RUSİYANIN BADAMOV “DƏRDİ”... - Moskvanın deputata qarşı addımının arxasında NƏ DURUR?

Ötən gün Rusiyanın “böyüklüyünü” və “qlobal gücü”nü göstərən növbəti hadisə baş verib: Azərbaycan Milli Məslisinin üzvü Azər Badamov Moskva aeroportunda saxlanılaraq, heç bir izahat verilmədən Bakıya geri qaytarılıb.

Badamov Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün Rusiyanın Həştərxan vilayətinə səfərə gedən Azərbaycan nümayəndə heyətinin tərkibində olub və səfəri təşkil edən Həştərxan rəhbərliyidir. Buna baxmayaraq, deputata adi “rus qonaqpərvərliyi” göstərilərək, Rusiyaya girişinə icazə verilməyib...

Beləliklə, “qlobal gücünü” Badamova göstərəcək qədər cılız durumda olan Rusiyanın bu hərəkəti həm də Moskvanın Azərbaycanın media məkanını, siyasi gündəmini, mətbuatını necə diqqətlə, xırdalıqlarına qədər izlədiyinin göstəricisidir. Belə ki, rəsmən elan edilməsə də, Badamovun Azərbaycanı, Azərbaycan xalqını təhqir edən Rusiya Dumasının üzvü, Darvinin insanın meymundan əmələ gəldiyi barədə təkamül nəzəriyyəsini həm xarici görünüşü, həm də açıqlama və davranışları ilə “sübuta yetirən” Nikolay Valuyevə mediada cavab verdiyi üçün Rusiyaya buraxılmadığı güman edilir.

 

 

Əgər belədirsə, bu, bir daha Rusiyanın keçmiş SSRİ respublikalarına yuxarıdan aşağı baxmasının, təhqiredici münasibətinin növbəti nümunəsidir. Belə çıxır ki, istənilən şovinist, başıpozuq rus rəsmisi, deputatı qonşu ölkəni, onun xalqını təhqir edə bilər və heç kim də ona “gözün üstə qaşın var” deyə, ona cavab verə bilməz. Cavab verən tapılarsa, o da bu cür “cəzalandırılar”.

Təbii ki, Azərbaycan da Valuyev kimilərə qarşı qadağalar tətbiq edib. Lakin bu barədə rəsmi bəyantalar verilib və onlar ölkəmizdə arzuolunmaz şəxs elan olunublar. Badamovla bağlı isə buna qədər Rusiya tərəfindən heç bir rəsmi bildiriş olmayıb. Həştərxana gedən nümayəndə heyətinin tərkibi də əvvəlcədən Rusiya tərəfinə məlum olub. Buna baxmayaraq, vaxtında sözügedən deputata qarşı qadağa olduğu barədə məlumat verilməyib və onun səfərinə etiraz edilməyib.

Belə nəticə çıxarmaq olar ki, Badamovun nümayəndə heyətində yer almasına əvvəlcədən qəsdən etiraz edilməyib ki, sonradan onu nümayişkaranə şəkildə aeroportda saxlayıb, geri göndərsinlər. Bununla da “Kremlə boyun əymək istəməyən, müstəqil xarici siyasət yürütməyə çalışan qonşu ölkə”yə, onun rəhbərliyinə xəbərdarlıq, təzyiq mesajı verilsin.

 

 

 

Bunun məhz indi, 9 mayda Moskvada keçiriləcək parad öncəsi edilməsi isə məsələni daha da mürəkkəbləşdirir. Kreml bir tərəfdən Patriarx Kirilli Bakıya göndərir, “Rus evi”nin bərpası üçün dəridən-qabıqdan çıxır, Azərbaycan da daxil olmaqla, keçmiş SSRİ respublikalarının rəhbərlərini 9 may paradına qatılmaları üçün zəhləsini tökərək, israrla Moskvaya dəvət edir. Digər yandan da bu cür çirkin təxribatlara əl atır. Bunun məhz 9 may ərəfəsində edilməsi nəyin siqnalıdır? Bu, sanki Azərbaycan rəhbərliyini zatən böyük səs-küyə səbəb olan və beynəlxalq birlikdə birmənalı qarşılanmayan parada qatılmaqla bağlı xoşagəlməz vəziyyətdə, seçim qarşısında qoymaq təsiri bağışlayır...

Qeyd edək ki, bundan iki gün öncə ə Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının sədri Ramid Namazov cari il fevralın 20-də Azərbaycandakı media resurslarına qarşı həyata keçirilən kiberhücumların arxasında Rusiyanın durduğuna işarə edən açıqlama vermişdi. Məlumat üçün bildirək ki, hücumun hədəflərindən biri də “AzPolitika” saytı olub.

 

 

Deputat qeyd edib ki, həmin kiberhücum Rusiyadakı haker qrupları tərəfindən həyata keçirilib. Təbii ki, belə qruplar Rusiya xüsusi xidmət orqanlarının tabeliyində, nəzarətndə fəaliyyət göstərir. Badamova qarşı məlum addım həm də bu çıxışa cavab ola bilər.

Bir sözlə, deputata qarşı bu hərəkət təbii ki, sırf onun özünə, hansısa çıxışına deyil, ümumilikdə Azərbaycana qarşı təzyiq və təhdidlərin üzdə görünən və nümayişkaranə şəkildə büruzə verilən tərkib hissələrindən biridir...

Azərbaycan tərəfi bu təzyiqlərə imkanları daxilində cavab verir. Rəsmi məlumatda deyilir ki, Rusiyadakı Səfirliyimiz vasitəsilə Rusiya XİN ilə əlaqə saxlanılıb.Rusiya XİN-in rəsmisi məsələnin araşdırılacağını bildirsə də bu qərarın səbəbləri barədə izahat verməyib.

“Rusiya tərəfinin verdiyi bu qərarı qeyri-dost addım hesab edir, məsələ ilə əlaqədar Rusiya tərəfindən tutarlı izahat veriləcəyini gözləyirik" – deyə, Azərbaycan XİN-dən bildirilib

 

 

 

Azərbaycanın mülki təyyarəsini vurub, heç bir normal izahat verməyən, üzr istəməyən bir dövlətdən deputata qarşı edilən hərəkətə görə normal, sivil qaydalara uyğun izahat veriləcəyini gözləmək əlbəttə ki, sadəlövhlük olar...

Bütün bunların fonunda hələ utanmadan, həyasızcasına Bakıda “Rus Evi”-nin bərpasına yönələn çoxsaylı müraciətlər olunur. Rusiya Federasiya Şurasının sədri Valentina Matvienkonun Bakıya səfəri, Mariya Zaxarovanın, Yevgeni Primakovun, ayrı-ayrı Duma üzvləri və politoloqların çıxışları, açıqlamaları, bəyanatları və s. buna misaldır.

Bu, həm də Azərbaycandakı Putin, “rus dünyası”, “rus evi”, rus dili sevdalıları, SSRİ-nin xifətini çəkənlər üçün də mesajdır. Rusiyanı, rusu nə qədər bəyənsəniz, onun maraqlarına xidmət etsəniz, nə qədər onun qarşısında əyilsəniz, müti poza alsanız da onun gözündə bir qara qəpiklik dəyəriniz yoxdur və olmayacaq. Necə ki, onun “dostluğunun”, “strateji tərəfdaşlığının” da bir qara qəpiklik dəyəri yoxdur...

“AzPolitika.info

 

 






Fikirlər