İLHAM Rəhimov Rusiyadakı daşınmaz əmlak biznesini satıb: Putinin dostu KİMİN TƏRƏFDAŞI OLUB?
Rusiya prezidenti Vladimir Putinin tələbə yoldaşı və dostu, azərbaycanlı oliqarx-milyarder İlham Rəhimov bu ölkədəki kommersiya daşınmaz əmlak biznesini tərk edib. Virtualaz.org RBC agentliyinə istinadən xəbər verir ki, Rəhimov “Kiyevskaya ploşad” şirkətlər qrupundakı payını başqa şəxsin adına keçirib. 500 milyon dollar həcmində qiymətləndirilən səhmlərin yeni sahibi Rəhimovun Azərbaycanda qeydiyyatdan keçmiş “Fina” hüquq şirkətindəki tərəfdaşı olub. Belə məlum olur ki, İlham Rəhimovun Rusiyanın ən iri rantye şirkətlərindən birindəki səhmləri Azərbaycandakı partnyorunun adına keçirməsi ABŞ Maliyyə Nazirliyi tərəfindən yanvar ayında “Kreml siyahısı”nın açıqlanmasından dərhal sonra baş verib. “Kreml siyahısı” yanvarın 29-a açıqlanıb. Bu siyahıya Kremlə yaxın oliqarxların da adı daxil edilib. Siyahıda azərbaycanlı milyarderlər Vahid Ələkbərov, Qod Nisanov, Zarah İliyev, Fərhad Əhmədov və Araz Ağalarov da yer alırdı. Lakin maraqlıdır ki, “Kiyevskaya ploşad” şirkətlər qrupunda İliyev və Nisanovla ortaq olan İlham Rəhimovun adı “Kreml siyahısı”ında yer almırdı. Buna baxmayaraq Rəhimov yanvarın 31-də şirkətlər qrupundakı payını tərəfdaşının adına keçirib. Rusiyanın hüquqi şəxslərin qeydiyyatı üzrə Vahid Reyestrində yer alan məlumatdan belə məlum olur. “Forbes” jurnalı 2014-cü ildə Rəhimovun təkcə bu şirkətlər qrupundakı payını 500 milyon dollar qiymətləndirmişdi. 2017-ci ildə “Kiyevskaya ploşad” kommersiya daşınmaz əmlakın icarəsindən 1.3 milyard dollar gəlir əldə edib. Şirkətlər qrupunun aktivləri arasında “Ukrayna” oteli, “Sadovod” bazarı, “Kaşirka avtomobil bazarı”, “Grand” və “Grand 2” ticarət mərkəzləri və s. daxildir. Şirkətlər qrupuna daxil olan 6 şirkətdən 5-də Rəhimovun payı 15 faiz, 1-də 12 faiz olub. Fevralın 2-dən etibarən isə “Kiyevskaya ploşad” şirkətlər qrupuna daxil olan “Vısotka” MMC, “Flora və Fauna” MMC, “Kaşirka Avtomobil Ticarət Mərkəzi” MMC, “Grandtitul” MMC, “Avers-3” ticarət-sənaye şirkəti, “Otel İnvest” MMC şirkətlərinin yeni səhmdarı Araz Mehdiyev olub. O, İlham Rəhimovun Bakıdakı “Fina LLP” hüquq firmasındakı tərəfdaşıdır. RBC bu məsələ ilə bağlı şirkətə və Araz Mehdiyevin elektron ünvanına sorğu göndərib, cavab ala bilməyib.