İki hərbi nazirin iki fərqli səfəri - Qarabağa GÖRƏ..
Azərbaycanın İsraillə əlaqələri genişlənirkən, düşmən ölkənin özünə alternativ silah tədarükçüsü tapmaq səyləri daşa dirəndi; Ermənistanda Rusiyanı Qarabağ anlaşması önündə əsas əngəl sayanların sayı artır... Azərbaycanın müdafiə naziri Zakir Həsənovun İsrailə səfəri şübhəsiz ki, iki strateji tərəfdaş ölkə arasında münasibətlərin daha yüksək mərhələyə keçməsi ilə yadda qalacaq. Söhbət öncəliklə yəhudi dövləti ilə Azərbaycanın hərbi və hərbi-texniki sahədə əməkdaşlığının daha da güclənməsindən gedir. Azərbaycanlı hərbi nazirin səfəri çərçivəsində yəqin ki, bu yöndə yeni perspektiv anlaşmaların şahidi olacağıq. Gözlənildiyi kimi, bu səfər erməni tərəfində dərin narahatlıq doğurub. Məsələ ondadır ki, son vaxtlar erməni təbliğat maşını dəridən-qabıqdan çıxdı ki, Bakı ilə Təl-Əvivin münasibətlərinə zərbə vursun. Çünki işğalçı yaxşı başa düşür ki, İsraillə əlaqələr təkcə hərbi sferanı əhatə eləmir. Bu, həm də beynəlxalq yəhudi lobbisinin rəğbətinin Azərbaycan tərəfdə olması məsələsidir. Ancaq göründüyü kimi, İrəvanın və erməni lobbisinin səy və cəhdləri bütünlüklə fiasko olub. İki dövlət arasında əməkdaşlığa nəinki kölgə düşməyib, əksinə, o, daha da genişlənməyə kurs götürüb.
Düşməni əndişələndirən üçüncü səbəb isə əlbəttə ki, Azərbaycanın öz hərbi potensialını artırmaq baxımından İsrail kimi güclü hərbi-texniki və texnoloji imkanlara malik bir dövlətin timsalında alternativ silah satıcısına malik olmasıdır. Ermənistanın isə belə alternativi yoxdur. O, bütünlüklə Rusiyadan asılıdır, Kremlin “əlinə” baxır. Üstəlik, acından ölən Ermənistanın başqa dövlətlərdən müasir silah-sursat almaq imkanları da yox səviyyəsindədir.
*****
Bu xüsusda Ermənistanın müdafiə naziri Vigen Sərkisyanın təzəcə başa çatan Çin səfərinin düşmən ölkənin hərbi göstəricilərinin yaxşılaşdırılması baxımından heç bir önəmi ola bilməz. Hərçənd bəzi erməni siyasi şərhçiləri bu səfəri Azərbaycanın müdafiə naziri Zakir Həsənovun İsrailə səfəri ilə müqayisəyə uğursuz cəhdlər edirlər. Guya Azərbaycan İsrailin, Ermənistan isə Çinin timsalında özünə alternativ silah tədarükçüsü axtarır. Hərçənd İsrail çoxdan Azərbaycanın mühüm silah tərəfdaşıdır.
Bakının silahlanma məsələsində şaxələnmə siyasətinə üstünlük verməsi, sözsüz ki, onun iqtisadi potensialı ilə uzlaşmaqla bərabər, doğru taktikadır. Həm də o səbəbə ki, bəzi analitiklərə görə, bir azdan Rusiyanın hərbi-sənaye kompleksinə qarşı da beynəlxalq sanksiyalar işə düşərsə, o zaman Azərbaycan elə böyük problemlə üzləşməyəcək, çünki alternativi olacaq. Ermənistan haqda isə bunu demək çətindir. Birinci ona görə ki, Moskva İrəvanın başqa dövlətlərə üz tutmasına imkan verməz.
İkincisi isə vurğulandığı kimi, düşmən ölkənin üçüncü dövlətdən, məsələn, lap elə İsraildən müasir bazar qiymətlərinə bahalı hərbi texnika almaq imkanları yoxdur. Rusiyadan isə o, silahları ya güzəştli qiymətə, ya da elə Rusiyanın verdiyi kredit hesabına əldə edir.
*****
Erməni xalqının fəlakəti də elə Rusiyadan asılı durumda olması, daha doğrusu, onun girovuna çevrilməsidir - təbii ki, öz istəyi ilə, könüllü şəkildə. Artıq yavaş-yavaş erməni cəmiyyətində də dərk edilməyə başlanıb ki, Ermənistanın xilası və inkişafı heç də Rusiya ilə “əbədi müttəfiqlik”də deyil. Məntiqlə, belə olsaydı, həm Dağlıq Qarabağ problemi ermənilərin xeyrinə həllini tapar, həm də Ermənistan regionun inkişaf edən ölkələrindən birinə çevrilərdi.
Bunların heç biri yoxdur. Üstəgəl, bu fonda Azərbaycanın iqtisadi və hərbi cəhətcə güclənməkdə davam eləməsi, Rusiyanın özünün də Bakıya silah verməsi işğalçı tərəfi daha da rahatsız eləməkdədir. O üzdən Ermənistanda Rusiyaya inam-etimad getdikcə məyusluqla əvəz olunmaqdadır. Bunu keçirilən son rəy sorğuları da təsdiqləyir.
Məsələn, belə oğrulardan birinə görə, ermənilərin 50,67%-i Ermənistanın Avrasiya İttifaqına üzvlüyünün onlara xeyir gətirmədiyini düşünür (axar.az). Bu nəticə erməni ekspert Stepan Qriqoryanın Qloballaşma və Regional Əməkdaşlıq Mərkəzinin keçirdiyi sorğudan sonra ortaya çıxıb. Sorğuda iştirak edənlərin 45,33%-i isə Avrasiya İttifaqının ermənilərin həyatına müsbət təsir göstərdiyini bildiriblər. Respondentlərin 37%-i Ermənistan iqtisadiyyatının zəifləməsinin Avrasiya İttifaqı ilə bağlı olduğunu düşünmür.
Ermənilərin artıq Rusiyanın müttəfiqliyi ilə bağlı fikirləri də dəyişib. Belə ki, əhalinin yalnız 34,33%-i Rusiyanı İrəvanın əsl müttəfiqi sayır. 35,11% Moskvanın müttəfiqlik öhdəliklərini qismən yerinə yetirdiyini düşünür. Ermənilərin əksəriyyəti (40%) məhz Rusiyanın onların Avropa Birliyi ilə əlaqələrinə maneə yaratdığını hesab edir.
Dağlıq Qarabağ məsələsinə gəlincə isə respondentlər bu konfliktə Rusiyanın neqativ təsir (56%) göstərdiyinə inanırlar. Yalnız 40% şəxs bunun əksini fikirləşir. “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkənin təhlükəsizliyinə təmin edirmi” sualına isə ermənilərin yalnız 15%-i müsbət cavab verib. 63,4% erməni isə ümumiyyətlə, KTMT-nin Azərbaycanla savaşda Ermənistana yardım etməyəcəyinə inanır.
Qeyd edək ki, sorğu Ermənistanın Gümrü, Vanadzor, İrəvan, Vayke, Yeqeknadzor şəhərlərində və Azərbaycanın işğal olunmuş Xocavənd rayonunda aparılıb.
*****
Sorğudan hasil olunan əsas qənaət əlbəttə ki, erməni cəmiyyətində Rusiyaya etimad və güvənin azalması hesab edilə bilər. Ancaq maraqlı bir məqam var: diqqət edildisə, respondentlərin 56%-i Rusiyanı Qarabağ probleminin həllində əngəl hesab edir. O zaman sual ortaya çıxır: elə isə nədən Ermənistan Rusiyadan bərk-bərk yapışıb, onun regiondakı forpostu və vassalı kimi qalmaqda davam edir? Belə çıxır ki, ermənilər həm Rusiyaya inanmır, həm də ondan mədət umurlar. Görünür, bu da erməni psixologiyasının özünəməxsusluğu və qəribəlikləri ilə bağlıdır.
Ancaq bu da bir sərt gerçəklikdir ki, Rusiya Ermənistana Azərbaycan torpaqlarının işğalında yardım eləsə də, ona xoşbəxtlik gətirməyib. Münaqişədən hansısa qüvvə, ölkə qazanıbsa da, bu, Ermənistan və erməni xalqı deyil. Qarabağ məsələsi hesabına Azərbaycanı və Ermənistanı öz orbitində saxlayan Rusiyanın özüdür.