Nəsirov Badamovun Moskvada saxlanılmasından danışdı - “İki nəfər yaxınlaşdı ki...”

“İlkin olaraq sərhəd xidmətindən rahat keçdik”.

AzerTaym.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Həştərxana səfər çərçivəsində saxlanılan millət vəkili Azər Badamovla yanaşı, nümayəndə heyətində olan həmkarı Elman Nəsirov bildirib.

O qeyd edib ki, əvvəlcə heç bir problem olmayıb, hər şey qaydasında gedib: “Daha sonra iki nəfər Sərhəd Mühafizəsinin əməkdaşı yaxınlaşdı ki, sizinlə bağlı dəqiqləşdirmə aparılmalıdır, sizə “STOP” qoyulub. “On gün qabaq Dağıstanda səfərdə olmuşam. Necə oldu ki, mən Dağıstana gedəndə analoji problemlə üz-üzə qalmadım, indi belə bir məsələ ilə üzləşirəm?”, - Azər müəllim bildirdi.

Biz, Azər müəllim Rusiya ilə dostluq qrupunun, MDB-də bizim nümayəndə heyətinin üzvüdür, bu nə anlaşılmazlıqdır? - desək də, “kompüterdə texniki səhv olmuş ola bilər”, - deyə cavab verildi.

Bir neçə dəqiqə sonra isə dedilər ki, təhlükəsizlik məsələləri ilə bağlı Azər Badamov geri qayıtmalıdır. Ümumi ifadə işlətdilər. “Təhlükəsizlik deyəndə siz nəyi nəzərdə tutursunuz?”, - sualımıza cavab verməkdən yayındılar”.

E. Nəsirov Milli Məclisin atmalı olduğu addımdan da danışıb: “Hesab edirəm ki, konkret cavab olmalıdır. Çünki artıq Rusiyadakı Səfirliyimiz bu ölkənin Xarici İşlər Nazirliyinə müraciət edib. Hadisə bazar gününə təsadüf etdi. Artıq bu gün yeni iş həftəsi başlayır. Hesab edirəm ki, yaxın zamanda məsələ ilə bağlı aydın, məntiqli cavab ortaya çıxacaqsa, buna adekvat reaksiya və davranış ola bilər”.

Qeyd edək ki, Milli Məclisin deputatı Azər Badamov Həştərxan vilayətinə səfəri çərçivəsində Rusiyanın Moskva hava limanında saxlanılıb və ölkəyə girişinə qadağa qoyulub.

 






Fikirlər