Əliyevdən MÜKƏMMƏL gediş: BAKI DİQTƏ edir...

2017-ci ili “Qarabağ üçün itirilmiş il” adlandırmağı düzgün saymıram.

Bunu Axar.az-a açıqlamasında millət vəkili Zahid Oruc deyib. Millət vəkili Azərbaycanın milli təhlükəsizlik problemlərini, o cümlədən ərazi bütövlüyü məsələsini bir neçə parametr üzərindən qiymətləndirib:

“Açıq başa düşülməlidir ki, müharibə, yaxud siyasi və digər vasitələrlə savaş uzun zaman tələb edir. Bu, strateji yoldur. Qısamüddətli hərəkət etmək və yeni təhlükələr meydana çıxarmaq kimi səhv etmək limitimz qalmayıb. Çünki istənilən yanlışlıq ağır nəticələrə yol aça bilər. O üzdən 2017-ci ildə həyata keçirilən iqtisadi, siyasi və beynəlxalq tədbirlər Qarabağ uğrunda mübarizədə mövqelərimizi gücləndirib. Azərbaycan ölkə başçısının liderliyi altında fəal regional və beynəlxalq təşəbbüslərin mərkəzi olaraq qalmaqda davam etdi. Müxtəlif humanitar forumlar, ideya mübadilələri, yüksək çinli xarici ölkə təmsilçilərinin regiona səfərləri və prezidentin xarici məkanda aktiv qatıldığı tədbirlərin hər biri əslində Qarabağ uğrunda savaşın tərkib hissəsidir. Dövlətlərarası konfliktlər yalnız bir müstəviyə malik deyil, onun digər uzantıları mövcuddur. Savaş beyinlərdə, siyasətdə, informativ məkanda və diplomatik arealda gedirsə, orada qalib gəlmədən hərbi cəbhədə nailiyyət əldə etmək mümkün deyil. O rakursdan baxanda Azərbaycan 2017-ci ildə Qarabağla bağlı mühüm siyasi, iqtisadi mövqelərini qoruyub saxlayıb. Hərbi baxımdan isə əldə etdiyimiz müasir texnika və silahlar bütün təmas xəttinə yaxın ərazilərdə yerləşdirilməkdə davam edir. Ölkə rəhbəri strateji planda iş görməklə yanaşı, taktiki cəhətdən Bakını, o cümlədən su hövzələrimizin qorunması qayğısını hava hücumundan müdafiə sistemləri baxımından təmin edib. Belə olan təqdirdə düşmənin sürətli silahlanmada yer alması iqtisadi cəhətdən Ermənistanın ziyanına işləyir. 2017-ci ildə əldə etdiyimiz strateji qalibiyyətlər nəticə etibarilə Qarabağla bağlı atılan addımlara öz təsirini göstərəcək”.

Z.Oruc bu kontekstdə Azərbaycanın 2018-ci ildən əsas gözləntilərini də qeyd edib:

“İlk növbədə nəzərə almalıyıq ki, Ermənistanın hazırkı hakimiyyəti iqtidarı I Qarabağ savaşının dalğasında zəbt edib. İndi mənzərə dəyişib. Bu ölkədə hakimiyyət parlamentar modelə keçdiyi təqdirdə ağırlıq mərkəzi dəyişəcək.

İkincisi, gələcəkdə hakimiyyəti baş nazir statusunda davam etdirmək istəyən Sərkisyan bu fonda bütün siyasi qüvvələrə nəzarət imkanlarını itirəcək. Bu isə mütləq Qarabağ prosesinə təsir göstərəcək. Çünki müxtəlif qüvvələr mülki demokratik siyasi mübarizə ilə həmin hərbiçiləri hakimiyyətdən salacaqlar. Nəticədə Ermənistan daxilində müxtəlif daxili toqquşmalar yaranacaq.

Üçüncüsü, əgər Yaxın Şərq arealında qlobal savaş bir qədər səngiyərsə, bu, Qafqazlarda müxtəlif beynəlxalq təsirlərə səbəb ola, lokal toqquşmaları gücləndirə bilər. Doğrudur, bir çoxları hesab edir ki, Azərbaycanda seçkilər keçiriləcəyindən gələn il hər hansı bir eskalasiya və başqa xarakterli hərbi təhdidlər olmayacaq. Əksinə, Prezident İlham Əliyevi xarakterizə edən ən mühüm keyfiyyətlərdən biri kifayət qədər rasional düşüncəyə malik olmaqla yanaşı, gözlənilmədən addımlar atmaq, düşməni başqa bir müstəvilərdə qabaqlamaq, onları öz siyasətinin arxasınca aparmaq, öz üsul və sistemini diqtə etmək qüdrətidir. Belə olan təqdirdə Qarabağ üçün situasiya nə qədər o regional güclərdən, ABŞ və Rusiya arasındakı vəziyyətin inkişafından asılı olsa da, ölkə rəhbərinin liderliyi altında yeni siyasətin şahidi ola bilərik. Bu, indi bir çoxları tərəfindən uzun illər davam edən və Minsk Qrupunun həmsədrliyi altında nəticə verməyən siyasətdən tamamilə kənar bir səviyyədə reallaşa bilər. Belə demək mümkündürsə, siyasət gözlənilməzliyi sevir, xüsusilə də bunu xalqlararası toqquşmalara tətbiq etdikdə həmin fenomen öz müsbət nəticələrini verir. O üzdən 2018-ci ildə Qarabağla bağlı siyasət nə qədər mürəkkəb olsa da, hər halda Azərbaycanın diqtə edəcəyi bir səviyyədə keçəcəyinə şübhə yoxdur. Bu, hamımızdan büdcə vəsaitlərini təyinatı üzrə xərcləməyi, təhsil və səhiyyəni inkişaf etdirməyi, hər hansı bir korrupsiya və s. kimi problemlərə yol verməməyi, idarəçilik mexanizmini şəffaflaşdırmağı, informasiya məkanında güclü təşəbbüslər meydana çıxarmağı, beynəlxalq məkanda ölkənin maraqlarını uğurla irəliyə daşımağı tələb edir. Bu baxımdan hesab edirəm ki, 2018-ci ildə bizi daha böyük vəzifələr gözləyir”.






Fikirlər