PAKİSTAN VƏ HİNDİSTAN ATƏŞKƏSƏ RAZILAŞDILAR - Tramp açıqladı + VİDEO (Yenilənib)
Pakistanın hava məkanı bütün növ uçuşlar üçün tam açılıb, Yeni Delhi ilə İslamabad arasında atəşkəs razılaşmasının əldə edilməsinin elan edilməsindən sonra ölkədəki hava limanları fəaliyyətini normal rejimdə bərpa edib. Bu barədə Pakistanın Hava Limanları İdarəsindən məlumat verilib. "Pakistanın hava məkanı bütün növ uçuşlar üçün tam açıqdır. Ölkə üzrə bütün hava limanları normal rejimdə işləyir", - deyə qurumun "Facebook" səhifəsindəki rəsmi açıqlamada bildirilib. "Reuters"in Hindistan Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, Hindistan və Pakistan arasında daha əvvəl ABŞ Prezidenti Donald Trampın elan etdiyi atəşkəs rejimi yerli vaxtla saat 17:00-dan (Bakı vaxtı ilə 15:30-da - red.) qüvvəyə minib. "Pakistanın hərbi əməliyyatlar üzrə baş direktoru bu gün günorta saatlarında Hindistanın hərbi əməliyyatlar üzrə baş direktoru ilə telefon danışığı aparıb. Tərəflər quruda, havada və dənizdə bütün atışmaların və hərbi əməliyyatların dayandırılması barədə razılığa gəliblər", - deyə Hindistanın xarici işlər naziri Vikram Misri qeyd edib. o, həmçinin qeyd edib ki, iki ölkənin hərbi qurumlarının nümayəndələri atəşkəs rejiminə əməl olunmasını qiymətləndirmək üçün mayın 12-də təkrar danışıqların aparılması barədə razılığa gəliblər. Maraqlıdır ki, Hindistan tərəfindəki CNN mənbələri atəşkəsin beynəlxalq vasitəçilərin iştirakı olmadan birbaşa İslamabad və Yeni Delhi arasında razılaşdırıldığını vurğulayır, bu da tərəflərin münaqişəni müstəqil şəkildə həll etməyə hazır olduqlarının göstəricisi ola bilər. (oxu.az) *** Hindistan və Pakistan rəsmi Vaşinqtonun vasitəçiliyilə tam atəşkəs barədə razılığa gəliblər. ABŞ Prezidenti Donald Tramp bu barədə sosial şəbəkələrdə yazıb. "ABŞ-nin vasitəçiliyilə uzun çəkən gecə danışıqlarından sonra Hindistan və Pakistanın tam və dərhal atəşkəs barədə razılığa gəldiyini elan etməkdən məmnunam", - o qeyd edib. Pakistan Baş nazirinin müavini və xarici işlər naziri İshak Dar isə öz növbəsində Hindistanla atəşkəs barədə məlumatı təsdiqləyib.