Azərbaycanlı biznesmenlər Moskvanın ən böyük ərzaq bazarını necə yaratdılar...
Modern.az “Fobres”ə istinadən xəbər verir ki, Moskvanın əsas ərzaq kralları arasında əslən Azərbaycandan olan biznesmenlər -
Qod Nisanov və Zarah İliyev də yer alıb.
Onlara məxsus “Fud siti” ərzaq anbarı Moskvanın ən böyük kənd təsərrüfatı məhsullarının satıldığı obyektdir. Əslən Qubanın Qırmızı qəsəbəsindən olan yəhudi əsilli iş adamları Moskvanın ərzaqla təmin olunmasına 2013-cü ilin oktyabrında Qərbi Biryulovadakı nəhəng Pokrov meyvə-tərəvəz anbarının bağlanmasından sonra başlayıblar. Həmin vaxt Azərbaycan vətəndaşı Orxan Zeynalovun Biryulovo sakini Yeqor Şerbakovu qətlə yetirməsi Pokrov bazarındakı miqrantlardan narahat olan yerli əhalini bazara hücum etməyə vadar etmişdi.
Tezliklə qanunsuz mühacirlərin olması bəhanəsi ilə Qərbi Biryulovadakı Pokrov bazarına Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları daxil olur. Yoxlamalar bazardakı məhsulların zay olması barədə qərar verilməsi, icarədarların isə müflisləşməsi ilə nəticələnir.
Ən ağır cəzanı isə Moskvadakı ən böyük meyvə-tərəvəz bazarı olmuş Pokrov bazarının rəhbərliyi çəkir. Bazar faktiki olaraq Rövşən və Məhərrəm adlı azərbaycanlı qardaşların “Azfrut” şirkəti tərəfindən icarə əsasında idarə olunsa da, reallıqda onlar Pokrov bazarının idarə olunmasından əldə etdikləri gəliri bazarın real sahibi İqor İsayev və qardaşı Əlishəb Hacıyevə tabe idilər. “Novıe Çeremuşki” şirkətinin prezidenti kimi Pokrov bazarının səhmlərinin 57 faizinə sahib olan İsayev qardaşı ilə birlikdə vergidən yayınma və qanunsuz miqrantların bazarda saxlanmasını təmin etdikləri üçün Rusiya prokurorluğu tərəfindən beynəlxalq axtarışa verilir.
Moskvanın ən böyük meyvə-tərəvəz bazarının bağlanmasından istifadə edən Zarah İliyev və Qod Nisanov özləri üçün yeni sahə olan ərzaq biznesinə daxil olurlar. Rusiya paytaxtının ən böyük paltar bazarı “Sadovod”, “Yevropeyskiy” ticarət mərkəzi və “Ukrayna” mehmanxanasına sahib olan biznes partnyorları Pokrov bazarının bağlanmasından 1 ay sonra Moskva dairəvi yolunun 900 metrliyində yerləşən “Lotos” ticarət mərkəzini 1 milyard dollara satın alırlar.
Azərbaycan əsilli biznesmenlər yeni obyektlərində Moskvanın kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan ən böyük aqroklasteri - “Fud siti”ni inşa edirlər. 2014-cü il sentyabrın 2-də Moskva meri Sergey Sobyanin təntənəli şəkildə “Fud siti” kompleksinin açılışında iştirak edir.
Kompleksin pavilyonlarını ərzaqla doldurmaq üçün isə Qod Nisanov anadan olduğu Azərbaycana üz tutur. 2014-cü il sentyabrın 25-də Moskva meri Sergey Sobyaninin başçılıq etdiyi nümayəndə heyətinin tərkibində Bakıya gələn biznesmen ölkə rəhbərliyi ilə apardığı danışıqlardan sonra Azərbaycanın meyvə-tərəvəz məhsullarının birbaşa “Fud siti”yə gətirilməsinə razılıq alır.
Rusiyaya ərzaq idxal edən əsas 10 ixracatçıdan biri olan Zarah İliyev və Qod Nisanov üçün “Fud siti”ni ərzaqla, xüsusən Azərbaycan meyvə-tərəvəzi ilə təmin etməyə kömək edir.
Hazırda “Domodedovo” bazarı ilə birlikdə “Fud siti” Moskvanın ən böyük ərzaq anbarı hesab olunur.