İsgəndər Həmidovdan Rəsul Quliyevə qarşı SƏRT AÇIQLAMALAR

“Təbiətcə qorxaq adamdan böyük nələrsə gözləmək əbəsdir, Rəsul Quliyev ancaq hakimiyyət icazə verərsə Azərbaycana gələr...”

Rəsul Quliyev vətənə qayıtmaq və seçkidə iştirak etmək istədiyini deyib. Bildirir ki, qayıda bilməsə belə prezidentliyə namizədliyini verəcək. Onun bu açıqlamasından sonra ətrafında gedən söz-söhbətlər getdikcə artır. Ən müxtəlif mülahizələr, iddialar, proqnozlar verilir. Hətta belə fikirlər də irəli sürülməyə başlayıb ki, 2018-ci il prezident seçkilərində Rəsul Quliyev müxalifətin vahid namizədi ola bilər. Lakin buna qarşı olanlar və hətta, Rəsul Quliyevin gəlməyəcəyini düşünənlər də var.

Milli Strateji Düşüncə Mərkəzinin üzvü, Azərbaycan Milliyətçi Demokrat Partiyasının lideri İsgəndər Həmidov “Yeni Müsavat”a bu mövzu barədə açıqlamasında bildirdi ki, o cür açıqlama verməsinə baxmayaraq Rəsul Quliyev gələsi deyil:“Yəqin ki, Rəsul Quliyev yenə də barda filanda oturub və əhvalı yaxşı olanda Azərbaycana qayıtmaq və seçkidə iştirak etmək xəyallarını qurub. O gəlməyəcək, kimlərsə onun bir açıqlamasından sonra ümidləniblərsə, boşuna ümid etməsinlər. Rəsul Quliyev o dərəcədə cəsarət sahibi deyil ki, hansısa təqib olunmağı, həbsə düşməyi gözə alsın və bunlardan çəkinməsin. 2005-ci ildə də deyirdi ki, türməyə düşsə də, ölüm təhlükəsi olsa da gələcək. Lakin Ukraynadan geri döndü, onu müdafiə edən çoxlu sayda insanlar isə burada məhrumiyyətlərə düçar qoyuldu, həbs edildi, döyüldü, işdən çıxarıldı. Təbiətcə qorxaq adamdan böyük nələrsə gözləmək əbəsdir. Rəsul Quliyev ancaq hakimiyyət icazə verərsə Azərbaycana gələr. Bu variantla gəlişinin mümkünlüyü və bu halda namizəd olması isə ayrı məsələdir. Bu cür gələcəyi halda onun namizədliyini müxalifətin müdafiə etməsi isə təbii ki, mümkün deyil.

Image result for İsgəndər Həmidov

Rəsul Quliyevin seçkidə iştirak etməsi və hətta müxalifətin vahid namizədi olmasını isə heç cür ağlıma sığışdıra bilmirəm. Əvvəla, qanunvericiliyə görə son on ildə Azərbaycanda yaşayan Azərbaycan vətəndaşı namizədliyini verə bilər. Rəsul Quliyevin müxalifətin vahid namizədi olması məsələsini ciddi şəkildə ortaya atsalar və müxalifət düşərgəsinə bu barədə müraciət etsələr, Milli Strateji Düşüncə Mərkəzində bu məsələni müzakirə edib hansı qərara gəldiyimizi elan edərik. Amma şəxsən mən İsgəndər Həmidov kimi Rəsul Quliyevin vahid namizəd olmasının əleyhinə olaram".

Image result for AĞ Partiyanın sədri Tural Abbaslı

AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, əvvəla, prezidentliyə namizəd olmaq istəyən şəxs mütləq Azərbaycan sərhədləri daxilində olmalıdır: “Xarici dövlətdə oturaraq prezidentliyə namizədliyini vermək istər hüquqi, istərsə də texniki baxımdan xeyli çətin məsələdir. Rəsul Quliyevin namizəd olmaq istəyini təbii qəbul edirəm. Hər bir Azərbaycan vətəndaşı kimi onun da seçkilərdə namizəd kimi iştirak etmək hüququ var. Ancaq məhz Rəsul Quliyevin vəziyyətində bəzi hüquqi məsələlərə də diqqət yönəltmək zəruridir. Bu məsələyə diqqət edilməlidir ki, hazırkı qanunvericilikdə onun namizəd ola bilməsi nə qədər mümkündür? Təəssüflə qeyd etmək istərdim ki, müxalifət olaraq bizim 2013-cü ildə belə bir problemimiz oldu. Xatırlayırsınızsa Rüstəm İbrahimbəyovun xarici vətəndaşlıq məsələsi müxalifəti faktiki olaraq namizədsiz qoydu. Bu dəfə də belə riskin olması mümkündür. Odur ki, mən namizədlərin hər birinin vətəndə olmasını labüd şərt hesab edirəm. O ki, qaldı Rəsul Quliyevin qayıtması məsələsinə, mən bildiyim qədər Rəsul bəyin özü də dəfələrlə bildirib ki, Azərbaycana qayıdıb həbsxanaya girmək fikrində deyil. Deməli, onun qayıdışı ancaq hökumətlə ümumi razılıq olarsa mümkündür. Rəsul Quliyev özü də açıqlamasında qayıdışının hakimiyyətin mövqeyindən asılı olduğuna işarə edib. Buradan da belə bir nəticəyə gəlmək olar ki, əgər o hakimiyyətlə hər hansı bir razılıqla qayıtsa onun prezident seçilməsi mümkün deyil, çünki hakimiyyət öz əli ilə gətirib kiməsə hakimiyyəti təhvil verməz. Ən yaxşı halda razılıqla dönsə, namizəd olar və maksimum seçkilərdə 2-ci elan olunar. Hələliksə mən bu məsələni real hesab etmirəm. Hakimiyyətə onun gəlib seçkidə iştirak edib ikinci olması gərək deyil. Göründüyü qədər isə nə Amerika, nə də Avropa bu gün Azərbaycanda hakimiyyət dəyişikliyi istəmir. Ən azından bunu zamanında Gürcüstanda və Ukraynada istədiyi qədər istəmir. Avropa və Amerika həmişə olduğu kimi yenə də seçki ərəfəsində müxalifətdən istifadə edərək hakimiyyətdən daha çox güzəştlər qoparmaq niyyətindədir. Bütün yuxarıda qeyd etdiklərimi nəzərə alsaq görərik ki, Rəsul Quliyevin gəlişinə Qərbin də marağı yoxdur. Qeyd olunan bütün məqamları nəzərə aldıqda isə indiki halda Rəsul bəy müxalifət üçün o qədər cazibədar namizəd görünmür. Odur ki, müxalifətin vahid namizəd olmaq şansı yoxdur”.

Partiya sədrinin sözlərinə görə, Rəsul Quliyev vahid namizəd olmaq istəyirsə gərəkdir ki, müxalifəti inandıra biləcək resurslar nümayiş etdirsin, lakin hələ ki eks-spiker bunları etmir: “Mən AĞ partiyanın adından deyə bilərəm ki, biz hələlik heç kimin vahid namizədliyini  dəstəkləmək fikrində deyilik. Bizim öz namizədimiz olacaq və seçkiyə onunla gedəcəyik. Əgər nə vaxtsa siyasi dəngələr dəyişərsə və yeni şərtlər əmələ gələrsə o zaman bu qərarımıza yenidən baxa bilərik. Bugünkü şərtlərlə isə bu addımı atmağa heç bir əsas görmürük”.






Fikirlər