Gürcüstan prezidenti Bakıya GƏLİR
Gürcüstan prezidenti Giorgi Marqvelaşvili Azərbaycana gələcək. Bu haqda Diasporla iş üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumatda bildirilib. Gürcüstanın prezidenti Giorgi Marqvelaşvili V Qlobal Bakı Forumunda iştirak etmək məqsədilə martın 16-17-də Azərbaycana səfər edəcək. Giorgi Marqvelaşvilinin prezidentlərin iştirakı ilə “Beynəlxalq münasibətlərin gələcəyi” mövzusunda keçiriləcək iclasda çıxışı gözlənilir. İclasda Latviya, Makedoniya, Albaniya, Monteneqro və digər ölkələrin fəaliyyətdə olan prezidentlərinin çıxışları planlaşdırılıb. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirlən forumda bir sıra ölkələrin hazırkı və sabiq prezidentləri, hökumət başçıları, tanınmış siyasətçilər, ictimai xadimlər və ekspertlər iştirak edəcək. “Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunan forumda dünyanı narahat edən bir sıra qlobal problemlərin - transatlantik münasibətlərin gələcəyi, terrorizmlə mübarizə, beynəlxalq münasibətlərdə Çinin rolu və digər məsələlərin müzakirəsi nəzərdə tutulub. Qeyd edək ki, Giorgi Marqvelaşvili 2016-cı ildə keçirilmiş IV Qlobal Bakı Forumun da iştirakçısı olub. AzerTaym.az