Azərbaycanlı milyarderlər "Lyublinskoye Pole" ticarət mərkəzini aldı...

Azərbaycanlı milyarderlər

Rusiyada yaşayan azərbaycanlı milyarderlər Qod Nisanov və Zarax İliyev "Lyublinskoye Pole” ticarət mərkəzini satın alıblar.
Yeniavaz.com "Forbes” nəşrinə istinadən xəbər verir ki, bu obyektin təxmini dəyəri 2 milyard rubl (24,7 milyon dollar) təşkil edir.
Bildirilir ki, "Lyublinskoye Pole” ticarət mərkəzi Qod Nisanov və Zarax İliyevə məxsus "Kiyevskaya Ploşad” şirkətinə bağlı olan "Moskva” ticarət-yarmarka kompleksinin yaxınlığında yerləşir.
"Forbes” jurnalının 2025-ci il üzrə "Rusiya milyarderləri” siyahısında 41-ci yerdə qərarlaşan (sərvəti 3,4 milyard dollar) Qod Nisanov və 39-cu yeri tutan (sərvəti 3,4 milyard dollar) Zarax İliyevin nəzarət etdiyi "Kiyevskaya Ploşad” şirkətlər qrupu Moskvanın cənub-şərq hissəsində, sahəsi 34 min 900 kvadratmetr olan əmlakı öz balansına daxil edib.
"Kiyevskaya Ploşad” şirkətinin nümayəndəsi obyektin alındığını təsdiqləyib.
Əmlak üzrə ekspertlər ticarət mərkəzinin dəyərini 1,5-2 milyard rubl aralığında qiymətləndiriblər. Müstəqil ekspert Marina Malaxatko isə əməliyyatın məbləğinin 2 milyard rublu keçmədiyini bildirib.
Əvvəl bu əmlak "Stroytorg” MMC-yə məxsus idi. Şirkətin 2024-cü ildəki gəliri 114,3 milyon rubl, xalis mənfəəti isə 2 milyon rubl təşkil edib. Əvvəlki sahiblər arasında Yuliya Tkaçenko (40%) və Elena Kelperis (21%) əsas paya malik olublar.
Ekspertlər bildirirlər ki, əvvəlki sahiblər əraziyə qoyulan inkişaf məhdudiyyətlərinə görə aktivi satmağa qərar veriblər. Hüquqşünas Aleksey Vançuqov hesab edir ki, "Kiyevskaya Ploşad” burada ticarət və sərgi kompleksinin yeni mərhələsini həyata keçirə bilər. Marina Malaxatko isə bu ərazidə sənaye parkının salınacağını istisna etmir.
Qeyd edək ki, "Kiyevskaya Ploşad” Qod Nisanov və Zarax İliyevə məxsusdur və Rusiyada kommersiya daşınmaz əmlakının ən böyük sahibidir. Şirkət "Forbes Rusiya – 2025” reytinqində daşınmaz əmlak sahəsində birinci yerdədir. 2024-cü ilin sonuna qədər qrupun icarədən əldə etdiyi gəlir 2 milyard dollara çatıb.






Fikirlər