"Peyğəmbərin yaşadığı dövrdə nə Kərbəla var idi, nə də Məşhəd" — İlahiyyatçı
Bir neçə gün əvvəl Bakının Məşədi Dadaş məscidinin imamı Hacı Şahin Həsənlinin Kərbəla ziyəratinin videosu yayılmışdı. İlahiyyatçı Elşad Miri insanların Məkkə əvəzinə Kərbəlaya gedərək “hacı” ola biləcəkləri barədə fikirlərinə aydınlıq gətirib. “A24.az”a açıqlama verən ilahiyyatçı bildirib ki, ümumiyyətlə, bu il iranlıların Həcc ziyarətinə getməməsi onların dövlət səviyyəsində aldıqları qərardır: “Bu qərarla vətəndaşlarının Kəbəyə getməsini qadağan edirlərsə, onun əvəzinə alternatif olaraq başqa yerlərə istiqamətləndirməli idilər. Həmin alternatif də iki yer ola bilərdi: ya bu gün İraq ərazisində yerləşən Kərbəla, yaxud da İranın ərazisində yerləşən Məşhəd. Hər nə qədər bəziləri bunu fərqli şəkildə təqdim eləsə, bunu təkzib eləməyə çalışsa da reallıq budur ki, bu il həcc ziyarətinə İrandan olanlar və Azərbaycandan onlara dəstək nümayiş etdirənlər, həcc günləri ərəfəsində Məşhədə, Kərbəlaya axın etdilər. Bu təbii ki, islamda qəbuledilməz bir anlayışdır. Çünki Allahın sonuncu peyğəmbəri yaşadığı dövrdə nə Kərbəla var idi, nə də Məşhəd. Amma təəssüflər olsun ki, onların özlərinin məzhəblərində belə anlayışlar var ki, 20-25 dəfə Kəbəyə getmək sənin bir dəfə Kərbəlaya getməyinə uyğun gəlir. Yəni belə bir absurd yanaşma var. Yəni bu da onu göstərir ki, İran özündən İslam adı altında fərqli bir din ortaya çıxarıb və bu gün onu insanlara təqdim edir. Bu, İranın ilk dəfə etdiyi bir məsələ deyil”. Daha sonra ilahiyyatçı tarixə nəzər salaraq Əməvilər dövründə, Əbdülməlik bin Mərvanın (685-705) hakimiyyəti dövründə də belə bir hadisənin olduğunu qeyd edib: “Peyğəmbərin ilk xəlifəsi olan Əbu Bəkrin qızı Əsmanın oğlu Abdullah ibn Zübeyir Məkkədə xəlifəliyini elan etmişdi. Ona görə də həcc, umrə ziyarətinə gələn insanlara xütbə verirdi, əməvilərin törətdikləri cinayətləri, səhvləri danışırdı və onlardan beyət alırdı. Həmin insanları onun tərəfinə keçirdilər. Ona görə də Əməvilər dövründə xəlifə olan Abdülməlik insanların həccə getməsini qadağan edir və bu qərara uyğun olaraq da çalışır ki, insanlar həmin yerə deyil, Məscidül Əqsa olaraq adlandırılan məscidə ziyarətə getsinlər. O, bununla insanların Kəbəyə gedərək Abdullah bin Zubeyrin tərəfinə keçmələrini qarşısını alır. Çünki bunlara xəlifəlikləri, hakimiyyətləri hər şeydən daha önəmli idi”. “O insanlar haqqı eşitməsinlər deyə belə bir qərar alır və öz dövründə həmin ordakı Qübbətüs-Səhra adlandırılan məscidi və yaxınlıqdakı Məscidül Əqsanı təmir elətdirir, həmin yeri müqəddəs hesab edilən rəvayətlərlə gücləndirtdirib insanların ora getməsinə təşviq edir. Daha doğrusu həmin ərəfədə həccə getməyi qadağan eləyir. Onun əvəzinə bu yerləri ziyarətgah seçir. Yəni bu tarixdə də görülmüş bir taktikadır və insanlar da bundan istifadə ediblər. Bundan başqa, xristianlığın özündə də həcclə bağlı müəyyən məsələlər var. Məsələn, deyək ki, kimsə Məryəm ananı gördüyünü iddia edirsə sabah həmin yeri insanlar ziyarət eləyirlər və “hacı” olurlar. Bu, Bosniyada da var, İzmir yaxınlığındakı Efesdə də var… Yəni insanlar “Məryəm ana” deyilən yerləri ziyarət etməklə “hacı” olurlar. Bu yeni bir anlayış deyil. İranın da bunu etməsi başa düşüləndir. Ancaq İslami baxımdan anlaşılmazdır. Bu heç bir şəkildə doğru deyil və heç kim, heç bir şəkildə buna haqq qazandıra bilməz”. Elşad Miri Azərbaycandan Kərbəlaya, Məşhədə gedənlərlə bağlı vəziyyətə isə belə aydınlıq gətirib: “Sadəcə olaraq Azərbaycanda belə bir anlayış var: özünü hansısa məzhəbin mənsubu sayan insanlar təbii ki, kimisə təqlid eləyirlər. Həmin təqlid elədikləri insanların əksəriyyəti İranda oturan mərceyi-təqlid deyə bildirilən ayətullahlardır. Onların ya zahiri, və yaxud da xəlvəti verdiyi fətvalara uyğun olaraq da insanların Kərbəlaya və ya Məşhədə getməyini həvəsləndirib, insanları ora çəkə bilirlər. Yəni bu eyni zamanda bir növ Məkkəyə, Səudiyyə Ərəbistanına, digər müsəlmanlara da ismarıcdır ki, biz bunu istəsək bu cür də eləyə bilərik. Amma islami baxımından bunun heç bir haqlı tərəfi yoxdur”.
Videoda hətta Boradigahinin mərsiyə oxuduqdan sonra Hacı Şahin Həsənlinin əlindən və əbasından öpməsi də diqqətdən yayınmayıb. Məsələ ilə tanınmış millət vəkili Fazil Mustafa da fikirlərini səsləndirərək bunu hoqqabazlıq adlandırmışdı.