Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovla həmkarı, Daşkəsənin icra başçısı Əhəd Abıyev arasında gərginlik yaranıb. Masallı rayonunda həmişə söz sahibi olmağa çalışan Abıyevlər bu dəfə sərt təpkiylə üzləşiblər.
BakuPost.az xəbər verir ki, gərginlik o həddə çatıb ki, Rafil Hüseyinov birinci müavini olan Nadir Abıyevin (Əhəd Abıyevin qardaşı) demək olar ki, bütün səlahiyyətlərini əlindən alıb. O hətta iki gün əvvəl Qurtuluş Günü ilə bağlı verilən konsertdə belə gözə dəyməyib.
Bundan əlavə, Abıyev Yeni Azərbaycan Partiyasının Masallı rayon şöbəsinin rəhbərliyindən də uzaqlaşdırılıb.
Məlumata görə, bir həftə əvvəl YAP Masallı rayon şöbəsinin konfransı keçirilib, yeni İdarə Heyəti və Şura formalaşıb. İcra hakimiyyətlərinin birinci müavinləri adətən YAP-ın həmin rayon şöbələrinin rəhbəri olduğu halda, Nadir Abıyev bu dəfə heç İdarə Heyətinə salınmayıb.
Rafil Hüseynovun birdən –birə Abıyevlərə qarşı sərt davranması barədə bir neçə versiya var. Deyilənə görə, icra başçısı onunla bağlı “yuxarılara” şikayətlərin və mediada bəzi tənqidi materialların məhz Abıyevlər tərəfindən təşkil edilməsi qənaətindədir. Elə buna görə də R.Hüseynov Masallıda vəzifədə olan Abıyevləri zərərsizləşdirməyə başladığı bildirilir.
Hətta onun bir neçə görüşlərdə üstüörtülü şəkildə Abıyevlərlə bağlı sərt ittihamlar irəli sürdüyü də gələn məlumatlar sırasındadır.
Daşkəsən rayon İcra Hakimiyyətini başçısı Əhəd Abiyev BakuPost.az-a açıqlamasındaqardaşı Nadir Abiyevin YAP-ın Masallı rayon təşkilatının idarə heyətindən çıxarılması xəbərini təsdiqləyib: “Qardaşım bir müddət əvvəl təqaüdə çıxmaq istəyirdi. Dövlət qulluğundan çıxdığı uşun yüksək pensiya alacaqdı. Həm də özəl iş var, onunla məşğul olacaqdı. Deyirdi ki, yaşım da keçib, artıq təqaüdə çıxmağın vaxtıdır. Başçı isə imkan vermədi, dedi ki, “hələ qal, işlə”. Görünür, qardaşım indi tam qərarını verib.
Bir adam işdən çıxmaq, təqaüdə getmək istəyirsə, özəl yer açıb, onunla məşğul olmaq istəyirsə, onun İdarə Heyətində qalması və yaxud İcra Hakimiyyətindəki iş nəyinə lazımdır? Qardaşım 1993-cü ildən YAP-ın üzvüdür. Masallı rayon şöbəsinin yaradıcılardan biridir. İndi pensiyaya getmək istəyir, idarə heyətində qalsa, gərək, bütün iclaslara qatılsın. Yenə də partiyanın üzvü kimi orada fəallıq göstərəcək, iclaslarda iştirak edəcək, partiyamıza öz xidmətlərini davam etdirəcək… Məcburdur ki, siyasi şuranın üzvü olsun? 20 ildir, o, vəzifədədir. İndi də partiyanın fəal üzvü kimi işini davam etdirəcək. Cavanlara yer vermək lazımdır”.
Ə. Abiyev Rafil Hüseynovla münasibətlərinin pis olmasıyla bağlı yayılan xəbərlərə də münasibət bildirib: “Mənim başçıyla aram yaxşıdır. Münasibətimiz də var. Heç bir problem yoxdur”.
Qeyd edək ki, Abıyevlərin Masallının Rafil Hüseynovdan əvvəlki icra başçısı, hazırda Astara rayon icra başçısı Qəzənfər Ağayevlə də çox kəskin qarşıdurması baş vermişdi. Həmin vaxt yayılan xəbərlərə görə məsələ Prezident Aparatına qədər gedib çıxmış, sonucda Abıyevlərın Masallı hegemonluğuna demək olar ki, son qoyulmuşdu. Lakin R.Hüseynov başçı təyin edildikdən sonra Abıyevlərə münasibət bir qədər yumşalımışdı, Masallıda vəzifədə olan Abıyevlərin “donu” açılmışdı…