüşt Əlizadə bir düşünsün ki, o, öləndə dəfnində heç olmasa 100 adam iştirak edəcəkmi. O ki qaldı Elçibəyi, İsa bəyi, məni kürd adlandırmasına, əvvəla, Azərbaycandakı kürdlər də bu ölkənin tam hüquqlu vətəndaşlarıdır və onların da sırasından çoxlu sayda Qarabağ şəhidləri var. Mən kürd olsaydım bunu qətiyyən danmazdım. Kürd, ləzgi, talış və başqa millətin nümayəndəsi olmaq qəbahət deyil. Qəbahət odur ki, it kimi onun-bunun üstünə qısqırdılasan. Əbülfəz bəy də, İsa bəy də hər kəsə bəllidir ki, türkdürlər. Mənim atamın başdaşının üzərində Kolanı Məcid yazılıb. Zərdüşt Əlizadə qəlbi xəbis olsa da savadlı adamdır. Yəqin bilir ki, kolanı qədim türk tayfalarından biri olub”.

Image result for AXP sədri Pənah Hüseyn

AXP sədri Pənah Hüseyn isə bildirdi ki, Zərdüşt Əlizadənin Elçibəyə münasibətini ancaq patologiya anlayışı ilə izah etmək mümkündür. Çünki heç bir məntiqə və irrasional bir izaha söykənmir: “O baxımdan da Əlizadənin ara-sıra siyasi mövzulardakı şərhləri bəzi adamlar tərəfindən oxunsa da, onun Elçibəy haqqında dedikləri çoxdan öz əhəmiyyətini və aktuallığını itirib. Elçibəy Azərbaycan tarixində öz yerini tutub. Cəmiyyətin mütləq əksəriyyəti Zərdüşt Əlizadə və onun kimilərin dediklərindən asılı olmayaraq, Əbülfəz Elçibəyi Azərbaycan tarixinin ən görkəmli şəxsiyyətlərindən hesab edirlər. Əbülfəz Elçibəy təkcə Azərbaycan cəmiyyəti deyil, eyni zamanda da həm türk-müsəlman dünyasının önəmli adamlarından sayılır, həm də çağdaş dünya demokratik hərəkatın öncüllərindən biri kimi qəbul edilir.

Zərdüşt Əlizadənin dedikləri Əbülfəz Elçibəy haqqında deyil, özü haqqında yeni nəsildə əlavə fikir formalaşdırır. Zərdüşt Əlizadənin səsləndirdiyi fikirlər onun yalanlarından ibarətdir, heç bir tarixi həqiqət yoxdur. Rus qoşunlarının Azərbaycandan çıxarılması məsələsi müstəqilliyimizin möhkəmləndirilməsi, həqiqi müstəqillik əldə etmək üçün və o dövrdə nəinki Qarabağın, digər torpaqlarımızın işğalının qarşının alınması məqsədilə irəli sürülmüşdü. Bu, beynəlxalq müqavilələrə əsaslanırdı. Əlbəttə ki, məsələnin gerçəkləşməsində Elçibəyin siyasi iradəsinin mühüm rolu olub. Təsadüfi deyil ki, Elçibəy hakimiyyətdən getdikdən sonra da o və komandasının yeritdiyi bu siyasət Azərbaycan siyasətinin fundamental prinsipləri kimi qalır. Bu siyasət Azərbaycanın hazırkı hərbi doktrinasında, konstitusiyasında və digər sənədlərində də əksini tapıb. O baxımdan da Zərdüşt Əlizadənin dedikləri əsassızdır. Zərdüşt Əlizadənin dediyindən belə çıxır ki, o, rus qoşunlarının Azərbaycanda olmasını istəyir".

Image result for KXCP sədri Mirmahmud Mirəlioğlu

KXCP sədri Mirmahmud Mirəlioğlu isə modetrn.az-a açıqlamasında deyib ki, Zərdüşt Əlizadə adına və soyadına hörmət etməyən və adının, soyadının mənasını bilməyən adamdır: “Zərdüşt soyadını dəyişsin, Əlizadə Əli uşağı deməkdir, Əli oğulları belə danışmaz. Bu adam ağzına və ağlına gələni danışırsa, buna o qədər də əhəmiyyət vermək lazım deyil. Elçibəyin haqqında danışmaq üçün mənəvi haqqa malik olmaq lazımdır. Zərdüşt Əlizadə bu gün də Elçibəydən qorxur, mübarizə aparır, amma Elçibəy fiziki olaraq dünyada yoxdur. Elçibəy böyük bir zümrənin mənəvi atasıdır. Amma özünün fiziki atasına, valideynlərinə hörmət etməyən Zərdüşt Əlizadə nə bilsin ki, mənəviyyat nə deməkdir? Özü bir atalıq və oğulluq görməyən adam nə bilər ki, ata və oğul nə deməkdir? Zərdüşt Əlizadənin Elçibəyə qarşı olan mübarizəsi bitmədimi?.. Bu qədər kin, küdurət, nifrət və bu qədər antitürkçü olmaq nədəndir?.. Adam bu qədər qarışıqdır ki, hələ də mübarizəsini davam edir?... Bu, qanı qarışıqlığın nəticəsidir, yoxsa nədir?..”

 






Fikirlər