İnsanlardan gizlənən azərbaycanlı milyarder – çəkməçi oğlu Zarah İLİYEV

İnsanlardan gizlənən azərbaycanlı milyarder – çəkməçi oğlu Zarah İliyev

Zənginliyə gedən yol” adlı rubrikasındaazərbaycanlı milyarderlərin növbəti nümayəndəsini təqdim edirik. Bu, Rusiyadakı ən varlı şəxslərdən biri olan Zarah İliyevdir.

Üç il əvvəl “Forbes”in Rusiya fərziyyəsi öz 100 rusiyalı zəngin adamın siyahısını tərtib etmişdi. Siyahıda hər bir adamın adı-soyadı, ümumi varidatı ilə bərabər, fotosu da ictimai aşkarlıq tapırdı. Üç adamdan başqa. Həmin üçlükdən heç kimin fotosu yox idi. Zarah İliyev onlardan biridir. Kapitalının və mülkilərinin yalnız təxmini miqdarı bilinən milyarder.

Özü-özlüyündə çox maraqlıdır, yəni bu günəcən bir paparazzi belə Z. İliyevin fotosunu çəkməyə müvəffəq olmayıb? İliyevin özü niyə ictimai aşkarlığa çıxmaq istəmir. Bir foto nədir ki, onu belə cəmiyyətə çox görür?

...Rusiyada böyük biznes uğurları qazanan Zarah İliyev varlı ailənin uşağı deyil. Amma öz işgüzarlığı və biznes duyumu hesabına o bu gün Moskvada daşınmaz əmlak bazarının liderlərindəndir.

Zarah Bension oğlu İliyev 1966-cı il sentyabrın 8-də Quba yaxınlığındakı Qırmızı qəsəbədə anadan olub. Atası Bension İliyev idi. 5 oğul atası onlara da çəkməçiliyə öyrədib.

Bension İliyev daha çox “aerodrom” adlanan papaqları tikirmiş. Qubadakı kolxoz bazarında onu tanımayan yox idi. Zarah İliyev bu işdə atasına köməkçi olsa da, ömürlük papaqçı olmaq fikrində deyildi. Xeyli vaxtdır ki, Rusiyada yaşayan əmilərinin dəvəti ilə 1983-cü ildə, 17 yaşındaykən o, Moskvaya gedir. Əvvəlcə “Çeremuşka” adlanan ərazidə gül alveri ilə məşğul olur. Sonralar İliyevin gül satdığı ərazidə “Panorama” ticarət mərkəzi tikilir. Onun sahibi Zarah İliyev idi. Özünü müxtəlif sahələrdə sınayan İliyev konyak ticarətinə girişir. Ardınca “İzmaylovsk” bazarında bir neçə ticarət konteyneri satın alaraq onları iş adamlarına icarəyə verməklə pul qazanır. Getdikcə biznesini genişləndirən İliyev yeni sahələri əlinə keçirir.

O, 1993-cü ildə “İliyev” firmasını yaradır. Bu firma vasitəsilə İliyev Çerkizovsk bazarının bir hissəsinə nəzarət edir. 2000-ci ildə Zarah İliyev artıq Moskvadakı ən böyük topdan satış mərkəzlərindən olan “Moskva” ticarət mərkəzinin 57%-ni satın alır. 200 min kvadrat metrlik mərkəzin digər sahibi Moskva meriyası olur. İliyev “Safra İnstruments” şirkətlər qrupunu yaradır. 2008-ci ildə BelizRespublikasında qeydiyyatdan keçən “Binston İnvestments Limited” də bu şirkətlər qrupuna məxsusdur.

Moskvada rəsmi məlumatlara görə, sayı 30 min olan dağ yəhudiləri icmasının həyatında İliyev aktiv rol oynayır. O, Moskva Dağ yəhudiləri icmasının sədridir. Elə biznes fəaliyyətini nəzər salanda görürük ki, İliyev daha çox öz həmvətənləri ilə işbirliyinə üstünlük verir. Rəhbəri “Safra İnsruments” şirkətlər qrupunda əsas vəzifələr Alyoşa Yakubov, Edin Xananiyev, Don Mirov, Benyaqu Şalmiyev, İstahar İlhananov və s. kimi dağ yəhudilərinə məxsusdur. Həmçinin öz həmvətənləri ilə birlikdə o, Moskvada “Qrand” mebel mərkəzi, “Elektron Cənnət” ticarət mərkəzi və “Moskva” avtomobil mərkəzinin sahibidir. “Çerkizovsk” bazarının idarəçiliyini isə İliyev İsmayılovla birlikdə həyata keçrirdi. Lakin onun müştərək layihələr həyata keçirirdi.

Qod Nisanov onun ən yaxın tərəfdaşıdır. Qırmızı qəsəbədən qapı qonşu olan Qod Nisanov və Zarah İliyev dostluqlarını illər sonra mənfəətli biznes ortaqlığına çeviriblər. Onların ən uğurlu ortaq layihələrindən biri “Avropa” ticarət mərkəzidir. Təkcə 2012-ci ilin dekabrında mərkəzi 4,54 milyon insan ziyarət edib. Rekord isə 2009-cu ilin dekabrında qoyulub. Həmin vaxt mərkəzi 5,38 milyon insan ziyarət edib.

2006-cı ildə Zarah İliyev əsas ticarət tərəfdaşı Qod Nisanovla birlikdə “Biskvit” ticarət cəmiyyəti andından Moskva hökumətindən 275 milyon dollara “Ukrayna” mehmanxanasını satın alıblar. Stalin dövrünün göydələnlərindən sayılan mehmanxananın adı dəyişdirilərək “Reddison-Ukrayna” qoyulur. “Reddison-Ukrayna” ilə yanaşı tərəfdaşlar Moskva çayı ilə hərəkət edən 7 yaxta, 3 buzqıran buksir və 3 barja sahibdirlər.

47 yaşlı Zarah İliyevin adı ilk dəfə “Forbes” jurnalına 2005-ci ildə düşüb. O, 400 milyon dollara sərvətə malik olan biznesmen Rusiyanın 71-ci ən varlı şəxsi sayılırdı. Lakin artıq 2010-cu ildə o, sərvətini 950 milyon dollara qədər artıraraq jurnalın reytinqində 66-cı yerə yüksəlib. “Forbse” jurnalının 2013-cü ildə açıqladığı son məlumatda isə Zarah İliyev 3 milyard dollar sərvətlə 35-ci yerdə qərar tutub. Biznesin müxtəlif sahələrinə maraq göstərən İliyevin əsas sərvəti Moskvadakı daşınmaz əmlak bazarı ilə bağlıdır. Özünəməxsus ticarət və kommersiya obyektlərini icarəyə verməklə İliyev hər il 1,1 milyard dollar gəlir əldə edir.

Evli və iki uşaq atası olan Zarah İliyev Azərbaycana da maraq göstərir. 2005-ci ilin mayında Bakı Dəri zavodunun ərazisində prezident İlham Əliyevin iştirakı ilə “Gön dəri” fabrikinin açılışı oldu. Dəri emalı ilə məşğul olacaq fabrikin direktoru Yaruhom İliyev Zarah İliyevin doğma qardaşıdır. İncəsənətə, xüsusilə rəsm əsərlərinə maraq göstərən Zarah İliyev biznesini genişləndirməkdə davam edir. Rusiyalı ekspertlərin fikrincə o, Rusiyanın ən perspektivli biznesmenləri arasında yer alır.

Amma hələ də onu üzdən tanıyan çox az adam var. Zarah İliyev üçün öz siması da kapitaldır.

Mənbə: Modern.az






Fikirlər