OKTYABRİN sonunda Rəsul QULİYEVin NAMİZƏDLİYİ ELAN OLUNACAQ?!?

Tural Abbaslı: Bəlli bir kəsimin Rəsul Quliyevin namizədliyini dəstəkləyə biləcəyini ehtimal etmək olar”; Ağasif Şakiroğlu: “Sabiq spikerin lideri olduğu seçki bloku formalaşacaq

Amerikada mühacirətdə yaşayan sabiq spiker Rəsul Quliyev 2018-ci ilin prezident seçkiləri ərəfəsində ölkəyə qayıdacağı və seçkilərdə iştirak edəcəyini iddia edib.

Maraqlıdır ki, onun hələ özünün də dəqiqləşdirmədiyi, rəsmi bəyan etmədiyi düşüncələri ətrafında müzakirələr gedir. Onun müxalifətin vahid namizədi olmasa da, bəzi siyasi qurumların dəstəyini alacağı ilə bağlı mövqelər yavaş-yavaş gündəmə gəlir.

Bundan əlavə, R.Quliyevin qəfildən peyda olması barədə də mövqelər ən müxtəlifdir. Hakimiyyətin “vurulmuş” məmurlarından sayılan keçmiş spikerin onun taleyini yaşayan şəxslərin seçkilərdə dəstəyini alacağı deyilir. İddialardan biri də budur ki, iqtidarda təmsil olunan müəyyən bir kəsim də Rəsul Quliyevin seçkilərə qatılmasında maraqlıdır.

AĞ Partiya başqanı Tural Abbaslı indiki məqamda R.Quliyevin vahid namizəd ola biləcəyinə inanmır: Ümumiyyətlə mən düşünmürəm ki, bu seçkilərdə kimsə vahid namizəd ola bilsin. Çünki müxalifət hər dəfə olduğundan daha dağınıq və pərakəndə haldadır. Həm də bu dəfə xalq tərəfindən digər seçkilərdə olduğu kimi vahid namizəd mövzusunda sosial sifariş və basqı da yoxdur. Bəlli bir kəsimin Rəsul Quliyevin namizədliyini dəstəkləyə biləcəyini ehtimal etmək olar. Belə ki, özlərinin resurs və siyasi cəsarətsizliklərini hansısa namizədi dəstəkləməklə sığortalamaq istəyə bilərlər. Ancaq biz AĞ Partiya olaraq heç kimin vahid namizədliyini dəstələmək fikrində deyilik. Bizim öz namizədimiz var və biz partiyamızın namizədi ilə seçkidə iştirak edəcəyik”.

Image result for AĞ Partiya başqanı Tural Abbaslı

Partiya başqanı keçmiş spikerin hakimiyyət daxilində ola biləcək əlaqələrini də istisna etmir: “Rəsul Quliyev uzun müddət hakimiyyətdə ən yüksək postlarda təmsil olunmuş insandır. Yəni onun siyasətçi kimi kifayət qədər təcrübəsi və indiki hakimiyyət daxilində də müəyyən əlaqələri var. Odur ki, indi bizim Rəsul Quliyevin niyə namizədliyini irəli sürməsini analiz etməmiz etik baxımdan yerinə düşməz. Rəsul Quliyevin hansısa qüvvə ilə anlaşmasının olub-olmadığını deyə bilmərəm. Olubsa da, olmayıbsa da bu Rəsul bəyin siyasətçi kimi şəxsi işidir. Ancaq onu deyə bilərəm ki, belə bir razılıq olarsa və hansısa razılaşma daxilində vətənə dönüb namizəd olarsa, bu Azərbaycan üçün yeni və alışılmadıq bir mərhələ olacaq. 2018-ci ilin prezident seçkiləri həm hakimiyyət, həm də müxalifət üçün yeni mərhələyə başlamaq üçün bir şans olmalıdır. Bu şansın dəyərləndirilməsi də ancaq və ancaq dövlətə və millətə xeyir verməlidir. Yox, əgər bu şans da digərləri kimi gözardı edilsə, Azərbaycan bu günə qədər olduğu kimi yenə də uğursuzluğa yuvarlanmağa davam edəcək.

Related image

R.Quliyevin lideri sayıldığı Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu iddialarla bağlı “Yeni Müsavat”a bunları dedi: “Rəsul bəy Azərbaycan siyasətinə təsir etməyi bacaran, siyasətdə söz sahibi olan böyük siyasi fiqurlardan biridir. Onun namizədlik açıqlamasının müxalifət liderlərini necə narahat etdiyi göz önündədir. Bu səbəbdən də özləri bildirməsələr də, ətraflarında olan şəxslər vasitəsilə qara piar aparmağa çalışırlar. Uğursuz olacaqlar. Rəsul bəyin indiki siyasi qurumların əksəriyyətinin seçkilərdə namizədi olacağına şübhə etmirəm. Bu istiqamətdə digər siyasi partiyalarla danışıqlar gedir. Sonunda hər kəs bundan xəbərdar olacaq. Bəzi iddialar var. Çirkli insanlarla əməkdaşlığımız olmayıb, olmayacaq da. Lakin hansısa sabiq məmur Rəsul bəyə dəstək verib, ona seçkilərdə səs verəcəksə, buna əngəl ola bilmərik. Artıq bəzi siyasətçilər Rəsul bəyə dəstəklərini ifadə edirlər. ADP sədri Sərdar Cəlaloğlu da bir bildirib ki, Rəsul bəy Azərbaycana gələrsə, partiya onu dəstəkləməyə hazırdır. Ondan sonra KXCP sədri, ağsaqqalımız Mirmahmud Mirəlioğlu belə bir açıqlama verdi. ALDP sədri Fuad Əliyev Rəsul bəyin vahid namizədliyinin yeganə çıxış yolu olduğunu bəyan etdi. Azərbaycan siyasətindən geri çəkilmiş Etibar Məmmədovun da açıqlamasının şahidi olduq. Digər siyasi qüvvələrin də belə mövqelərinin qarşıdakı zamanlarda şahidi olacağıq. Ziyalılarımızın da dəstək məktubları bizə daxil olur. Rəsul bəyin gəlişinə zərurətin ortada olduğu göz önündədir. 2018 seçkiləri tarixə düşəcək seçki olacaq. Bu ayın son bazar günündə partiyamızın və Rəsul bəyin partiya üzvü olmayan tərəfdarlarının birgə tədbiri olacaq. Rəsul bəy də o tədbirə internet vasitəsilə qoşulacaq. Orada bir sıra suallara cavab tapılacaq. O toplantıda Rəsul bəyin namizədliyi elan olunacaq. Hər kəs əmin olsun ki, prezident seçkilərində Rəsul bəy mütləq iştirak edəcək, onun lideri olduğu seçki bloku formalaşacaq”.






Fikirlər