PARAD BİTDİ, SAVAŞA DAVAM... – ABŞ Kiyevə kütləvi raket hücumu barədə xəbərdarlıq edir

9 may Qələbə paradını müharibə paradına və özünün beynəlxalq izolyasiyadan çıxdığının nümayişinə çevirən Vladimir Putin yaxın günlərdə Ukraynaya qarşı kütləvi raket hücumuna hazırlaşır.

“AzPolitika” xəbər verir ki, ABŞ-nin Ukraynadakı səfirliyi bununla bağlı xəbərdarlıqla çıxış edib.

Səfirlik mayın 9-da axşam saatlarında Ukraynadakı ABŞ vətəndaşlarını “yaxın bir neçə gün ərzində” böyük hava hücumu riski ilə əlaqədar ehtiyatlı olmağa çağırıb.

ABŞ səfirliyi açıqlamasında "yaxın bir neçə gün ərzində istənilən vaxt baş verə biləcək potensial güclü hava hücumu haqqında məlumat aldığını" bəyan edib: "Səfirlik, həmişə olduğu kimi, ABŞ vətəndaşlarına hava hücumu xəbərdarlığı halında dərhal sığınacaq axtarmağa hazır olmağı tövsiyə edir".

Səfirlik həmçinin Ukraynadakı Amerika vətəndaşlarına bomba sığınacağı tapmaq, hava hücumu sirenlərini izləmək, qida və su təchizatı da daxil olmaqla tövsiyələrin siyahısını təqdim edib.

 

Bu xəbərdarlıq Vladimir Putinin 9 mayla bağlı elan etdiyi “üç günlük atəşkəs”in sona çatdığı vaxta təsadüf edir. Həmçinin, göstərir ki, aparılan danışıqlara, “gah nala, gah mıxa vuran” Donald Trampın optimist bəyanatlarına baxmayaraq, dəyişən heç nə yoxdur, savaş tam gücü ilə davam edir. Rusiyanın isə “yay hərbi kampaniyasına” hazırlıqlar gördüyü barədə məlumatlar var.






Fikirlər