“MSK REPRESİYA Aparatına Çevrilib” – İlyas İsmayılovdan SƏRT ETİRAZ

ilyas_ismayilov_0209_2187

Milli Məclis deputatlarının etik davranış qaydalarını pozduğuna görə cəzalandırlması səlahiyyətlərinin Mərkəzi Seçki Komissiyasına verilməsi, təyinatı seçkilərə nəzarət etmək olan bu qurumu represiya aparatına çevirə bilər”.

Ədalət partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılov Ovqat.com-a açıqlamasında belə deyib.

Qeyd edək ki, Seçki Məcəlləsinə edilən dəyişiklərlə MSK-ya deputatların mandatını ləğv etmək səlahiyyəti verilir. Məcəllənin 175-ci maddəsində bu dəyişiklik təklifi deputatlar arasında da fikir ayrılığına səbəb olub.

Ədalət partiyasının sədri dəyişiklik təklifinə etiraz edən deputatların iradlarının haqlı olduğunu bildirib. Onun fikrincə, bu müddəa ötən il keçirilən “Azərbaycan Respublikası Konstitusiyasında dəyişiklik edilməsi haqqında referendum”da da öz əksini tapmışdı: “Nə yazıq ki, həmin vaxt Milli Məclis deputatları referenduma çıxarılan maddələrə yetərli qədər etiraz etməmiş və nəticədə bugünkü anti-demokratik dəyişiklik zərurəti ortaya çıxmışdır”.

Partiya sədrinə görə, milli iradənin təmsilçiləri olan deputatların mandatının MSK tərəfindən ləğv edilməsi hüququn ana fəlsəfəsiylə daban-dabana ziddir:“Ümumiyyətlə, seçkili orqanın təyinatlı qurumdan asılı vəziyyətə salınması heç bir demokratik və hüquqi prinsiplərlə əsaslandırıla bilməz. Konstitusiyamızın 81-ci maddəsinə əsasən, Azərbaycanda qanunvericilik hakimiyyətini Milli Məclis yerinə yetirir və bu orqan xalq tərəfindən seçilmiş deputatlar tərəfindən formalaşdırılır. Yenə Əsas Qanunun 91-ci maddəsinə görə, “Azərbaycan Respublikası Milli Məclisinin deputatları Azərbaycan Respublikası Milli Məclisindəki fəaliyyətinə, sesverməyə və söylədiyi fikrə görə məsuliyyətə cəlb oluna bilməzlər. Razılığı olmadan onlardan bu hallarla əlaqədar izahat, ifadə tələb edilə bilməz”. İndi nəzərdə tutulan dəyişiklikdə isə MSK kimi təyinatlı, tərkibi və fəaliyyəti mübahisəli bir quruma ən adi bəhanəni əsas gətirib deputatları mandatdan mərhum etmək səlahiyyəti verilir”.

Partiya sədri deputatları mandatdan mərhum etmək əsaslarına etik davranış qaydalarının əlavə olunmasını isə, ümumiyyətlə, hüquqi nihilizm kimi qiymətləndirir: “Çünki əxlaqi və ya etik normalar yalnız ictimai rəyin gücüylə qiymət verilən bir anlayışdır.Etik normaları pozmuş şəxsə (hətta kobud şəkildə) hansısa formada reaksiya vermək haqqında məsələni ancaq və ancaq cəmiyyət və onun kollektivi həll edə bilər. Hüquq nəzəriyyəsinə görə, bu normalar dövlətin məcburi tədbirləri vasitəsilə təmin oluna bilməz. Dövlətin məcburi tədbirləri ancaq və ancaq hüquq normalarının tənzimlənməsi üçün tədbiq edilir. Etik normalar isə bu kateqoriyaya aid olmayan dəyərlərdir”.

İlyas İsmayılov təklif olunan bu dəyişikliyin qanuniləşməsinin onsuz da icra strukturlarının basqısı altında qalan deputatları daha da passivləşdirəcəyinə inanır:“Təsəvvür edin, indiyə qədər hər hansı deputat parlament sədrilə ən adi mübahisəyə girdiyi zaman (Zahid Oruc nümunəsi), bu, MM rəhbərliyi tərəfindən etik normaların kobud şəkildə pozulması kimi qiymətləndirilib. Belə çıxır ki, bundan sonra eyni “cəsarəti” nümayiş etdirən deputat mandatdan məhrum olunacaq. Bəs, Konstitusiyanın deputatlara verdiyi toxunulmazlıq hüquqi harda qaldı? Üstəlik, deputat təmsili demokratiya nöqteyi-nəzərindən xalqın iradəsi deməkdir. Adi bir “cəsarət” seçicilərin təmsilçilik hüququnu məhdudlaşdırırsa, hansı demokratiya və hüquqi dövlət anlayışlarından danışmaq olar? Onu da xatırlamaq yerinə düşər ki, MM-də mübahisə etmək hüququnun məhdudlaşdırılması debatların küçələrə və mərasim yerlərə çıxarılmasına səbəb ola bilər”.

İlyas İsmayılovun fikrincə, xalqın iradəsilə seçilmiş deputatları yalnız seçicilərin geri çağırışıyla mandatdan mərhum etmək olar: “Çünki mandatı deputata MSK yox, xalq verir. MSK sadəcə mandat verilməsinə nəzarət edir. Hüququn məntiqinə görə, mandatı mandat verən ala bilər, ona şahidlik edən yox. Azərbaycan hökuməti Seçki Məcəlləsində aparmaq istədiyi dəyişikliklə faktiki olaraq xalqın iradəsini heçə sayır, qanunverici hakimiyyətin icraedici orqanların uzantısı olduğunu rəsmən etiraf edir. Vaxtilə Konstitusiyanın 85-ci maddəsinə zidd olaraq icra hakimiyyəti strukturlarında qulluq edən universitet rektorlarının, səhmdar cəmiyyətlərinin və digər dövlət təşkilatlarının rəhbərlərinin deputat “seçilməsiə” göz yuman MSK-ya (yeri gəlmişkən, axırıncılar yenə də konstitusiyaya zidd olaraq MSK-nin sayəsində MM-ə düşə biliblər) belə hüququn verilməsi, yumşaq desək, başa düşülən deyil”.

Xatırladaq ki, “Ədalət” sədri ötən il keçirilən referendum ərəfəsində də eyni fikirləri gündəmə gətirmiş və Konstitusiya maddələrinin dəyişdirilməsinə kəskin etiraz etmişdi.

 






Fikirlər