Əli Həsənov: "Dini kəsimi dövlətlə qarşıdurmaya sövq etmək ürəkaçan SƏHNƏ DEYİLDİ"
“Sovetski” adlandırılan ərazinin abadlaşdırılmasına etiraz etmək dini təəssübkeşliyin heç də ən yaxşı nümunəsi deyil". Bu sözləri "facebook" sosial şəbəkəsində paylaşdığı statusda Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov yazıb: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Yasamal rayonu Abdulla Şaiq küçəsi 79 ünvanında yerləşən Hacı Cavad məscidinin sökülməsi ilə bağlı yaranmış vəziyyətdən narahat olub. Dövlət başçısı sözügedən məscidin söküntüsünün dayandırılması, məsələnin hərtərəfli araşdırılması, binanın texniki vəziyyətinin tam obyektiv qiymətləndirilməsi və müvafiq təkliflərin təqdim olunması məqsədilə xüsusi komissiyanın yaradılması barədə tapşırıq verib. Əlbəttə ki, müvafiq komissiya yaranmış vəziyyəti təhlil edərək, məscidin həmin ərazidə saxlanmasını və ya yeni məscid tikintisi üçün yer ayrılmasını məqsədə müvafiq biləcək, gəldiyi qərar barədə dövlət başçısına məruzə edəcək. Amma komissiyanın qərarından asılı olmayaraq, yaranmış vəziyyətlə bağlı, dünən “Sovetski” adlanan ərazidəki son yöndəmsiz və qəzalı vəziyyətdə olan binanın söküntüsünə müqavimət göstərən və bu müqaviməti az qala “evindəki halalını qorumaq qədər” özünün müqəddəs dini fərzi kimi qələmə verən bəzi “ təəssübkeşləri”n aksiyasına münasibət bildirməyi öz vətəndaşlıq borcum hesab edirəm. Məndə xüsusi təəssüf doğuran hal budur ki, müəyyən insanları təlimatlandıraraq oraya göndərən, Azərbaycanda dini kəsimi dövlətlə qarşıdurmaya sövq etmək istəyənlərin təşkil etdiyi aksiyada ətrafdan toplaşan bəzi inanclı insanlar da iştirak edirdi. Bu, heç də ürəkaçan səhnə deyildi”. Ə.Həsənov “Sovetski” niyə sökülməsinə də aydınlıq gətirib: “Cənab Prezidentin Bakı şəhəri ilə bağlı çox böyük təşəbbüsləri olmuş və bu təşəbbüslər uğurla həyata keçirilmişdir: Bakının ekoloji vəziyyətinin yaxşılaşdırılması, Bakı bulvarının dünyanın ən gözəl dənizkənarı bulvarları sırasına daxil olması, nəqliyyat sistemin yenilənməsi, onlarla yol ötürücülərin, körpülərin, keçidlərin tikintisi, şəhərin mərkəzinin gecəqondulardan təmizlənib “qış bulvarı” kompleksinin salınması, dünyanın aparıcı otel brendlərin paytaxtımıza cəlb edilməsi və s. Bunların nəticəsidir ki, bu gün Bakı XX əsrin əvvəllərindəki şöhrətini özünə qaytarmış, dünyanın ən gözəl şəhərlərindən və beynəlxalq humanitar mərkəzlərindən birinə çevrilmişdir. Keçmişdə “Sovetski” adlandırılan ərazidə aparılan işlər də Bakının abadlaşdırılması istiqamətində görülən işlərin davamıdır.Bakı müasirləşməlidir, “Sovetski” tipli gecəqondu massivləri şəhərin mərkəzində yığışdırılmalıdır- bu, günün tələbidir. Azərbaycan dövləti əyri, köndələn yolları, havasız, üfunətli məhəllələri, paytaxtda ucqar əyalətçi məişəti, XX əsrin əvvəllərinin nizamsız urbanizasiyasından miras qalmış “gecəqondu memarlığı”nı öz vətəndaşlarına rəva görmür. Bunların əvəzində təmiz şəhər, rahat yollar, ekologiyanın yaxşılaşmasına töhfə verən yaşıl parklar, geniş mənzillər, dünyanın ən yeni memarlıq incilərini, böyük təhsil və ibadət komplekslərini təklif edir. Son illər ərzində Bakıda 250-dən çox məktəb, onlarla uşaq bağçası, mədəniyyət evləri yenidən qurulub, tikilib, təmir olunub”. Ə.Həsənov onu da vurğulayıb ki, cənab Prezidentin tapşırığı və şəxsi nəzarəti ilə Azərbaycanda məscidlər yenidən qurulur, bərpa olunur: “Belə ki, Bibiheybət məscid-ziyarətgah kompleksi, Təzəpir məscidi, Heydər məscidi, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidləri, Əjdərbəy məscidi, Şamaxı Cümə məscidi, Gəncə “İmamzadə” kompleksi və onlarla digər dini abidə dövlət tərəfindən əsaslı şəkildə təmir və bərpa edilərək dindarların istifadəsinə verilmişdir. Bu ilin əvvəlinə Azərbaycanda məscidlərin sayı 2166-ya çatmışdır, halbuki sovet dövrü məscid statuslu tiklilərin sayı cəmi 17 idi. Hazırda ölkədə 306 məscid dövlət tərəfindən tarixi abidə kimi qorunur. Cənab Prezident müsəlman bayramlarını dindarlar və müsəlman ölkələrinin səfirləri ilə birgə qeyd edir, özü və ailə üzvləri müqəddəs Kəbəni ziyarət etmişlər. Ölkədə dini təhsilin genişləndirilməsi, yenidən təşkil olunması istiqamətində ciddi addımlar atılmışdır. Ölkədə yüzlərlə yeni məscidin inşası və ya köhnələrin bərpası xüsusi reklam edilmədən həyata keçirilib, çünki bu işlər bir dövlət başçısının öz ölkəsinin dini çoxluğuna, özünün də mənsub olduğu dini icmaya qayğısının təzahürüdür. Bu işləri görən dövlət təqdir olunmalıdır, yoxsa bəzilərinin dünən etdiyi çağırışlardakı kimi lənətlənməlidir? Radikal çağırışlar edən bəzi dini, ictimai, mədəniyyət xadimlərinə və müxalif siyasilərə üzümü tutub deyirəm: doğru izahat verməkdənsə qeyri-müəyyən bəyanatlarla sadə insanları çaşdırmaq, dövlətin təqdir olunası işlərini qaralamaq lazım deyil. İslam mədəniyyətinin mərkəzləri olan Məkkə və Mədinədə, Məşhəd, Kərbəla kimi şiə ziyarətgahlarında, digər müsəlman ölkələrinin aparıcı şəhərlərində hər il neçə-neçə köhnə dini tikili sökülür və onların yerinə yeni-yeni binalar ucaldılır. Qoy 30 il bundan qabaq Məkkə və Mədinədə peyğəmbər məscidini ziyarət edənlər söyləsinlər, orada hansı dəyişikliklər baş verib, hansı köhnə tikililər sökülərək onların yerinə necə müasir ziyarətgahlar yaranıbdır. İndi bunlar təqdirəlayiq haldır, yoxsa qınanmalı? O insanların halalına müdaxiləmi olunubdur? Çox təəssüf edirəm ki, dünənki o “din təəsübkeşləri”nin düyməsini basanlar da, qanun keşikçilərinə və ərazini abadlaşdıran insanlara qarşı təhqiramiz hərəkətlər edənlər də sağlam düşüncə və vətənpərvərlik nümunəsi ortaya qoymadılar. Bir daha təkrar edirəm: Prezident İlham Əliyev də, Azərbaycan hakimiyyəti də son illərdə Azərbaycanda İslamın qorunması və inkişafı, eləcə də İslam həmrəyliyinin gücləndirilməsi və dünyadakı islamofob dairələrə qarşı mübarizə sahəsində 50-dən artıq İslam dövlətləri başçısı sırasında həmişə xüsusi fəallığı ilə seçilmiş, Azərbaycan dövlətinə qarşı siyasət yürüdən bəzi xarici dairələrdən, rəsmi və qeyri-rəsmi ünsürlərdən fərqli olaraq, əsl islam təəssübkeşliyi nümayiş etdirmişdir”. Prezidentin köməkçisi bildirib ki, bu gün dünyada hər şey təzələnir, yenilənir. İnsanları dünən qane edən məişət normaları, yaşayış massivləri, nəqliyyat vasitələri, ictimai, dini, mədəniyyət və iaşə obyektləri, bu gün onları qane etmir: “Xüsusi tarixi mahiyyət kəsb edən tikililər, elm, mədəniyyət obyektləri, dini abidələr istisna olmaqla hər şey dəyişir. Azərbaycan da , əlbəttə, müasir dünyanın bir hissəsi kimi öz inkişafını davam etdirir . Əsas odur ki, insanlara yeni imkanlar yaradılır, yeni alternativlər təklif olunur. Bu seçimi dəstəkləməmək, əlbəttə ki, həm dövləti, həm cəmiyyəti müasir inkişafdan süni yolla saxlamaq deməkdir. Biz dini inanclı insanlara bax, bu həqiqəti çatdırmalıyıq. Əsl inanclı kəsimi “din təəssübkeşliyi” adı ilə bu tipli aksiyalara sövq edən radikal-ekstremist dəstələrdən ayırmalıyıq. Beş il sonra “Sovetski” adlanan gecəqondu massivinin yerində salınacaq nümunəvi şəhər mərkəzi və istirahət guşələrini görəcək yeni nəslin anbar kimi istifadə olunan köhnə tikilinin qorunmasına cəhd edən bu köhnəfikirli insanlara necə qiymət verəcəyini zaman göstərəcək. Azərbaycanın İslam dünyası, regional əməkdaşlığın gücləndirilməsi ilə bağlı təşəbbüslərinə bu və ya digər yolla maneə olmaq cəhdləri, təəssüf ki, ilk dəfə deyil. Bakı İslam mədəniyyətinin paytaxtı elan edildiyi 2009-cu ildə biz müəyyən dindar təbəqəsinin aldadılaraq dövlətimizin islam dünyasındakı rolunu kiçiltmək, imicini ləkələmək cəhdlərinə alət edilməsini şahidi olmuşduq. Dünya Azərbaycanlıları gününə birilərinin alternativ həmrəylik günü keçirmək təşəbbüsləri hələ də davam edir. Bu il ölkəmizdə İslam həmrəyliyi elan edildiyi, Bakı İslam oyunlarına ev sahibliyi etdiyi üçün belə “cəhdlərin” yenə olmasını istisna etmirik. Bu yalançı təəssübkeşlərin etirazının Şuşa məscidi ilə bağlı işğalçılarla qeyri-rəsmi “əməkdaşlıq” edilməsinə Azərbaycan dövlətinin rəsmi etiraz bəyanatı verdiyi vaxta düşməsi düşündürücüdür. Amma hər kəs bilməlidir ki, bütün bunlar Azərbaycanın İslam dünyasının birliyi, həmrəyliyi yolunda təşəbbüslərindən, mili-mənəvi dəyərlərimizi qorumaq, İslam irsinin inkişaf etdirmək siyasətindən döndərə bilməz”, - deyə Ə.Həsənov bildirib.