18.09.2014- Putin yenə hədələdi: “İstəsəm iki günə nəinki Kiyevi, hələ Varşavanı da alaram...”

18.09.2014- Putin yenə hədələdi: “İstəsəm iki günə nəinki Kiyevi, hələ Varşavanı da alaram...” Rusiya prezidenti Vladimir Putin “istəsəm iki günə Kiyevi alaram” hədəsini bu dəfə Ukrayna prezidenti Pyotr Poroşenko ilə telefon danışığı zamanı təkrar edib.

Virtualaz.org saytı xəbər verir ki, Almaniyanın “Sueddeutsche Zeitung” yazdığına görə, ötən həftə Kiyevdə Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozo ilə Ukrayna prezidenti Pyotr Poroşenko arasındakı görüşün stenoqramında bu haqda deyilir.

Protokola əsasən Poroşenko Barrozoya məlumat verib ki, Putin bu günlərdə aparılmış telefon danışıqlarının birində “əgər istəsəm, rus qoşunları iki günə nəinki Kiyevi, üstəlik Riqanı, Vilnüsu, Tallini, Varşavanı və ya Buxaresti də ala bilərəm” deyib. Protokola görə, Poroşenko Putin tərəfindən səsləndirilmiş bu təhdidi ona görə xatırladıb ki, Rusiya prezidentinin Avropa İttifaqının keçmiş sovet respublikalarına təsirinə necə emosional reaksiya verdiyini çatdırsın.

Bundan əvvəl Rusiya prezidenti “istəsəm iki günə Kiyevi alaram” hədəsini Barrozonun özü ilə telefon danışığında bildirmişdi. Avropa Komissiyasından sızdırılan məlumata görə, Barrozo Putini Ukraynaya hərbi müdaxiləni dayandırmağa çağıranda Rusiya prezidenti qəzəblənib və bildirib ki, rus qoşunları Ukraynanın şərqində baş verənlərə qarışmır. Əgər Rusiya hərbi müdaxilə etsəydi, iki günə Kiyevi alardı.

Barrozo Putinin bu sözlərini Avropa liderlərinə çatdırıb. Kreml isə onu telefon danışığını təhrif olunmuş formada sızdırmağa görə tənqid edib.

İndi alman qəzeti yazır ki, Rusiya lideri bu vaxta qədər NATO və ya Avropa İttifaqına üzv olan ölkələri heç vaxt birbaşa hədələməmişdi. Ancaq indi görünür ki, Putin nəinki Kiyevi, hətta NATO üzvü olan Baltik ölkələrini, Macarıstanı və Polşanı da almaqla hədələyir.






Fikirlər