RAMAZANLA bağlı ikitirəlik nə zamana qədər davam edəcək?
Hər il olduğu kimi bu il də ölkəmizdə Ramazan ayıyla bağlı ikitirəlik yarandı. Belə ki, ibadət edən insanların bir hissəsi (sünnilər) artıq bu gündən oruc tutmağa başladılar. Digər hissəsi isə (şiyələr) Qafqaz Müsəlmanlar İdarəsinin fətvasına əsasən sabahdan başlayaraq oruc tutacaqlar. Görəsən, bu hal nə zamana qədər belə davam edəcək? Nə zamana qədər müsəlmanlar dini bayramlarında belə eyni fikrə gəlməyi bacarmayacaqlar? Moderator.az bununla bağlı tanınmış ilahiyyatcılar Hacı Şahin və Elşad Mirinin fikrlərini öyrənib. Hacı Şahin bildirib ki, Ramazan ayının başlaması ilə bağlı fərqlər elmi hesablamalara söykənir, hansısa məhzəb ixtilafına əsaslanmır: “Qafqaz Müsəlmanları İdarəsinin tərtib etdiyi təqvimlə bağlı komissiya yaradılmışdı və mən də həmin komissiyanın üzvüyəm. Həmin komissiyanın tərkibində də həm din xadimləri, həm də elm xadimləri, alimlər var. Şamaxı rəsədaxnasında da olduq və qərara alındı ki, Azərbaycan üçün vahid təqvim tərtib edilsin. Həmin təqvimə əsasən həm azan verilsin, həm də ayın başlanğıcı ona uyğun müəyyən edilsin. Həm elmi hesablamalara, həm də şəriət qaydalarına əsasən Azərbaycan ərazisində ay bu axşam görünəcək. Yəni bu fərq hansısa ixtilafdan qaynaqlanmır, ölkələrin coğrafi mövqeyi ilə bağlı olur. Məsələn, bir sıra ölkələrdə ay bir gün tez görünə bilər. Qurani kərimdə də qeyd olunur ki, ayı gördüyün zaman oruc tut. Ona görə də bu fərqlər həmişə olub və olacaq da. Bu da əslində ixtilaf sayılmır, ölkələr arasında azan saatlarında fərq olduğu kimi bunda da fərq təbiidir. Yəni sırf ölkənin yerləşdiyi coğrafi mövqe ilə bağlı bir məsələdir. Özüm bilvasitə bu işin içində olduğuma görə tam deyə bilərəm ki, Azərbaycanda ayın görünməsi ancaq bu axşam mümkün olacaq”. Bu gündən artıq oruc tutmağa başlayan Elşad Miri isə bu tarixin hər yerdə eyni gündə başlamasını istədiyini və buna ümid etdiyini deyib: “Çünki müsəlmanların birliyi, vəhdəti naminə gözəl bir işdir. Amma təəssüflər olsun ki, Qafqaz Müsəlmanlar İdarəsi bu məsələdə yenə də bütün İslam dünyasını deyil, İranı əsas götürür. Və hər il də ona uyğun olaraq addımlar atır. Bunu da qınaya bilmirəm. Çünki bildiyimiz kimi həmin idarənin rəhbəri Şeyxülislam Allahşükür Paşazadə özü də İranın ali dini lideri Ayətullah Xamneyini təqlid etdiyini etiraf edir. Bu gün mən üç ərəb ölkəsində oldum, o ölkələrin hamısında Ramazan ayın 6-dan başlayıb. Hətta Məkkənin özündə də bu gün insanlar oruc tutublar. Ancaq təəssüf ki, Azərbaycanda bir qurumun insanları yalnış yönləndirməsi bu cür qarışıq faktlara gətirib çıxarır. Onlar deyirlər ki, biz Şamaxı rəsədxanasının verdiyi məlumatlara uyğun fətva veririk, yəni güya elmi tərəfi var. Amma rəsədxanada adının açıqlanmasını istəmədiyim şəxslərlə söhbətlərim olub. Onlar deyiblər ki, bizim heç bir günahımız yoxdur, bizə tapşırıq verilib ki, biz deməmiş heç bir açıqlama verməyin, nə deyiriksə, onunla oturub durun. Biz də onların dediyi vaxta uyğun olaraq açıqlama verməyə məcbur oluruq. Ötən il hətta rəsədxananın həmin işçiləri mətbuata açıqlama da vermişdilər. Ancaq sonradan rəhbərlikdən onlara xəbərdarlıq edilmişdi ki, heç kim açıqlama verməsin. Təəsüflər olsun ki, Ramazanın mahiyyəti bir kənarda qalır, insanlar yalnız bu gün girəcək, sabah girəcək, filan saatda açılacaq, filan saatda açılmayacaq kimi doğru olmayan, insanların zamanını alan məsələlərlə məşğul olurlar”.