Rusiya küləkləri nə vəd edir?

Rusiya küləkləri nə vəd edir?Azərbaycan siyasətində “Rusiya amili” yenidən önəm kəsb etməyə başlayıb

ABŞ prezidenti Barak Obamanın rəsmi Bakını tənqid etməsi fonunda rus millətçiliyinin simvolu olan Vladimir Jirinovskinin Azərbaycanda təmtəraqla, ən yüksək səviyyədə qəbul edilməsi Qərbə qarşı açıq demarş kimi qiymətləndirildi.

Moskvaya doğru üz çevirməklə sanki rəsmi Bakı nümayiş etdirir ki, Rusiyanın Azərbaycandakı proseslərə təsir imkanları xeyli dərəcədə böyükdür, odur ki, seçim Rusiyanın xeyrinədir. Belə bir seçim də böyük dəyişikliyə səbəb ola bilmir.
Məsələ ondadır ki, indiki şəraitdə rəsmi Bakıya edilən təzyiqlər Qərb və Rusiyanın müştərək layihəsi kimi təqdim olunur.

Göründüyü kimi, Azərbaycan təklənmiş durumdadır. Belə vəziyyətdə, faktiki olaraq hamının etirazını göz önünə almaq və Rusiyaya doğru addımlamaq gələcək gərginlikdən xəbər verir.

İslahatları həyata keçirməyə, narazı tərəflərin şərtlərini yumşaltmağa yönəlmiş addımlar atmağa siyasi iradə lazımdır.

Bu baxımdan, rəsmi Bakının davranışı çoxsaylı suallar doğurur. Belə ehtimallar da mövcuddur ki, Rusiyanı təzyiqlərə təhrik etmək rəsmi Bakının manevrləridir.
Belə ki, iqtidar daima coğrafi şəraitindən yaraqlanaraq, “düşmən qonşular” əhatəsində yerləşdiyini Qərbə nümayiş etdirib və bunun dividentlərini qazanıb. Hazırda isə Qərbin Azərbaycan iqtidarına təzyiqlərinin arıtdığı bir zamanda yenidən Rusiya tərəfindən sıxıldığını, bunun isə ABŞ-ın enerji layihələrinə ciddi zərbələr endirdiyini nümayiş etdirmək Bakının aldadıcı manevrləri ola bilər.


Yəni Rusiya Qərbin enerji layihələrinin təminatçısı kimi çıxış edən Azərbaycan hakimiyyətini “bitirmək” istəsə, ikincinin rəsmi Bakıya dəstək verməkdən başqa yolu qalmır. Lakin əgər “Azərbaycan məsələsi”ndə tərəflər razılığa gəlsələr, vəziyyət daha da ağırlaşa bilər.

Ölkədə qəribə situasiya yaranıb. Sanki prosesləri Rusiyanın xüsusi xidmət orqanları idarə edirlər. Əgər belədirsə, o təqdirdə ölkəni daha faciəli perspektiv gözləyə bilər.
Hakimiyyətin seçəcəyi yol hamını düşündürür. Sağlam məntiq və ölkənin gələcəyi Rusiyanın “beşinci kolon”unun təmizlənməsini zəruri edir.


Rusiya öz təsir agenturasının dili ilə tələblərini açıqlayır - rus ordusu yenidən Azərbaycana qayıtmalıdır, Bakı enerjidaşıyıcılarında Moskva ilə daha sıx əməkdaşlıq etməli, siyasi iradəsinin önəmli hissəsini “könüllü” şəkildə “böyük qardaşa” həvalə etməlidir.
Ən acınacaqlısı isə odur ki, Rusiya qoşunlarını duz-çörəklə qarşılamaq istəyənlər Türkiyəni düşmən kimi təqdim edir və Azərbaycanın yeganə strateji müttəfiqi ilə münasibətlərini korlamağa çalışırlar.

Bir sözlə, ölkədə “şimal küləkləri” indi daha bərk əsir və hər an qasırğa qopması ehtimalı mövcuddur. Qasırğanın hansı fəlakətləri gətirəcəyini isə ehtimal etmək o qədər də çətin deyil.

Əminliklə vurğulamaq olar ki, Rusiya öz təhdidlərini bundan sonra da davam etdirəcək. Bu təhdidlər rəsmi Bakını qərbyönümlü siyasi kursdan üz çevirməyə vadar etməyə yönələcək.
Bu hədələrə isə Qərbin reaksiyası da önəmli olmalıdır. Rusiya faktiki olaraq müstəqil ölkəni işğal ilə hədələyir.

Moskvanın şantajlarının artdığı bir vaxtda Azərbaycanın xarici siyasətində baş verən dəyişikliklər nə dərəcədə məqbuldur? Rusiyanın təhdidlərinin genişləndiyi bir vaxtda Türkiyə və Avroatlantik məkanla əməkdaşlıq daha məqbul görünür.

Heç də təsadüfi hesab oluna bilməz ki, hakimiyyətdəki “beşinci kalon” tam hücuma keçib. Artıq onlar hakimiyyəti də rusiyapərəst xətt yeritməyə vadar edirlər. İndiki xəttin qarşısı alınmasa, daha ağır fəsadlar törədə bilər. Ehtimal etmək olar ki, Azərbaycanın gələcəyini düşünən qüvvələr məhz Qərblə inteqrasiya yolunu seçəcəklər...

Azər Rəşidoğlu.






Fikirlər