Səudiyyə krallığında “ƏRƏB payızı” BAŞLAYIR...
Səudiyyə krallığında baş verən proseslər sürətlə regiona yayılır Ötən həftə sonu Səudiyyə Ərəbistanında başlayan həbslər silsiləsi davam edir. Ötən gün daha bir həbs dalğası baş verib və bununla da saxlanılanların sayı 200 nəfəri ötüb. İlk dəfə qadın şahzadə də həbs olunub. 17 milyardlıq sərvətə sahib olan və həbslərin birinci dalğasında saxlanılmış Vəlid ibn Talalın qızı Rim bint əl-Vəlid də var. Bu, Krallıq tarixində bir ilkdir. Krallığın baş prokuroru Şeyx Səud əl-Macub bildirib ki, 208 nəfər saxlanılıb, onlardan 7-si azad edilib. Eyni zamanda o deyib ki, həbslər davam edəcək. Çünki korrupsiyaya bulaşmış şəxs və qurumların sayı çoxdur. Söhbət azı 100 milyard dollar vəsaitin mənimsəməkdən gedir. Qeyd edək ki. həbsləri və korrupsiya istintaqını Korrupsiyaya qarşı Mübarizə Komitəsi aparır. Komitə ötən həftə kral fərmanı ilə yaradılıb və yarandıqdan bir neçə saat sonra həbslərə başlayıb. Komitəyə vəliəhd şahzadə Məhəmməd ibn Salman rəhbərlik edir. Baş prokuror deyib ki, qanun pozuntuları ilə bağlı əsaslı dəlillər var. O da məlum olub ki, yalnız saxlanılan şəxslərin bank hesabları dondurulub. Onlara məxsus şirkət və banklar fəaliyyətlərini dayandırmayıb. Qeyd edək ki, ötən gün artıq həbs olunanların ümumi varidatının 800 milyard dollara çatdığı qeyd olunurdu. Çünki saxlanılan şəxslərin böyük əksəriyyəti kral ailəsinin üzvləri, böyük holdinqlərə, şirkətlərə rəhbərlik edən sərvət sahibi şəxslərdir. Krallığın hüquq-mühafizə orqanları saxlanılan şəxslərlə qanun tələbləri çərçivəsində rəftar edildiyini, açıq, şəffaf məhkəmə keçiriləcəyini bildirib. Saxlanılan nüfuzlu ailə üzvləri isə həbsxanada deyil, ər-Riyadda yerləşən “Ritz Karlton” otelində saxlanılırlar. Artıq həbslərdən bir həftə keçib və görünən odur ki, ölkə daxilində vəliəhdin həbslərinə qarşı hər hansı reaksiya yoxdur. Hətta BBC-nin məlumatına görə, bəzi gənclər həbsləri alqışlayır, korrupsiyaya uğramış, xalqı düşünmədən pulları dağıdan şəxslərin cəzalandırılmasından razıdır.
Ancaq indi bu həbslər bir sıra suallar yaradır. Aydın məsələdir ki, bu həbslər birdən birə baş vermədi. 2015-ci ildə taxta oturan Kral Salman bin Əbdüləzizi hazırda 32 yaşı olan oğlu Məhəmmədi sürətlə saray pillələrində irəliləməyə başladı. Əvvəlcə müdafiə naziri, ardınca ikinci vəliəhd, daha sonra islahatlar komissiyasının sədri və nəhayət vəliəhd şahzadə və daxili işlər naziri Məhəmməd ibn Naifi əvəzləyərək vəliəhd şahzadə postuna yüksəldi. Ötən şənbə isə atası tərəfindən Korrupsiyaya qarşı Mübarizə Komitəsinə sədr təyin olunan Məhəmməd ibn Salman bir həftə əvvəl özünün meqa layihəsini elan etmişdi. Şahzadə Məhəmməd layihəsinin təqdimat mərasimində elan etdi ki, ölkəsi radikal islamçılıqdan imtina edəcək və bütün dinlərə açıq bir ölkəyə çevrilməlidir. Təbii ki, şahzadənin yeni layihəsi də mülayimləşməni nəzərdə tuturdu, faktiki olaraq Səudiyyə Ərəbistanında ikinci Dubay yaradılması proyektindən söhbət gedir. Bu isə ərazisində kilsə tikintisinə icazə verməyən bir ölkə üçün kəskin dəyişiklikdir. İndi dünya mediası ən çox radikal islamçı dairələrin buna reaksiyasını maraqla gözləyir. Daha bir maraqlı detal ondan ibarətdir ki, saxlanılan şəxslər yalnız iş dünyasından və ya dövlətin iqtisadi sferasından olan şəxslər deyil. Krallığın dəniz qüvvələrinin komandiri, o cümlədən əsas elit ordu hesab olunan Milli Qvardiyanın komandiri, şahzadə Muqrin ibn Abdullahın həbs olunması bu əməliyyatların yalnız korrupsiyaya qarşı əməliyyat olmadığı, həm də ölkə daxilində vəliəhdin mümkün rəqiblərini zərərsizləşdirmə prosesi olduğunu deməyə əsas verir. Heç şübhəsiz ki, vəliəhd Məhəmməd hakimiyyətə gedən yolda rəqiblərini sıradan çıxarır.
Ancaq maraqlı olan daha bir detal şahzadənin daxildə nüfuzlu rəqiblərini həbs etdirməklə yanaşı xarici siyasətdə, daha dəqiqi regional məsələdəki fəallığıdır. Krallıqda antikorrupsiya həbsləri ilə eyni günlərdə Livanın baş naziri, Səud ailəsinə bağlı olan Saad Həriri ər-Riyada səfər etdi və burada istefa verdiyini, İranın bölgə üçün təhlükə olduğunu bəyan etdi. Həmçinin Livan Hizbullahını da ittiham edən Həriri həyatına təhlükə olduğunu, atası kimi sui-qəsd oluna biləcəyinə işarə etdi. Ötən gün isə Səudiyyə Ərəbistanı öz vətəndaşlarına Livanı tərk etməyə, bu ölkəyə səfər etməməyə çağırıb. Eyni addımı daha sonra Küveyt, BƏƏ kimi ölkələr də atıb. Maraqlıdır ki, gözlənilmədən Fransa prezidenti Emmanuel Makron Səudiyyə Ərəbistanına səfər edib. Ərəbistanda Makron krallıq rəhbərləri, o cümlədən vəliəhd Məhəmmədlə yanaşı Livanın baş naziri ilə də görüşüb. Bir sıra müşahidəçilərə görə, Livan ətrafında baş verənlər bu ölkəyə qarşı yeni hərbi əməliyyatın başlanması ilə bağlıdır. Şahzadənin daxilədki həbslərlə paralel olaraq Livan üzərindən İranla qarşıdurmaya girməsi sual doğurur ki, bu onun özünün planıdır. Yoxsa ABŞ və İsrailin də dəstəyi ilə həyata keçirilən böyük bir kombinasiyadır. Maraqlıdır ki, iki gün əvvəl Fələstin prezidenti Mahmud Abbas da gözlənilmədən ər-Riyada səfər edib. Səfərin səbəbi bilinməsə də, Abbas kral Salmanla görüşüb. Müşahidəçilər görüşün məhz Fələstində HƏMAS-Fəth barışığından sonra baş tutması və eləcə də son günlər HƏMAS daxilində İrana yaxın qrupla digər qrup arasında gərginlik müşahidə olunması bütün “oxların” Livanı göstərdiyinə işarədir. Livan İranın Yaxın Şərqdə ən yaxın müttəfiqi, əsas silahlı gücü Hizbullahın mövcud olduğu ölkədir. İran Livan üzərindən Suriya, İraq. Yəmən, Fələstin kimi həssas münaqişəli bölgələrdə fəaliyyət göstərir. Suriya münaqişəsinin taleyini məhz Hizbullahın dəyişməsi də sirr deyil. Belə görünür ki, gənc şahzadə Yəməndə və Suriyadakı uğursuzluğun əvəzini Livanda yeni savaşda çıxmaq istəyir. Ancaq bunu tək edə bilməz, bu prosesdə Krallığı ABŞ və İsrail kimi İrana qarşı düşmən dövlətlərdən ən azı birinin dəstəkləməsi lazımdır. Məlum olduğu kimi Vaşinqton Trampın şəxsində Səudiyyədəki həbsləri alqışlayıb və şahzadəyə dəstək verib. İsrail də proseslərdən məmnundur. Üstəlik Livanda Səudiyyə tərəfindən savaşın başladılması İsrailin maraqlarına cavab verir. Ancaq siyasi baxımdan şahzadəyə əsas dəstəyin Vaşinqtondan olması lazımdır, çünki həm daxildə, həm də xaricdə bu qədər böyük əməliyyata ancaq super gücün dəstəyi ilə getmək mümkündür. Görünür ki, gənc şahzadə də bunu edir.
Maraqlıdır ki, son hadisələr Cənnət Sənədləri (Paradise Papers) adı verilmiş və əsasən ofşor hesabları barədə məlumatların mediaya sızdırılması hadisəsi ilə paralel baş verdi. Bazar günü yayılan reportajlar həftə ərzində açıqlanacaq məlumatların yalnız kiçik bir hissəsidir.
Onlardan bəzilərinin isə Britaniya ilə sıx əlaqəsi var. Bir sıra müşahidəçiləri bu iki hadisə arasında hansısa bağın olduğunu qeyd edirlər. Məsələ ondadır ki, 2010-cu ildə Wikileaks sənədləri açıqlandıqdan qısa müddət sonra “ərəb baharı” başladı. Oxşar situasiya olmasa da, Cənnət sənədlərinin açıqlanması ilə Səudiyyə Ərəbistanında həbslərin eyni dövrə təsadüf etməsi istər-istəməz sual yaradır: Növbəti “ərəb baharı” başlayır? Ancaq proseslər bu dəfə payızda başlayır. “Ərəb baharı” başa çatmamış yeni “ərəb payızı”nın başlamasına şahidlik edirik.