“ERMƏNİSTANA ƏN BÖYÜK TƏHLÜKƏ NAXÇIVAN FAKTORUDUR” – “Azərbaycanda “5-ci kolon” MÖVCUDDUR”
Artıq ilin səkkizinci ayı başa çatmaq üzrədir və Qarabağ məsələsinin “ölü nöqtə”dən tərpədilməsi istiqamətində hər hansı addım müşahidə olunmur. Vəziyyət o dərəcədə mürəkkəbdir ki, hətta simvolik olaraq danışıqlara start verilməsi də mümkünsüz olub. Bu vəziyyət nə vəd edir, savaş perspektivi nə dərəcədə ciddidir? Situasiyanı sabiq xarici işlər naziri Tofiq Zülfüqarov şərh edib. Onun musavat.com saytına müsahibəsini təqdim edirik. - Tofiq bəy, Ermənistanın baş naziri Karen Karapetyan vəd etdiyi kimi, Qarabağa, istirahətə gəlib. Faktiki olaraq Ermənistan açıq şəkildə Azərbaycana meydan oxuyur. İşğalçı ölkənin konfrontasiyaya getməkdə məqsədi nədir? Bu vəziyyət sizə nə deyir? – Bilirsiniz, onların tərəfindən güc nümayişi, əks halın mövcudluğundan xəbər verir. Yəni onların vəziyyəti o qədər yaxşı deyil. Ona görə də bu addımları atmalıdılar ki, ictimaiyyəti sakitləşdirsinlər. Mənə elə gəlir ki, artıq onlar bu və ya digər şəkildə fikirləşməlidirlər ki, gələcəkdə nə olacaq. Yəni bizimlə uzun müddət mübarizə aparmağa onların gücü çatacaq, yoxsa yox? Ermənistan nəyə nail olubsa, 20 il bundan qabaq nail olub. Hazırda irəliləyiş də yoxdur. Müqayisə də edəndə onların gücü bizə nisbətən daim zəifləyir, həm iqtisadi, həm hərbi, həm də siyasi baxımdan. Onlar nə bacarıblarsa, ediblər. Ancaq artıq ermənilər üçün gələcək görünmür. Bu baxımdan doğrudan da onlar seçim qarşısındadırlar. Müxtəlif resurslardan istifadə ediblər, diaspora imkanlarından və s. Onlar bu dövləti nə şəkildə yaşadacaqlar, məlum deyil. - Amma fakt budur ki, ermənilər Azərbaycan torpaqlarında ikinci erməni dövləti qurmağa iddialıdır… – Onlar iddia edə bilərlər. Amma gəlin reallıqdan danışaq. Hər halda reallıq onu göstərir ki, onların iqtisadi, demoqrafik, hərbi qüvvələri maksimal şəkildə səfərbər olunub və burada qüvvələr axırıncı nəticəni əldə etmək üçün yetərincə deyil. Əksinə, Azərbaycan tərəfi, həm ictimaiyyət, həm dövlət sonadək iradəsini ortaya qoyur ki, mən bu torpaqlardan ötrü vuruşacağam, şəhid də verməyə hazıram, ordunu da gücləndirəcəyəm. Artıq Azərbaycanın milli ideyası formalaşıb. Yəni Qarabağ məsələsi milli ideyanı formalaşdırıb. Bu baxımdan əlbəttə, onlar çox şeyləri, o cümlədən gələcəklərinin necə olacağını fikirləşirlər. - Elə isə Ermənistan Levon Ter-Petrosyanın təklif etdiyi şəkildə ətraf əraziləri geri qaytarmaqla Dağlıq Qarabağın yüksək status almasına niyə razılaşmır? Onları çəkindirən hansı qüvvə və ya amildir? – Nəzəri baxımdan desək, bu münaqişəni təşkil edən üç səviyyə görünür. Birincisi, iki dövlət arasında olan konflikt; ikincisi, Azərbaycan və erməni azlığı ilə olan konflikt; üçüncü səviyyə: Dağlıq Qarabağ bölgəsindəki erməni və Azərbaycan icmasının münaqişəsidir. Təxminən 17-20 ilə yaxındır ki, artıq ikinci və üçüncü konfliktlər görünmür. Yəni bu, iki dövlət arasında olan konfliktdir. Dünya da bunu belə qəbul edir. Vaxtilə onlar böyük səhv buraxıblar. Daha doğrusu, bu, Köçəryanın səhvi idi, özünü göstərmək, tədbirlərdə iştirak etmək üçün danışıqları öz şəxsində birləşdirib. Ermənistanın prezidenti olandan sonra bu danışıqları iki dövlət arasında aparırdı. Demək olar ki, indi artıq bu konfliktin bir növü görünür. Dünyanın rəyi bundan ibarətdir ki, bu, Ermənistan-Azərbaycan münaqişəsidir. İndi isə onlar görürlər nə Azərbaycan ictimaiyyəti, nə də digərləri inanmır ki, bu, danışıqlar yolu ilə həll olunacaq. - Son vaxtlar Rusiyanın Ermənistanı cəzalandıracağı barədə xəbərlər intensiv yayılır, rusiyalı ekspertlər bununla bağlı şərhlər verirlər. Bu, nə dərəcədə realdır? – Tarasovun və Qriqori Trofimçukun bununla bağlı şərhləri oldu. Təbii ki, onlar Rusiya marağından çıxış etmirlər. Özü də eyni vaxtda eyni fikirləri söyləyiblər. Yəni demək istəyiblər ki, gəlin bu formatı dəyişək, iki dövlət arasında konflikt yox, Dağlıq Qarabağ-Azərbaycan konflikti kimi təqdim edək, Moskva da ona vasitəçilik etsin. Bu da bir biclikdir, konfliktin mahiyyətini və təbiətini dəyişməyə xidmət edir. - Bəlkə burada elə Rusiyanın da maraqları var, digər separatçı rejimləri birbaşa dəstəkləmək imkanı qazandığı kimi, Dağlıq Qarabağ separatçılarını da açıq şəkildə ağuşuna almaq üçün… – Yox, əslinə qalsa, bu, Rusiyanın xeyrinə deyil. Necə ki, bu münaqişədə Azərbaycan Moskva tərəfindən idarə olunur, Ermənistan da eynilə idarə olunur. Əgər Ermənistanı bu konfliktdən kənarda saxlasaq, onda Moskvanın idarə etdiyi “instrument”lər azalacaq. Yəni o adamların bicliyi ondan ibarətdir ki, danışıqların Ermənistanın kənarda dayandığı şəraitdə getməsini istəyirlər. Amma Rusiya da onu buraxan deyil. Qarabağ münaqişəsi iki dövləti idarə etmək üçündür. İkincisi də problem o yerdədir ki, indi konfliktə bu səviyyədə baxılsa, Ermənistan sərbəst qalacaq. Yəni Qərbyönümlü siyasət yürüdərək deyəcək ki, mən bu münaqişəyə müdaxilə etmirəm, kənardayam. Digər tərəfdən də o bəyanata münasibət də birmənalı deyil. Onda bəs, Ermənistanın Qarabağdakı qoşunları, iqtisadiyyatı, pasportları, pulu? Bunlar hansı şəkildə həll olunacaq, Qarabağdan bütün bunları yığışdıracaqlar, ya yox? Yəni məsələnin ikinci hissəsini demirlər, sadəcə özləri üçün oyun başlayıblar. - Dediniz ki, Ermənistan hakimiyyəti bir sıra addımları ilə daxili ictimaiyyətin fikrini yayındırır. Amma bu da reallıqdır ki, işğal zonasında işlər görülür, Azərbaycana sanki meydan oxuyurlar. Beynəlxalq aləmin isə bütün bunlara reaksiyası yoxdur. Bunun səbəbi nədir? – Mən yenə o fikirdəyəm ki, güc nümayişi o halda baş verir ki, gücünün olmadığını gizlətmək istəyir. Yəni güclü olan tərəf heç vaxt gücünü nümayiş etdirməyəcək. Özü də belə bir fikir yayılıb ki, yaxşı, deyirsiniz qələbə qazanmışıq, onda bəs nə üçün Köçəryan kimilər gedib Moskvada yaşayır? İndi baş nazirin gəlib Qarabağda dincəlməsi də təbliğati addımdır, cəmiyyətdə olan fikirləri qabaqlamaq istəyirlər. Yoxsa deyilir ki, milləti bu boyda davaya atmışınız, ancaq şey-şüylərinizi yığışdırıb başqa yerlərdə yaşayırsınız, biz də qalmışıq odun içində. Mənə elə gəlir ki, Karapetyanın əsas məqsədi və istəyi bundan ibarət olub və nümayişkaranə şəkildə Qarabağa gəlib. - Müqayisə edəndə qüvvələr nisbəti necədir? – Ümumiyyətlə, biz bilməliyik ki, həm müdafiə, həm də iqtisadi baxımdan Ermənistan çox zəifdir. Aprel döyüşləri bizə bir şeyi göstərdi. Biz başa düşməliyik ki, cəbhə xəttində dayaq mövqelər var. Ancaq bu mövqelər tağım səviyyəsindədir və demək olmaz ki, orada güclü bir qüvvə yerləşib. İkincisi, relyefə baxanda biz başa düşməliyik ki, Dağlıq Qarabağın 3-4 nöqtəsi əhəmiyyət kəsb edir. Yəni digər yerlərdən Dağlıq Qarabağa girmək də çətindir, bu, bəllidir. Üçüncü bir fakta da diqqət yetirmək lazımdır: artıq Ermənistana ən böyük təhlükə yaradan Naxçıvan faktorudur. Bununla əlaqədar onlar öz narahatlığını bildriməyə başlayıblar. Həm Rusiyanın ermənipərəst politoloqları, həm də ermənilər özləri başa düşüblər ki, artıq qabaqlar olmayan vəziyyət yaranıb. İndi ikinci cəbhə var, özü də bu cəbhə İrəvana çox yaxın bir məsafədədir. Yəni bu dəfə birinci Qarabağ müharibəsindən fərqli vəziyyət olacaq. Ermənilər bunu başa düşür. - Deyək ki, Azərbaycan ordusu Naxçıvandan 40-50 km-likdəki İrəvanın mərkəzini hədəfə aldı. Belə olan halda Rusiyanın reaksiyası necə olacaq? – Biz dəqiq başa düşməliyik ki, birinci müharibədə Naxçıvan faktorunu istifadə etmək mümkün deyildi, çünki müdafiə baxımından çox zəif idi. Onun kənarda qalması məntiqəuyğun idi. İndi isə ikinci mərhələ başlayandan sonra Azərbaycanın orda müdafiə imkanlarının artması çox vacib bir amildir. Hamı başa düşür ki, əgər müharibə olsa, iki dövlət arasında olacaq. Qabaqlar hərbi əməliyyatlar o bölgə ilə yekunlaşırdısa, indi bu bölgə ilə yekunlaşa bilməz. Onu da Ermənistana təcavüz kimi adlandırmaq mümkün deyil, çünki vəziyyət başqa cürdür. Əgər Ermənistan ərazisindən Azərbaycana hansısa zərbələr yönəlsə, deməli, cavab olaraq Azərbaycan da Ermənistana zərbələr endirəcək. Bu iki amil onu göstərir ki, bunu müttəfiqə qarşı hansısa həmlə, təcavüz adlandırmaq olmaz. Rusiyanın mövqeyi müxtəlif ola bilər. Bir şeyi qeyd etmək çox vacibdir ki, hər bir hərbi sazişdə belə bir bənd mövcuddur ki, köməyin miqdarı müzakirələrdən sonra təyin oluna bilər. Yəni NATO-da olduğu kimi bu məsələ 5-ci bəndə uyğun şəkildə avtomatik işləmir. Deməli, Rusiyanın müttəfiqliyi də artıq sual altındadır və Ermənistanda buna aid fikirlər mövcuddur. Necə ki, ekspertlərdən biri deyib bizim Türkiyə kimi müttəfiqimiz yoxdur. Bu baxımdan Ermənistan cəmiyyətində, siyasətində və gələcəyə baxışda fərqli yanaşmalar artır. - Ermənistanın son zamanlar Qərblə oynadığı oyun Rusiyanı qıcıqlandıra, qəzəbləndirə bilərmi, yoxsa bu, Kremllə razılaşdırılmış məsələdir? – Mən bu məsələyə bir az tənqidi yanaşıram. Bizim bəzi şərhçilər elə mövqedədirlər ki, guya ermənilərin təbiətini, satqın olduğunu Rusiyaya açmaq niyyətindədirlər. Guya bunlar satqındırlar, NATO-ya girirlər. Mən onun tərəfdarı deyiləm. Çünki Moskva tərəfindən baxanda onlar həmişə bu cür şərhlərə tənqidi yanaşırlar. Yaxşı, sən bunu görürsənsə, hesab edirsən mən görmürəm? İkincisi, heç bir şübhə yoxdur ki, Rusiya Ermənistana ciddi şəkildə nəzarət edir. Əslinə qalsa, ermənilərin heç bir seçimi yoxdur. Bu, ermənipərəst qüvvələrin oyunudur. NATO manevrlərində iştirak etmək elə bir amil deyil ki, ondan Ermənistan Rusiyanın nəzarətindən çıxıb Qərbə doğru gedir nəticəsi çıxarılsın. - Politoloq Eldar Namazov bir dəfə demişdi ki, Ermənistan hakimiyyəti üçün döyüşdə Qarabağı uduzmaq daha sərfəli variantdır, nəinki danışıqlar yolu ilə əraziləri azad etmək. Bu fikirlə razılaşmaq olarmı? – Rusiyanın hərbi bölgələrdə nəzarəti o dərəcədə güclüdür ki, doğrudan da bu torpaqları siyasi yollarla itirmək siyasətçilər üçün mümkün deyil. Ona görə belə bir ssenari qurub, hansısa torpaqları verib onun nəticəsində nəsə əldə etmək variantına hər iki tərəf meylli olar. Amma bu, təhlükəli məsələdir. Yəni hansısa rayonları alıb digər rayonlarda vəziyyəti dondurmaq ciddi məsələdir. Çünki vəziyyəti dondurarkən istisna etmirəm ki, BMT-nin hansısa qətnaməsi ola bilər. Təsəvvür edək ki, hərbi əməliyyatlar bərpa olunub, ermənilərdən hansısa ərazilər geri qaytarıldı və digər torpaqlara aid əməliyyatları dayandırmaq üçün qətnamə qəbul olunur. Bu qətnamənin icrasının təminatçıları isə fövqəldövlətlər olacaq. Təbii ki, təzə alınan xətt tamamilə beynəlxalq hüquqlar tərəfindən müdafiə olunan bir xəttə çevriləcək. Heç də ona təminat yoxdur ki, bu xətt Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan sərhədlər olacaq. - Deməli, bu vəziyyət Azərbaycan üçün də ideal həll yolu deyil. Elə isə nə etməli? – Qüvvələr nisbətini o hala çatdıraq ki, hərbi əməliyyatların dayanma xətti bizim sərhədlərlə eyni xətt olsun. - Polkovnik Şair Ramaldanov deyib ki, 1994-cü ildə Horadiz əməliyyatı zamanı 27 km irəliləməyi bacaran ordu indiki halında qısa müddətdə-5 günə torpaqları azad edə bilər və beynəlxalq güclərin reaksiyası gecikmiş olar. – Biz müstəqil ölkəyik. Amma bir nümunə çəkim: Finlandiya uzun müddət Sovet İttifaqının təsiri altında olub. İndi də vəziyyət onu göstərir ki, Rusiya Azərbaycandan güclüdür. Əgər biz tamamilə müstəqil olsaq və bizim hərbçilər tam müstəqil olsalar, mən istisna etmirəm ki, heç 5 gün də lazım deyil, bəlkə 3 günə bu məsələ yekunlaşar. Amma… Biz real vəziyyəti nəzərə almalıyıq. Açıq danışsaq, Azərbaycanda “5-ci kolon” mövcuddur, özü də müxtəlif ölkələrin. Bu da bir reallıqdır. - Dediklərinizdən belə çıxır ki, Azərbaycan təkcə təmas xəttindəki düşməndən ehtiyat etməməlidir, həm də daxildəki “5-ci kolon”dan özünü gözləməlidir, eləmi? – Təbii. - Onlar nə edə bilər? – Onu fikirləşmək lazımdır. Amma söhbət onların nə edəcəklərindən getmir. Onlara nə tapşıracaqlarsa, onu edəcəklər. Analiz etmək lazımdır ki, onlara tapşırıq nə olacaq. - Yəni hücuma keçərkən kürəyimizi gözləməliyik? – Hətta kürəyimizi qabaqdan daha çox gözləməliyik. Erməni bəllidir də, düşməndir, güllə atır, görürsən. Arxadan ehtiyat etməliyik. Bu, xarici siyasətə də, orduya da, digər qurumlara da aiddir…