Azərbaycan-İsrail əlaqələrində düşmənə ŞOK YAŞADAN GƏLİŞMƏ

Azərbaycan-İsrail əlaqələrində düşmənə şok yaşadan gəlişmə

Azərbaycan dövləti daha bir ilkə imza atdı. Belə ki, Azərbaycan-İsrail münasibətlərində çoxdan gözlənilən səfərlərdən biri baş tutdu.

Sentyabrın 11-də müdafiə naziri, general-polkovnik Zakir Həsənov İsrail dövlətinin müdafiə naziri Aviqdor Libermanın dəvəti ilə Təl-Əviv şəhərinə səfər edib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, rəsmi səfər çərçivəsində Z.Həsənovun İsrailin müdafiə naziri ilə görüşü, Silahlı Qüvvələrin Komanda və İdarəetmə Mərkəzini, müdafiə sənayesi sahəsində fəaliyyət göstərən müəssisələri ziyarət etməsi və digər tədbirlərdə iştirakı nəzərdə tutulub. Azərbaycan-İsrail hərbi əlaqələrinin kifayət qədər inkişaf etdiyi şəraitdə belə bir səfərin reallaşması şübhəsiz ki, əlaqələrə dinamika gətirəcək. Keçən ilin aprel döyüşlərində Ermənistan ordusuna vurulan zərbələrdə İsrail istehsalı olan silahların öz sözünü deməsini hətta düşmən özü də dəfələrlə etiraf edib. Odur ki, son aylarda koordinasiyalı və sistemli şəkildə Bakı-Təl-Əviv əlaqələrinin korlanmasına yönəlik dezinformasiyaların Ermənistan və İsrail mətbuatındakı ermənilərin əli ilə yayılmasının şahidi olmuşuq. Hətta vəziyyət o yerə çatdı ki, İsrailin Bakıdakı səfirliyi yayılan dezinformasiyaların təxribat olduğunu, iki ölkənin münasibətlərinə təsir etməyəcəyini bəyan etməli oldu. Ermənistan İsrail mütəxəssislərinin guya aprel döyüşlərində iştirakından tutmuş digər iddialara qədər bir sıra saxta xəbərləri tirajlamaqla Bakının Təl-Əvivdən yeni silah-sursat almasını əngəlləmək üçün açıq şantaj siyasəti yeridirdi. Ancaq iki müttəfiq ölkənin əlaqələrini möhkəmləndirmək istiqamətində atdığı növbəti addımı işğalçı ölkəyə və onun havadarlarına tərs şapalaq kimi də dəyərləndirilə bilər. Bu, sirr deyil ki, Bakının İsraildən müasir silahları alması silah ixracında maraqlı olan ölkələri, həmçinin Ermənistanı müdafiə edən qüvvələri çox narahat edir. Bu mənada müdafiə naziri səviyyəsində həyata keçirilən səfər, Azərbaycan-İsrail əlaqələrindəki gəlişmə düşmənə şok yaşadan olaydır və ölkəmiz üçün çox önəmlidir. 
Deputat, Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Zahid Oruc “Yeni Müsavat”a bildirdi ki, Cənubi Qafqaz ölkələri vahid geopolotik məkan deyil və burada hər bir ölkənin uzaqgedən fərqli hərbi strategiyası var: “Bildiyiniz kimi, Birləşmiş Ştatlar və digər NATO ölkələri Azərbaycana silah satışını qadağan ediblər. Regional təhlükəsizliyə xələl gətirməmək və hərbi balansı qorumaq adı altında faktiki olaraq biz ötən illər ərzində Ermənistanın Polşa, Çin, Ukrayna, Rusiya və digər dövlətlər tərəfindən sürətlə silahlandırılmasının dayandırılmadığının şahidi olmuşuq. Üstəlik, Qərb silahları da açıq-gizli kanallar vasitəsilə Qarabağa daşınmaqda davam edib. Hərçənd bir çoxlarına elə gəlir ki, geopolitik oyunun tələblərinə görə supergüclər bölgənin silahsızlaşdırılmasında maraqlı olmalıydılar. Ona görə də Zakir Həsənovun İsrailə səfəri mühüm dövlət əhəmiyyəti daşımaqla bərabər, həmçinin regional çəkiyə malikdir".
Z.Oruc qeyd etdi ki, son aylar ərzində Azərbaycan-İsrail münasibətlərini korlamaq üçün hansı təxribatlara əl atıldığını çoxları bilir: “Erməni mediasının gündəmi Qərb dövlətlərinin Azərbaycanın hərbi militarizminə qarşı sərt kvotaların və qadağa tədbirlərinin işə düşməsi haqda saxta məlumatlarla doludur. Halbuki Azərbaycan İsrail aviasiyası vasitəsilə ən müasir texnologiyaları almaqda davam edir və dəyəri 4 milyard dollardan artıq olan hərbi bağlaşmalar yüksək səviyyədə icra olunur. Azərbaycanın hərbi gücünü artıran və son aprel döyüşlərində uğurla tətbiq olunan pilotsuz aparatların alınması davam edir. Eyni zamanda kommunikasion və elektron kəşfiyyat qurğuları da yerləşdiyimiz coğrafiyada mühüm hərbi əhəmiyyətə malikdir. Razılaşın ki, SİGİNT VƏ ELİNT sistemləri gələcək müharibələrin aparılmasında fərqli bir səviyyə və standartlar deməkdir. Onu təlimlər vasitəsilə xarici mütəxəssislərdən öyrənməklə düşmənin elektron qurğularının blok edilməsi və məsafədən idarə olunan hərbi diversiyaların həyata keçirilməsi mümkündür. Nəzərə alın ki, Ermənistan Rusiya tərəfindən verilən 200 milyon dolları da nağd şəkildə almayıb və müasir elektron qurğuların yenidən silahlanmada tətbiqi burada yaxın perspektivdə görünmür. Eləcə də hava hücumundan müdafiə sistemləri olan SPİKE-lar bir neft ölkəsinin-böyük enerji kommunikasiyalarına dayanan Azərbaycanın təhlükəsizliyinin möhkəmləndirilməsində fərqli bir zirvədir”.
Deputat bir məqamı da xüsusi vurğuladı: “Özü də burada söhbət Bakını növbəti müharibənin hədəfinə çevirmək istəyən İrəvanın planlarını önləməkdən getmir. İsrail-Azərbaycan əlaqələri regional sabitlik üçün mühüm amildir və heç kəs İranla Ermənistanın əlaqələrini Təl-Əvivə Tehrandan verilən cavab kimi nəzərdən keçirmir. Bildiyiniz kimi, İran Qafqazda daha böyük ölçüdə iqtisadi və siyasi cəhətdən iştirak etməyə can atır. Azərbaycanın İsraillə əlaqələri Tehrana qarşı yönəlməsə də bizim Təl-Əvivlə strateji münasibətlərimiz ölkəmizi mühüm beynəlxalq aktyora çevirir. Hərçənd bunu təhlükə kimi xarakterizə etməyə çalışanlar da var. Hətta İsrailin Azərbaycan vasitəsilə bir İslam ölkəsi ilə strateji dostluğun mümkünlüyünü qaynar ərəb dünyasına təqdim etməklə, lakin eyni zamanda Azərbaycandan İranın müxtəlif planlarına qarşı da sipər kimi təqdim edənlər mövcuddur”. Z.Oruc bildirdi ki, bütün mülahizələrə baxmayaraq, Azərbaycan İsraillə hərbi müttəfiqlik yolunda yeni mərhələyə daxil olur: “Bəli, heç bir müsəlman ölkəsinin mənafelərinə qarşı getmədən, müstəqil qaydada regional sabitlik platforması qurulur. Qafqazda İsraili təhlükə kimi qəbul edən çox az tərəf var. Qlobal gücləri növbəti toqquşmalardan çəkindirən və Təl-Əvivə qarşı çıxmaqdan daşındıran səbəblərdən biri də budur”.
“Müdafiə naziri Zakir Həsənov Polşanın ardından İsrailə getdi. Bu, Azərbaycan-İsrail münasibətləri tarixində yeni səhifədir. İsrailin prezidenti, baş naziri və xarici işlər naziri dəfələrlə Azərbaycanda rəsmi səfərlərdə olublar, ancaq eyni səfərləri Azərbaycan rəsmiləri İsrailə həyata keçirməyiblər. Hətta Heydər Əliyevin hakimiyyəti dövründə mərhum müşavir Vəfa Quluzadə İsrailə gizli səfər etmişdi ki, cənub qonşumuz qıcıqlanmasın”.
Bu fikirlər isə politoloq Elxan Şahinoğluna məxsusdur. Ekspert qeyd etdi ki, Azərbaycan İsraildən milyardlarla dollar dəyərində silah və sursat alır, üstəgəl, erməni lobbisi son zamanlar iki ölkə arasındakı hərbi əməkdaşlığa kölgə salmaq üçün İsrail mətbuatında saxta faktlara əsaslanan məqalələr yayınlayır: “Demək, istər-istəməz Azərbaycan rəsmilərindən kimsə İsrailə səfər edib əməkdaşlığın mövcud durumunu və bu prosesə mane olmaq istəyən qüvvələrin qarşısının alınması mövzusunu müzakirə etməli idi. İki ölkə arasında əməkdaşlığın hərbi hissəsi ağır gəldiyindən müdafiə nazirinin səfərinə üstünlük verilib. Bu səfər prezident İlham Əliyevlə razılaşdırılıb. Ən maraqlısı odur ki, İlham Əliyev Astanada İran prezidenti Həsən Ruhani ilə görüşüb, onun gələn ay Azərbaycana səfərini müzakirə edərkən, müdafiə nazirini İsrailə göndərdi. Düşünürəm ki, İrandakı rejimin nə deməsindən asılı olmayaraq, rəsmi Bakı bu yolla İsraildə səfirliyin açılması prosesini də sürətləndirə bilər. Onsuz da Tehran Azərbaycanla əməkdaşlığın miqyasını azaltmayacaq, bu onun da xeyrinədir, ortada çox böyük regional layihələr var”.
Müdafiə nazirinin İsrailə səfər etdiyi gün Azərbaycan prezidenti İlham Əliyev blogger Aleksandr Lapşini əfv edib. Bu məsələ də diqqətdən qaçmamalıdır. Üç ölkənin vətəndaşı olan Lapşin Qarabağa qanunsuz səfərinə görə həbs ediləndən sonra onunla daha çox Rusiya maraqlansa da, Azərbaycan onu İsrailə təhvil vermək qərarına gəldi. Bu da əlaqələrin müsbət axarda inkişafına öz töhfəsini verəcək addımdır.






Fikirlər