Müsavatın Divan üzvündən PARTİYA rəhbərliyinə SENSASİON ittiham - “BİLETSATANLAR”

Alya Yaqublunun Tofiq Yaqublunu müdafiə etməsi ortalığı qarışdırıb; onun facebook statusu təmsil olunduğu qurumda saxta bilet alverinin getdiyinə  açıq işarə sayılır

Müsavat Partiyasının Divan üzvü Alya Yaqubluözünün facebook səhifəsində qalmaqallı status paylaşıb. Partiya funksioneri son illərdə gündəmi zəbt edən Müsavat, AXCP və digər müxalif qurumların saxta bilet alverini yenidən gündəmə gətirib.

A.Yaqublu yazır: “Bu ölkənin dərdi təkcə hakimiyyət deyil. Bu ölkənin dərdi həm də odur ki, biletsatanın biri ömrünü bu hakimiyyətlə mübarizəyə həsr eləmiş birini hakimiyyətə işləməkdə ittiham edir. Təsəvvür eləyə bilirsiniz?”

Xanım funksionerin bu statusu yaxın qohumu olan, Müsavatın Divan üzvü, başqan müavini Tofiq Yaqubluya həsr etməsi ehtimalları kifayət qədər yüksək görünür. Partiyadan musavat.com-a bildirildiyinə görə, o, bu statusla əmisi oğlunu Müsavatdakı qaragüruhun hücumlarından müdafiə etmək istəyib.

T.Yaqublu 2016-cı ilin mart ayında əfvlə azadlığa çıxdıqdan sonra siyasi fəaliyyətində müstəqil davranışı ilə seçilməyə başladı. O, təkcə hakimiyyəti ağır ifadələrlə tənqid etmir, həm də Müsavatın Arif Hacılı qanadının ümumi siyasətinə qarşı addımlar atır. Bu da partiya rəhbərliyindəki bəzi şəxslərin xoşuna gəlmir.

Tofiq Yaqublunu A.Hacılı güruhunun qəzəbinə gətirən bir neçə səbəb var. Onlardan biri Milli Şura ilə əlaqələrini kəsməməsi, Müsavat funksioneri olmasına baxmayaraq, Milli Şuranın üzvü olaraq qalması,  daim hər iki müxalif düşərgənin bir yerdə olmalarının vacibliyi barədə çağırışlar etməsidir. Tofiq Yaqublunun AXCP sədri Əli Kərimli ilə yaxşı münasibətdə olması da Arif Hacılı qanadını daim rahatsız edir.

“Yeni Müsavat”a daxil olan məlumata görə, bununla bağlı T.Yaqubluya partiya rəhbərliyi tərəfindən dəfələrlə iradlar olub, lakin o, bunların heç birinə məhəl qoymur. Milli Şura funksionerləri ilə tez-tez görüşür, fotolar çəkdirib sosial şəbəkədə yayır, keçirilən bəzi tədbirlərdə onlarla birlikdə iştirak edir. Qəzetimizə daxil olan bir başqa məlumat da ondan ibarətdir ki, T.Yaqublunun Milli Şura ilə əlaqələri Müsavatın son Divan toplantılarında müzakirəyə çıxarılıb. Arif Hacılıya yaxınlığı ilə seçilən əksər Divan üzvlərinin başqan müavininə qarşı çıxdıqları deyilir. Müsavatın dəhlizlərində də bu məsələnin geniş müzakirə olunduğu bildirilir.

Özü də maraqlıdır ki, Alya Yaqublunun bu statusu yaxın qohumunun Milli Şura sədri Cəmil Həsənli ilə birlikdə Almaniyada olduğu günlərə təsadüf edir. Hazırda hər iki siyasətçi Almaniyadadır və orada mühacir azərbaycanlılarla görüşlər keçirirlər və sözgedən tədbirlərdən çəkilən fotoları sosial şəbəkələrdə yayırlar.

Bundan əlavə, redaksiyamıza daxil olan bir məlumat da var ki, bu çaxnaşma 10 aydan sonra Müsavatda keçiriləcək başqanlıq seçkiləri ilə bağlıdır. Artıq indidən partiya daxilində müxtəlif qrupların meydana gəldiyi deyilir. Əsasən üç qrupun adı hallanır ki, onlara hazırkı başqan Arif Hacılı, başqan müavini Tofiq Yaqublu və daha bir başqan müavini Yadigar Sadıqovun rəhbərlik etdiyi bildirilir. Bu şəxslərin hər birinin başqanlığa iddiaçı olacağı deyilir. Hətta formalaşan qruplardan xəbərdar olan A.Hacılının partiya Divanının son iclaslarının birində keçmiş başqan, MSDM rəhbəri İsa Qəmbərin başqanlığa namizəd olmayacağı təqdirdə, yenidən başqan olacağını qətiyyətlə bildirməsinin narazılıqları pik həddə çatdırdığı söylənilir.

Məlumat üçün onu da xatırladaq ki, T.Yaqubluya qarşı partiya daxilində mənfi münasibətin formalaşmasına səbəb olacaq faktlardan biri də, Müsavatın son qurultayında onun həbsxanadan açıq şəkildə başqanlığa namizəd Qubad İbadoğlunu dəstəkləməsi ola bilər. Xatırladaq ki, Tofiq bəy Qubad İbadoğlu ilə bu gün də yaxşı münasibətdədir. T.Yaqublu təxminən iki ay öncə Amerikada olarkən Q.İbadoğlu ilə fotolar çəkdirərək facebookda paylaşmışdı.

Bütün bunların fonunda A.Yaqublunun bu statusla verdiyi mesaj aydındı: “Çox da məcbur etməyin, danışaram, biabır olarsınız...”

Əslinə qalsa, xanım funksioner də təmsil olunduğu partiyada bəzi rəhbər şəxslərin saxta partiya bilet alveri ilə məşğul olduğunu bilməmiş deyil. Bu məsələ hələ 2014-cü ildən gündəmdədir. Xüsusilə 2015-ci ildə “Yeni Müsavat”ın xanım yazarı Sevinc Telmanqızının Avropadakı mühacir azərbaycanlıların həyatlarını qələmə almaq üçün bir sıra Avropa ölkələrində olması və bunun nəticəsində şok faktların üzə çıxmasından sonra bu məsələ daha da dərinləşdi. Xanım yazarın o zamankı reportajları zamanı yüzlərlə saxta Müsavat arayışı ilə Avropaya üz tutan vətəndaşlarımızın olduğu üzə çıxmışdı. Doğrudur, o zaman AXCP və digər müxalif qurumlar tərəfindən də saxta yollarla ölkəni tərk edənlərin olduğu bilinmişdi. Lakin burada əsas rol oynayan partiyanın Müsavat olduğu danılmaz faktlarla sübut olunmuşdu. Bundan əlavə, partiya mənsubiyyəti olmayan, Avropada oturum izni almış, yaxud yeni gedənlərin paylaşdıqları statuslardan məlum olmuşdu ki, özlərini Müsavatın üzvü kimi təqdim edən elə şəxslər var ki, partiya başqanının kim olduğunu belə bilmirlər, ya suallardan qaçırlar, ya da İsa Qəmbərin hələ də başqan olduğunu deyirlər.

Müsavat başqanı Arif Hacılının son aylarda tez-tez Avropa ölkələrinə getməsi barədə də bəzi iddialar səslənir. Deyilənlərə görə, Arif Hacılı saxta yollarla mühacirətə gedən şəxslərin məhkəmələrində iştirak edərək, onlar barəsindəki saxta məlumatları təsdiqləyir. Müsavatdan sızan bilgidə deyilir ki, bu, xeyli bahalı prosedur sayılır...

İndiyədək mühacirətə getmiş bəzi “müsavatçıların” timsalında belə ifşaedici faktlar üzə çıxıb. İki il öncə Azərbaycanda barəsində cinayət işi başlanan Elnur Mirzəyev ad-soyadlı şəxsin sonradan mühacirətə getdiyi, özü də saxta Müsavat bileti ilə xaricə qaçdığı məlum olmuşdu. Mühacir o zaman açıq şəkildə partiya rəhbərliyinə 1800 manat pul verərək, saxta arayış aldığını açıqlamışdı. Doğrudur, o zaman Müsavat bunu təkzib etmiş, lakin israrla mühacir faktları açıqlamışdı.

Bir müddət öncə bu məsələ ilə bağlı Baş Prokurorluqda başlanan cinayət işinin hələ də qapadılmaması da bir çox suallara cavab verir. Doğrudur, son aylarda Müsavat rəhbərliyinin prokurorluqda dindirilməsi halları səngiyib, amma bunun özünün nəyin müqabilində baş verdiyi də suallar doğurur.

A.Yaqublunun sözügedən statusuna və digər ittihamlara Müsavat rəhbərliyindən mövqe almağa çalışsaq da, məsələyə münasibət bildirmədilər.

İttihamlarla bağlı partiyanın mövqeyini dərc etməyə hazırıq.






Fikirlər