"O, faktları kiçiltməyə cəhd edib, ola bilsin ki,..." - Seymur Verdizadədən Azər Həsrətə cavab

Jurnalist Azər Həsrət həmkarı Seymur Verdizadə haqqında "Seymur Verdizadənin "faciəsi” başlıqlı köşə yazısı ilə çıxış edib.

Yazıda A.Həsrət  qeyd edib ki, ötən il rayonların birində Seymur Verdizadə ilə birgə müəllimlər üçün onlayn ifadə azadlığı mövzusunda keçirdikləri seminarda iştirak ediblər. 

Seminarın sonunda tədbirə qatılan müəllimlər yox, təsadüfi adamlar Seymur Verdizadə ilə şəkil çəkdirmək üçün növbəyə düzülüblər. A.Həsrətin bildirdiyinə görə, ikinci belə seminar Tərtərdə keçirilib. Orada iştirak edən müəllimlər isə Seymur Verdizadəyə hörmətlə yanaşıblar, lakin Azər Həsrətlə şəkil çəkdirməyi üstün tutublar.

S.Verdizadənin isə həmkarına cavabı özünü çox gözlətməyib. 

S.Verdizadə Azadinform-a bildirib ki, A.Həsrət bu yazıda fikirlərini dolğun ifadə edə bilməyib: 

"Hesab etmirəm ki, Azər Həsrətin bu gün yazdığı yazıda mənə qarşı qərəz var və ya nəsə aşağılama mövqeyi  tutub. Sadəcə mənə elə gəlir ki, Azər bəy fikirlərini dolğun ifadə edə bilməyib. Azər Həsrətlə 2 rayonda səfərdə olmuşam. Hər iki rayonda ziyalılardan özümə qarşı hörmət və diqqət görmüşəm”.

S.Verdizadənin sözlərinə görə, hər iki rayonda insanlar onunla şəkil çəkdirib: "Ola bilsin ki, üstündən zaman keçdiyinə görə, dostumuz Azər bəy bunu unudub. Amma mən ikinci tədbirdə insanların kütləvi şəkildə Azər Həsrətlə şəkil çəkdirdiyini xatırlamıram”.

S.Verdizadə vurğulayır ki, ona xoş münasibət bəsləyənlərin əsasını ziyalılar təşkil edir: "Təəssüflər olsun ki, Azər bəy bu faktları kiçiltməyə cəhd edib. Ola bilsin ki, Azər bəy konkret sosial təbəqə ilə işlədiyinə görə müəllimlər onu daha yaxşı tanıyırlar. Lakin mən jurnalist kimi bir qrupa xitab etmirəm, cəmiyyətin bütün təbəqələrinə -  akademiklərə, həkimlərə, o cümlədən də ali təhsili olmayan insanlara xitab edirəm, yəni oxucularım rəngarəngdir”. 

Jurnalist əlavə edib ki, Azər Həsrət mətbuata ondan əvvəl gəlib və hazırda aktiv jurnalist kimi də fəaliyyət göstərir: 

"Arzu edərdim ki, dostum Azər bəy bir nüansa diqqət yetirsin ki, kiçik sosial təbəqə ilə işləmək jurnalist üçün bir o qədər də uğurlu deyil. Jurnalist cəmiyyətin bütün təbəqələrinə xitab etməlidir. Mənim oxucularım, ya da hansısa rayonda mənimlə şəkil çəkdirənlər arasında alim də ola bilər, sürücü də. Mən bu fakta görə utanmıram. Çox şadam ki, cəmiyyətin bütün təbəqələrini təmsil edən insanlar məni tanıyır, oxuyur, sevir. 

Azər Həsrətə isə hörmətim var. Onun yazılarını, yaradıcılığını diqqətlə izləyirəm. Zövqünə inandığıma və güvəndiyimə görə yazılarımı saytda yerləşdirdikdən sonra linkini ona göndərirəm ki, fikirlərini bildirsin. Onun rəyləri məni həmişə qane edir”.

 






Fikirlər