Heydər Əliyev və iqtisadi İSLAHATLAR
“İqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir!” Azərbaycan bu gün regionun bütün siyasi və iqtisadi məsələlərinin həllində əvəzolunmaz iştirakçı, əsas söz sahibidir. Ölkəmiz yüksək inkişaf etmiş iqtisadiyyatı ilə dünya arenasında öz adından bəhs etdirir. Müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin hakimiyyəti dövründə misilsiz idarəçilik qabiliyyəti, gərgin əməyi nəticəsində əldə olunmuş nailiyyətlər bu gün ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafı üçün möhkəm zəmin yaradıb. Hətta son zamanlar bəzi ölkələrdə yaşanan ciddi iqtisadi problemlər, qiymətlərin sürətlə artması, valyuta bazarlarında kəskin təlatümlər fonunda da Azərbaycan iqtisadiyyatı yüksək dayanıqlıq nümayiş etdirir, həyata keçirilən siyasətin alternativsiz olduğunu bariz şəkildə göstərir. Heydər Əliyevin dövlət quruculuğu strategiyasının ana xəttini təşkil edən cəmiyyətin demokratikləşdirilməsi prinsipi artıq müstəqil Azərbaycan Respublikasını bütün dünyada tanıdıb. Heydər Əliyev o dövrdə prezident kimi fəaliyyətinin əsas istiqamətlərindən bəhs edərkən deyirdi ki, respublika iqtisadiyyatı, demək olar ki, tamamilə dağıdılıb, xalqın rifah halı aşağı düşüb: “Lakin respublikanın böyük sosial-iqtisadi, elmi-texniki potensialı var. Azərbaycanın coğrafi-siyasi vəziyyəti, onun təbii sərvətləri, uzun illər boyu yaranmış əsas fondları respublikanı bu ağır böhrandan çıxarmağa imkan verir. Digər tərəfdən yeni islahatlar aparmaq yolu ilə bazar iqtisadiyyatına keçmək istiqamətində hərəkət etməliyik". Heydər Əliyev iqtisadi platformasında iqtisadi islahatlar dedikdə, Azərbaycan iqtisadiyyatını bazar iqtisadiyyatı yolu ilə aparmaq, özəl bölmənin fəaliyyətini genişləndirmək və özəlləşdirməni həyata keçirmək, sahibkarlığa, təşəbbüskarlığa geniş imkanlar yaratmaq, ölkə iqtisadiyyatını dünyanın inkişaf etmiş ölkələrinin iqtisadi sistemi əsasında qurmaq və dünya iqtisadiyyatına inteqrasiya etmək nəzərdə tutulurdu. İqtisadi islahatların zəruriliyindən bəhs edən ulu öndər tarixi faktlara əsaslanmaqla qəti mövqeyini aşağıdakı fikri ilə əsaslandırırdı: "...sosializm quruluşunun ən yüksək bəhrələrini görmüşük. Onun verdiyi bəhrələri heç kəs, heç vaxt inkar edə bilməz. Xüsusən, bizim respublikamızda. Lakin o quruluş, iqtisadi sistem özünün son həddinə gəlib çatmışdı. Buna görə də onun sonrakı inkişafı mümkün olmadı, iqtisadiyyat, ümumiyyətlə, inkişaf dayandı və geriləmə prosesi başlandı. Təsadüfi deyildi ki, 1980-1985-ci illərdə yeni yollar axtarmağa başladılar. Bu da yeganə bir yola gətirib çıxardı: iqtisadi islahatlar aparmalı, bazar iqtisadiyyatı yolu ilə getməli, bazar iqtisadiyyatı prinsiplərini tətbiq etməli". Əldə olunan makroiqtisadi sabitlik, sənayedə və digər sahələrdə iqtisadi göstəricilərin artımı, həyata keçirilən geniş miqyaslı iqtisadi islahatların ilkin nəticələri aparılan siyasətin düzgünlüyünü və Azərbaycanın bazar iqtisadiyyatı yolunda inamlı addımlarını təsdiq edirdi. Ulu öndərin sözü ilə desək: “İqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir!” Heydər Əliyevin qüdrətli dövlət modeli Dayanıqlı və möhkəm dövlət quruculuğunun əsas tələbi strateji fəaliyyət proqramının, dövlətin və millətin mövcudluğunun mənası, inkişafın məqsəd və prioritetləri kimi çıxış edən milli ideyanın olmasıdır. Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyinin birinci dövründə iqtisadiyyatın dirçəlməsi və sürətli inkişafı baxımından xeyli işlər görüb. Onun respublikamıza rəhbərlik etdiyi illərdə ölkənin müstəqil iqtisadiyyatının təşəkkülü, ardıcıl sosial-iqtisadi islahatların həyata keçirilməsi, bu sahənin dayanıqlı inkişafını təmin edəcək qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi sahəsində görülən işlər iqtisadi inkişafıa xeyli təkan verib. Bu dövrlərdə inkişaf səviyyəsinə görə Azərbaycan SSRİ tərkibində olan dövlətlərdən xeyli fərqlənirdi. Heydər Əliyev Kommunist Partiyasının sədri seçildikdən sonra Azərbaycan iqtisadiyyatında çiçəklənmə dövrü başladı. Ulu öndərin əsas hədəfləri respublikanın iqtisadiyyatını əsaslı şəkildə dəyişmək, onu qüdrətli dövlətin xammal istehlakçılarından qabaqcıl, müasir texnika və texnologiya ilə təchiz olunmuş sənaye bazasına çevirmək, monokultura xarakteri ilə fərqlənən kənd təsərrüfatını qaldırmaq, Bakının dünyanın ən gözəl və abad şəhəri kimi simasını özünə qaytarmaq, Azərbaycan kəndini dirçəltmək, əhalinin sosial, mədəni və təhsil səviyyəsini qaldırmaq, xaricdə yaşayan həmvətənlərlə əlaqələri möhkəmləndirmək idi. Heydər Əliyev fəaliyyətinin ilk dövrlərində Azərbaycan SSRİ-də kənd təsərrüfatının inkişafına görə xüsusilə fərqlənirdi. Respublikamız bu dövrlərdə pambıq yığımında, üzüm və texniki bitkilərin becərilməsində ön sıralarda yerini qoruyurdu. Heydər Əliyevin fəliyyəti dövründə Azərbaycan üzümün, tezyetişən tərəvəzin, tütünün, çayın ən böyük istehsalçısı oldu. Heydər Əliyev kimi xalqını və vətənini düşünən bir insana yaxşı məlum idi ki, iqtisadi potensialın güclü olması həm ölkənin xeyrinədir, həm də əhalinin yaşam səviyyəsinin yüksəlməsinə xidmət edir. Müstəqilliyin ilk illəri... SSRİ – parçalandıqdan sonra 1991-ci ildə əldə edilən müstəqilliklə iqtisadi sahədə bir çox problemlər, boşluqlar olduğu meydana çıxdı. 70 ildən artıq tətbiq edilən sovet modelli bir təsərrüfatla işləyən Azərbaycan, artıq müstəqil və inkişaf etmiş dövlət olaraq bazar iqtisadiyyatına keçməli və azad, sərbəst iqtisadiyyata başlamalı idi. Lakin bu o qədər də asan deyildi. Azərbaycanın siyasi arenada rastlaşdığı problemlər, başlanan müharibə və ölkə daxilini bürüyən xaos, hakimiyyət uğrunda siyasi qarşıdurmalar iqtisadiyyatın inkişafının sürətlənməsinə mane olan əsas səbəblər idi. Ölkə daxilində iqtisadi inkişaf və əhalinin yaşam səviyyəsinin yəksəlməsindən çox hakimiyyət uğrunda mübarizə gedirdi. Azərbaycanın təbii sərvətlərinin kortəbii mənimsənilməsi və ölkənin daxilində hakimiyyət uğrunda aparılan mübarizə, erməni separatçı qüvvələri ilə gedən amansız müharibə ölkənin iqtisadiyyatını zəiflədirdi. 1991-1995-ci illər Azərbaycan iqtisadiyyatının iqtisadi xaos və tənəzzül dövrü kimi səciyyələnir. 1993-cü il oktyabrın 3-də xalqın tələbi və istəyi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti oldu. Heydər Əliyev kimi dahi siyasətçi Azərbaycanın ağır vəziyyətini yaxşı görürdü. Heydər Əliyev başa düşürdü ki, bu problemlər öz həllini tapmasa, Azərbaycan heç zaman qüdrətli bir dövlət ola bilməz. Heydər Əliyev iqtisadi böhrandan xilas olmaq üçün, vergi və sahibkarlığın inkişaf etməsi üçün bir sıra islahatlar keçirdi. Ölkədə iş yerlərinin çoxu bağlanmış, işsizlərin sayı artmışdı. Müharibə nəticəsində öz doğma yerlərini tərk etmiş əhalinin xeyli hissəsinin çalışmaq qabiliyyəti olsa da, iş yerlərinin olmaması, pulun inflyasiya dəyərinin aşağı düşməsi, qiymətlərin qalxması, alıcılıq qabiliyyətinin azalması və xarici dövlətlərlə iqtisadi əlaqələrin olmaması böhranı aradan qaldırmağa mane olurdu. Ulu öndər 1994-cü il iyunun 21-də respublika iqtisadiyyatının və həyatının digər sahələrinin cari məsələlərinə həsr olunmuş müşavirədəkinitqində belə demişdi: "Biz respublikamızda hüquqi-demokratik dövlət qurmaq yolu ilə gedirik. Bu, dövlət quruculuğunda, siyasi sahədə strateji yolumuzdur. Bununla, çox sıx əlaqədə iqtisadiyyatın demokratik yollarla idarə edilməsidir, yəni, iqtisadiyyatda demokratik islahatlar aparılması, bazar iqtisadiyyatı yoludur. Bütün bunlar kompleks şəkildə respublikamızı gələcəyə aparan yollar, istiqamətlərdir". Az bir müddət ərzində Azərbaycanda demokratik prinsiplərin bərqərar olması, qayda-qanunun daha etibarlı qorunması təmin edilməklə hərc-mərcliyə və özbaşınalığa son qoyuldu. “Qara qızıl”la gələn şöhrət - “Əsrin müqaviləsi” Azərbaycan Prezidenti Heydər Əliyevin ölkə əhəmiyyətli nailiyyətlərindən biri də neftlə bağlıdır. Azərbaycan neftinin dünya bazarına çıxarılması, əldə olunan gəlirlə milli büdcəni bərpa etmək, möhkəmləndirmək, əhalinin sosial səviyyəsinin yüksəldilməsi həyata keçirilən uğurlu iqtisadi siyasətin nəticəsi idi. 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi “məhsulun pay bölgüsü” haqqında müqavilə imzalandı. Müqavilə neft sahəsində Heydər Əliyevin qazandığı uğurların hələ başlanğıcı idi. Azərbaycan üçün həyati əhəmiyyəti olan bu müqavilə həm respublikanın daxilində sabitliyin bərqərar olunması, həm də xarici siyasətdə uğurların əldə edilməsində müstəsna rol oynadı. Heydər Əliyevin özünün də vurğuladığı kimi, “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan Xəzər dənizi və onun enerji ehtiyatlarını bütün dünyanın üzünə açdı və bu hadisənin ölkənin gələcəyi üçün nə dərəcədə əhəmiyyətli olduğunu tarixçilər yazacaqlar”. “Əsrin müqaviləsi”nin imzalanması ilə yanaşı hasil olunacaq neftin dünya bazarına çıxarılması üçün əlverişli marşrutun axtarılıb tapılması da mühüm əhəmiyyət kəsb edirdi. Heydər Əliyev Azərbaycan neft kəmərinin çoxvariantlılığı ideyası ilə çıxış edərək Bakı-Supsa kəmərinin işə salınmasına, eyni zamanda "Əsrin müqaviləsi" çərçivəsində hasil olunacaq əsas neftin nəqli üçün "Bakı-Tbilisi-Ceyhan" neft kəmərinin inşa edilməsi üzrə danışıqların intensivləşdirilməsinə nail olur. 1999-cu ilin noyabrında Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri ABŞ-ın dövlət başçısının iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin inşa edilməsinə dair hökumətlərarası saziş imzalanmış, bu kəmərin çəkilməsi yolunda yaradılan çoxsaylı əngəllərə baxmayaraq Ulu öndərimizin siyasi iradəsi və uzaqgörənliyi sayəsində maneələrin hamısı dəf edilərək bu layihənin gerçəkləşməsi reallığa çevrildi, 2003-cü ildə kəmərin tikintisinə başlanıldı. Çox çətinliklərə baxmayaraq Heydər Əliyevin seçdiyi yol uğurlu oldu və Azərbaycan neftinin dünya bazarına çıxarılması reallığa çevrildi. Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf strategiyasının Heydər Əliyev tərəfindən düzgün seçildiyini artıq 1996-cı ildə müşahidə olunan iqtisadi sabitlik və 1997-ci ildən başlanan sosial-iqtisadi inkişaf xətti daha bariz şəkildə nümayiş etdirir. Azərbaycanın sərbəst bazar münasibətlərinə əsaslanan liberal iqtisadiyyat xəttini dəstəklədiyini dünyaya bəyan edən ulu öndərin böyüklüyü ondadır ki, o, həqiqi müstəqilliyin, siyasi azadlığın iqtisadi qüdrət və inkişafdan keçdiyini bilir və ölkənin məhz belə bir yolla irəliləməsini təqdir edirdi. Heydər Əliyev həm də, Azərbaycan qazının dünya bazarlarına çıxarılması üçün nəzərdə tutulan və regionun kifayət qədər əhəmiyyətli layihəsi hesab olunan Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin də təməlini qoydu. Heydər Əliyev neft gəlirlərinin şəffaf xərclənməsi və gələcək nəsillərə saxlanılması məqsədi ilə Dövlət Neft Fondunun yaradılması kimi xidmətləri ilə də yadda qalıb. 1999-cu il dekabrın 29-da “Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaradılması haqqında” Fərman imzaladı. Uğurlu iqtisadi siyasətin məntiqli davamı kimi, resursların daha da səmərəli paylanmasını təmin etmək üçün səmərəli büdcə sistemi və dövlət xərclərinin idraetmə sistemi tələb olunurdu ki, bu sahədə də ümummilli lider Heydər Əliyev tərəfindən xeyli işlər görüldü.
Azərbaycanda büdcə sisteminin təşkilinin, büdcələrin tərtibi, təsdiqi, icrası və onların icrasına nəzarətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, habelə dövlət büdcəsi ilə büdcədənkənar dövlət fondlarının, yerli (bələdiyyə) büdcələrin qarşılıqlı əlaqələrinin əsas prinsiplərinin müəyyənlşdirilməsi məqsədilə 2002-ci ildə “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının yeni Qanunu qəbul olundu. Məhz Ulu öndər Heydər Əliyevin siyasi kursunun davamı kimi Azərbaycan yeni inkişaf mərhələsinə Prezident İlham Əliyevin rəhbərliyi ilə demokratik dövlət quruculuğu modelini, öz iqtisadi inkişaf strategiyasını və mədəni-mənəvi dəyərlərini düşünülmüş surətdə həyata keçirmək əzmi ilə qədəm qoydu. “Yazı İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir”
Ulu öndər Heydər Əliyevin müdrik qərarı əsasında Neft Fondundan ilk vəsait Azərbaycan xalqının ən ağır şəraitdə yaşayan və ən həssas sosial təbəqəsi olan qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə istiqamətləndirildi.