
Prezidentliyinin 100 gününə heç bir ciddi siyasi uğur qazanmadan çatan Donald Tramp “qələbə portfelini” doldurmaq üçün qeyri-adi addım atıb – o, ABŞ-ı həm Birinci, həm də İkinci Dünya müharibələrinin əsas qalibi elan edib.
Musavat.com "haqqın.az"a istinadən xəbər verir ki, Tramp bu barədə sosial media platforması Truth Social-da yazıb və bildirib ki, 11 noyabrda qeyd olunan ABŞ Veteranlar Günü bundan sonra Birinci Dünya Müharibəsində Qələbə Günü, 8 mayda qeyd olunan Avropada Qələbə Günü isə İkinci Dünya Müharibəsində Qələbə Günü kimi tanınmalıdır. Hələlik rəsmi qərar verilməyib, amma prezidentin niyyəti açıq şəkildə bəyan olunub.
Tarixçilər isə bu iddianı tənqid edirlər. Çünki İkinci Dünya Müharibəsində qələbə bir çox ölkənin faşizmə qarşı birləşməsi ilə mümkün olmuşdu. ABŞ-ın bu müharibələrdə mühüm rolu inkar olunmasa da, o, hər iki müharibəyə gec qoşulmuşdu. Lakin Tramp kollektiv səyləri tanımaqdan imtina edərək deyib:
“Biz hər iki müharibəni qazandıq. Digər ölkələr nə hərbi güc, nə cəsarət, nə də komandanlıq baxımından bizimlə müqayisə edilə bilməz.”
|

Bu tip yanaşmalar ABŞ-ın yaxın müttəfiqlərində belə narazılıq yaradır. Yaxın günlərdə ABŞ-ın vitse-prezidenti Cey Di Vens Avropa ölkələrinin Ukraynaya qoşun göndərmək ehtimalı ilə bağlı dedikləri ilə Britaniya ictimaiyyətini qəzəbləndirib. O, “30-40 ildir müharibə aparmayan təsadüfi ölkələrin 20 min əsgəri” ifadəsini işlədib. Halbuki Britaniya ordusu ABŞ-la birgə İraq və Əfqanıstanda döyüşlərdə iştirak edib və itkilər verib. Vens sonradan dediklərinin düzgün başa düşülmədiyini desə də, əslində, bu sözlər ABŞ rəhbərliyinin dünyaya, xüsusilə də müttəfiqlərinə qarşı təkəbbürlü münasibətini açıq göstərir.

Tramp və Putinin “qələbə mübahisəsi” – Stalinin mirası kimə çatacaq?
Ən maraqlısı isə odur ki, Tramp “qələbə mülkiyyətinə” iddia edərkən Rusiya prezidenti Vladimir Putinlə eyni ritorikanı bölüşür. Putin də illərdir ki, Qələbə Gününü ölkə daxilində milli kimliyin əsas sütununa çevirib.
Əgər Stalin dövründə 9 May adi iş günü idisə, 1965-ci ildən – Brejnev dövründən başlayaraq bu tarix rəsmi bayram kimi qeyd olunmağa başladı. Lakin Putin bu günü təntənəli paradlar, hərbi nümayişlər və təhdid dolu ritorika ilə dolduraraq, onu Rusiya üçün “yenidən güc” simvoluna çevirib.
Məsələn, 2010-cu ildə Putin demişdi ki, “Rusiya Ukraynanın köməyi olmadan da qələbə qazanardı.” Bu günlərdə isə Peskov bildirib ki, “SSRİ ABŞ-ın lend-liz (kredit və icarə) dəstəyi olmasa da qalib gələrdi.”
|
Bu cür açıqlamaları ciddi şəkildə müzakirə etmək tarixi məsuliyyətdən yayınmaq deməkdir. Amma Trampın da eyni istiqamətdə addımlar atması, ABŞ-ı “yeganə qalib” kimi təqdim etməsi onu Putinlə simvolik rəqabətə daxil edir.

“Qələbə kultu” – beynəlxalq simvola çevrilir
Bu yeni rəqabət siyasi və iqtisadi deyil, simvolik xarakter daşıyır – kim daha çox “babanın qələbəsinə” sahib çıxır?
Təsadüfi deyil ki, Tramp bu iddiaları səsləndirdiyi vaxt, ABŞ rəhbərliyi Putini beynəlxalq təcriddən çıxarmağa çalışır. Müttəfiqlərin xəbərdarlıqlarına baxmayaraq, Tramp Putinlə əməkdaşlığa açıq olduğunu bildirir. Bəlkə də bu səbəbdəndir ki, Serbiya prezidenti Vuçiç və Slovakiya baş naziri Fitsonun Moskva paradına gəlməmə ehtimalı barədə yayılan xəbərlər Trampın “qələbəyə monopoliyası” ilə əlaqələndirilir.
Bu iddialar rəsmi təsdiqini tapmayıb, amma tamamilə əsassız da deyil.
Məqalənin orijinalı bu linkdə: https://haqqin.az/news/347277