RUSİYA YENİ BÖYÜK QARANLIĞIN ASTANASINDA - Putinin Trampa olan stavkasını sıfırlayan səbəblər
Namiq Bilal Açıq qaynaqlardakı məlumatlara görə Rusiya Ukrayna müharibəsində bir milyona yaxın döyüşçüsünü itirib. Və bu, vətən müdafiəsi üçün deyil, geopolitik ambisiyalar üçün itirilmiş milyondur. Çoxları hesab edirdi ki, rus cəmiyyəti müharibənin əleyhinədir, itkilərin sayı artdıqca rus cəmiyyətində təlatümlər, etirazlar başlanacaq. Lakin reallıq fərqlidir. Rus ictimai təfəkkürü Krımın, Donbasın işğalını ayaq üstdə alqışlayır, Xarkovun və digər Ukrayna şəhərlərinin indiyə qədər alına biməməsini isə milli qürurlarının aşağılanması kimi dəyərləndirirlər. Rus xalqı yeni qələbələr gözləyir. Və bu Solovyovun, Skabeyevanın təbliğatının məhsulu deyil, milli təfəkkür məsələsidir... Müharibələri başladan ən əhəmiyyətli faktorlardan biri millətlərin psixoloji stereotipləridir. Tarixlərində imperiya qurmuş millətlər hər zaman itirilmiş qüdrətli keçmişlərinin xiffətini çəkirlər. Ruslar da imperiya qurmuş və itirmiş millətdir. Bu millət Sovetlər Birliyinin dağılmasını iyirminci əsrin ən böyük faciəsi və ədalətsizliyi hesab edir. Və rus milli təfəkkürü Sovetlər Birliyinin bərpası istəyi ilə alışıb-yanır. Putin də bu istəyi gerçəkləşdirir, ˝ədalətsizliyi˝ aradan qaldırır. Bu səbəbdən, Ukraynanın yenidən birləşdirilməsi cəhdi və Krımın, Donbasın alınması kütləvi etirazlar doğurmadı. Tam əksinə, Putinin reytinqini artırdı. Bəyənsək də, bəyənməsək də bu belədir. Rus milləti bu hərbi kampaniyanın əleyhinə olsaydı, Rusiya rəhbərliyi belə qanlı qarşıdurmaya əsla girməzdi. Böyük anlamda, bu müharibə Putinin və Zelenskinin müharibəsi deyil. Bu, sözün tam mənasında rusların və ukraynalıların müharibəsidir. Nə Putin, nə də Zelenski, istəsələr belə bu müharibəni dayandıra bilməzlər. Çünki tərəflərin hər ikisinin müharibəni bitirmə şərtləri digər tərəfin şərlərti ilə fövqəladə dərəcədə ziddiyyətdədir. Müharibəni cəbhədəki real vəziyyətə uyğun bitirməyi Putin və ruslar qəbul edərdilər. Lakin ukraynalılar heç vaxt! Belə təslimçi sülhü imzalayan lideri ukraynalılar Kiyevin Kreşşatik meydanında daş-qalaq edərdilər. Ukraynalıların tələbi isə Krım da daxıl olmaqla, bütün ərazilərin Kiyevin nəzarətinə qaytarılmasıdır. Bunu da nə Putin, nə də rus tabanı əsla qəbul etməz. Milyon nəfərlik qurban bahasına alınmış torpaqlardan hansısa müəmmalı danışıqlardan sonra imtina edən Rusiya liderini Kremlin kandarından içəri buraxmazlar. Deməli, müharibənin davamı qaçılmazdır. Belə müharibələrdə topyekun sülh müqaviləsi yalnız iki tərəfdən birinin tam tükənməsi və təslimiyyətə məcbur olması halında imzalanır. Tərəflərdən heç birinin yaxın gələcəkdə tamamilə tükənəcəyi gözlənilmir. Rusiya təbii sərvətləri və insan potensialı ilə birlikdə çox nəhəngdir. Ukraynanın arxasında isə bütövlükdə Qərb və indi daha çox Avropa Birliyi (AB) dayanıb. Avropalılara görə, Ukrayna təslim olarsa, ruslar ukraynalıları da özlərinə qatıb Avropaya girəcəklər. Yanlışdır, doğrudur bilmirik. Amma bu bir faktdır ki, Avropa Ukrayna üçün səfərbər olub. Tarix unudulmur və mərhələ-mərhələ təkrarlanır. Avropalılar da qanlı Rusiya-Avropa müharibələrini unutmayıblar. Rusiyanı zəiflətmək istəyi avropalıların genetik kodlarına oturub. Özlərinin də açıq şəkildə ifadə etdikləri kimi, ˝Qərb, Ukrayanın əli ilə rus ayısının dişlərini və caynaqlarını sökür˝. İki slavyan milləti bütün körpüləri yandıraraq çıxılmaz dalanın içinə soxulublar. Və bu, bir fürsətdir. Avropalılar yaranmış fürsəti əldən buraxmayacaqlar. Son dövrlərin hadisələri göstərir ki, Qərb də bütövlüyünü sona qədər qoruya biləcək geopolotik oyunçu deyil. Maraqlar toqquşdu və tarixi ittifaqlar böyük sual altına düşdü. Trampın oyun pozucu həmlələri bütün kartları yenidən düzür. Bəlkə də tarixdə ilk dəfədir ki, Böyük Britaniya ABŞ-nin deyil, Avropanın yanında yer alır, qitə Avropası ilə birlikdə Ukraynanı sona qədər müdafiə edəcəyini göstərir. Dünyanın yeni düzənindəki çox böyük tarixi qırılmanı isə Polşa Prezidenti Donald Tusk bircə cümlə ilə ifadə etdi: ˝Beş yüz milyonluq Avropa, yüz qırx milyonluq Rusiyadan qorunmaq üçün, üç yüz əlli milyonluq ABŞ-dən yardım istəməməlidir˝. Bu, əhəmiyyətini dərindən hiss etdirəcək tarixi həmlədir. Avropa Rusiya ilə çoxəsrlik qarşıdurmada Birləşmiş Ştatların çətiri altından çıxır və məsuliyyəti öz üzərinə götürür. Avropa birliyi, başda Almaniya olmaqla, çox böyük hərbi büdcə ayıraraq bu istiqamətdə praktik addımlara qərar verib. Altını qırmızı xətlə cızırıq: Ard-arda iki dəfə dünya müharibəsi başladan Alman hərb maşını yenidən qurulur. Alman dəqiqliyi bu məsələdə də qüsursuz çalışacaqsa, tamamilə yeni qüvvələr balansının şahidi olacağıq. Avropanın bu həmləsi həm ABŞ, həm də Rusiya üçün ˝soyuq duş effekti˝ yaradıb. AB-nin həm maliyyə imkanları, həm də texnoloji potensialı son dərəcə yüksəkdir. Avropa Ağ Evin oyunbazlıqlarından qurtulur və bütün imkanları ilə Ukrayna cəbhəsinə fokuslanır. Nəticədə, Birləşmış Ştatlar öz əli ilə özünü ən böyük geopolitik çəkişmə səhnəsində oyundankənar vəziyyətə salır. Bu, nə Trampın, nə də ABŞ-nin maraqları çərçivəsində deyil. Vəziyyəti düzəltmək üçün Tramp Rusiya ilə arasına məsafə qoymağın və Ukrayna cinahına qayıtmanın siqnallarını verir. Belə gedişat Putinin Trampa olan ˝stavkasını˝ əhəmiyyətsiz oyuncağa çevirir. AB Rusiyanın qarşında duruş gətirmək və Ukraynanı dəstəkləmək üçün misilsiz silahlanma proqramına start verib, ABŞ isə yenidən antirus cəbhəsinə doğru meyllənir. Deməli, Ukraynanı nə təslim olmağa, nə də uduzmağa qoymayacaqlar. Bu isə Rusiya üçün çox böyük yeni qaranlığın başlanğıcıdır. “AzPolitika.info”