"İran özündən İslam adı altında fərqli bir din ortaya çıxarıb" — İlahiyyatçı

"İran özündən İslam adı altında fərqli bir din ortaya çıxarıb" — İlahiyyatçı

İranlı zəvvarların Məkkədə Həcc ziyarətinə buraxılmaması İranla Səudiyyə Ərəbistanı arasındakı gərginliyi bir qədər də artırıb.

Bundan sonra bütün müsəlman ölkələrinə müraciət edərək ortaq Həcc komitəsi yaratmağı təklif edən İran prezidenti Ruhani Səudiyyə rejimini ədalətsizlikdə, Kəbənin ərazisində yerləşməsindən sui-istifadədə günahlandırıb. Buna cavab olaraq Səudiyyə müftüsü İranın dini lideri Əli Xamneyini "qeyri-müsəlman" elan etdi. İranın dini lideri isə şiələr üçün Həccin Kərbəlaya köçürülməsi haqda fətva verib. Artıq Kərbəlanı ziyarət edən şiələr Həcci ziyarət etmiş kimi sayılacaqlar.

Kərbəlanı ziyarət edənlər həqiqətən də hacı sayılırmı?

Bu sualı ilahiyyatçı Elşad Miri Ölkə.Az-a verdiyi açıqlamasında cavablandırıb:

"İrandan olanlar və Azərbaycandan onlara dəstək nümayiş etdirənlər, Həcc günləri ərəfəsində Məşhədə, Kərbəlaya axın etdilər. Bu təbii ki, İslamda qəbuledilməz bir anlayışdır. Çünki Allahın sonuncu peyğəmbəri yaşadığı dövrdə nə Kərbəla var idi, nə də Məşhəd.

Amma təəssüflər olsun ki, onların özlərinin məzhəblərində belə anlayışlar var ki, 20-25 dəfə Kəbəyə getmək sənin bir dəfə Kərbəlaya getməyinə uyğun gəlir. Yəni belə bir absurd yanaşma var. Yəni bu da onu göstərir ki, İran özündən İslam adı altında fərqli bir din ortaya çıxarıb və bu gün onu insanlara təqdim edir. Bu, İranın ilk dəfə etdiyi bir məsələ deyil.

Peyğəmbərin ilk xəlifəsi olan Əbu Bəkrin qızı Əsmanın oğlu Abdullah ibn Zübeyir Məkkədə xəlifəliyini elan etmişdi. Ona görə də Həcc, Umrə ziyarətinə gələn insanlara xütbə verirdi, əməvilərin törətdikləri cinayətləri, səhvləri danışırdı və onlardan beyət alırdı. Həmin insanlar onun tərəfinə keçirdilər. Ona görə də Əməvilər dövründə xəlifə olan Abdülməlik insanların Həccə getməsini qadağan edir və bu qərara uyğun olaraq da çalışır ki, insanlar həmin yerə deyil, Məscidül-Əqsa olaraq adlandırılan məscidə ziyarətə getsinlər. O, bununla insanların Kəbəyə gedərək Abdullah bin Zubeyrin tərəfinə keçmələrinin qarşısını alır. Çünki bunlara xəlifəlikləri, hakimiyyətləri hər şeydən daha önəmli idi.

O insanlar haqqı eşitməsinlər deyə belə bir qərar alır və öz dövründə həmin oradakı Qübbətüs-Səhra adlandırılan məscidi və yaxınlıqdakı Məscidül-Əqsanı təmir elətdirir, həmin yeri müqəddəs hesab edilən rəvayətlərlə gücləndirib insanların oraya getməsinə təşviq edir. Daha doğrusu, həmin ərəfədə Həccə getməyi qadağan edir. Onun əvəzinə Qüdsdə yerləşən bu yerləri ziyarətgah seçir. Yəni bu tarixdə də görülmüş bir taktikadır və insanlar da bundan istifadə ediblər.

Bundan başqa, xristianlığın özündə də Həcclə bağlı müəyyən məsələlər var. Məsələn, deyək ki, kimsə Məryəm ananı gördüyünü iddia edirsə, sabah həmin yeri insanlar ziyarət eləyirlər və “hacı” olurlar. Bu, Bosniyada da var, İzmir yaxınlığındakı Efesdə də var… Yəni insanlar “Məryəm ana” deyilən yerləri ziyarət etməklə “hacı” olurlar. Bu yeni bir anlayış deyil. İranın da bunu etməsi başa düşüləndir. Ancaq İslami baxımdan anlaşılmazdır. Bu heç bir şəkildə doğru deyil və heç kim, heç bir şəkildə buna haqq qazandıra bilməz.

İranda oturan ayətullahlar ya zahiri, yaxud da xəlvəti verdiyi fətvalara uyğun olaraq insanları Kərbəlaya və ya Məşhədə getməyə həvəsləndirib, insanları oraya çəkə bilirlər. Yəni bu eyni zamanda bir növ Məkkəyə, Səudiyyə Ərəbistanına, digər müsəlmanlara da ismarıcdır ki, biz bunu istəsək bu cür də eləyə bilərik. Amma islami baxımdan bunun heç bir haqlı tərəfi yoxdur”.






Fikirlər