Novruz Məmmədov: "Ermənistan danışıqlar prosesini yubatmaq üçün əlindən GƏLƏNİ EDİR"
Ermənistan tərəfi danışıqlar prosesini yubatmaq üçün əlindən gələni edir. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov deyib. N.Məmmədov qeyd edib ki, bu gün dünyada çox böyük bir gərginlik var və bu gərginlik ATƏT-in Minsk qrupunun üzvlərini də narahat edir: "Bu nöqteyi-nəzərdən, müəyyən mənada demək olar ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə sanki diqqət azalıb". Onun sözlərinə görə, buna baxmayaraq son vaxtlar həmsədrlərin regiona səfərləri baş tutdu, Azərbaycan Prezidenti ilə görüşləri oldu, həmçinin Avropa İttifaqının və ATƏT-in nümayəndələrinin Azərbaycan Prezidenti ilə görüşləri keçirildi və onlar nümayiş etdirdilər ki, Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı proseslər gedir: “Eyni zamanda, Rusiya rəhbərinin bəyanatı oldu. Yəni proseslər gedir, ancaq Ermənistan tərəfi həmişə danışıqlar prosesini yubatmağa çalışır və bunun üçün əlindən gələni edir”. Prezidentin köməkçisi bildirib ki, beynəlxalq hüquq prinsiplərinə əməl edilmədiyi halda dünyada sabitlikdən, inkişafdan danışmaq olmaz: “Ədalət prinsipinə riayət etmək lazımdır. O zaman dünyada sabitlik, təhlükəsizlik bərqərar olar, daha güclü inkişaf gedər”.