Müharibə BAŞLAMIŞKƏN niyə dayandıq? - “QARABAG oyunu”na finiş fiti

Məlum olduğu kimi, aprelin 2-si gecə saatlarından etibarən Ermənistan Silahlı Qüvvələri təxribat məqsədilə ağır artilleriya ilə atəşkəsi pozub və Azərbaycan-Ermənistan təmas xəttində gərginlik yaradıb. 


Qarşı tərəfin törətdiyi təxribata Azərbaycan ordusu layiqli cavab verib və işğal altında olan bir neçə yüksəklik və 2 kənd düşməndən azad edilib. Bundan əlavə qorxuya düşən ermənilərin dağlıq Qarabağı tərk etməsi ilə bağlı məlumatlar yayılıb və bunu sübut edən video və fotogörüntülər də var.

Belə olan halda Azərbaycanın yenidən atəşkəsə razılıq verməsi birmənalı qarşılanmadı. Demək olar ki bütün ölkənin müharibəyə kökləndiyi bir vaxtda, torpaqlarımızın azad edilməsi üçün nədən proseslərin davam etdirilməməsi sual doğurdu. 

Bu günlərdə ayrı-ayrı dövlətlərin məsələlərə münasibəti, baş tutan mühüm görüşlər isə yaranmış suallara bir qədər aydınlıq gətirir. Belə ki, prosesləri izlədikcə Azərbaycanın hərbi əməliyyatları davam etdirəcəyi təqdirdə nələr ola biləcəyi barədə müəyyən təsəvvürlər yaranır. 



İlkin rəy ondan ibrətdir ki, müharibə davam etdirilsəydi, hər şeydən əvvəl Azərbaycana qarşı beynəlxalq ictimai rəy dəyişərdi, ölkəmizin indiyə kimi sərgilədiyi sülhpərvər imicinə zərbə vurulardı. Və bundan erməni diasporu çox yaxşı bir silah kimi istifadə edə bilərdi, ölkəmiz beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin qınaq hədəfinə çevrilə bilərdi. Hətta Azərbaycana qarşı sanksiyalar tətbiq olunması ehtimalı da mümkün variantlardandır. 

Azərbaycan bu atəşkəs addımı ilə bir daha dünyaya göstərdi ki, müharibənin tərəfdarı deyil, yalnız ermənilərin təxribatlarına qətiyyətli cavab verdi və onu cəzalandırdı. 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc da hesab edir ki, cəmiyyət müharibəyə hazır olsa da, dünyanın narahatlığından sonra, Azərbaycan hökumətinin atəşkəs razılığı yaxşı taktiki gedişdi. 



O, AzNews.az-a açılamasında bildirib ki, vasitəçi missiyanı həyata keçirən dövlətlər başa düşdü ki, torpaqların işğal altında qalması, bölgədə hər an müharibənin başlanması riski deməkdir: “Qarabağ münaqişəsində cəbhədən əlavə, diplomatik danışıqlar da mühüm rol oynayır. Bu danışıqları isə yalnız dövlət başçıları aparır.Azərbaycan cəmiyyəti və bütün dünya azərbaycanlıları atəşkəsi qəbul etmir. Bu, çox yaxşı haldır. İnsanlar öz torpaqlarında yaşamaq istəyirlər. Onların bir mövqeyi var - Azərbaycana xidmət eləmək. Üçgünlük müharibə Azərbaycanın Qarabağa gedən yolunu açdı. Atəşkəsə imza atmaq Azərbaycanın bundan sonrakı yolunu dəyişir. Yəni, danışıqlar bu günə kimi aparılan şərtlər altında davam etdirilməyəcək. İstər siyasi, istərsə də hərbi cəhətdən Azərbaycanın mövqeləri kifayət qədər möhkəmləndi. Erməni xalqı elə bir zərbə aldı ki, bundan sonra onları Azərbaycan qarşısına çıxarmaq çətin olacaq”. 



Zahid Oruc Ermənistanın bu ərəfələrdə yalnız cəbhədə deyil, həm də digər sahələrdə təxribatla məşğul olduğunu deyib: “Ermənistan tərəfi əsasən 3 istiqamətində bizim əleyhimizə mübarizə aparırdı.

1. Azərbaycanı Rusiya ilə toqquşdurmağa çalışırlar. Guya qeyd ediblər ki, biz bu savaşa qərar verməklə Rusiyaya qarşı çıxmışıq. Bu, baş tutmadı, əvəzində onlar ikinci xətti işə saldılar. Rusiya əlerhinə minlərlə, onminlərə ittihamedici məlumatlar yaydılar. 

2. Düşünürəm ki, Azərbaycan mediası bundan maksumin istifadə etməlidir.

3. Rusiya-Türkiyə toqquşması. Halbuki Amerikanın, Rusiyanın döyüşçüləri Seysulanda, yaxud da Talış ətrafında yox idilər. Bu, Azərbaycanla Ermənistan arasında gedən savaşdır və dünya da gördü ki, 3 gün yetər ki, kənar qüvvələr qoşulmasa proseslərdə real köklü dəyişikliklər baş versin. Ona görə də onlar dünyaya özlərinin guya təhlükədə olduqlarını çatdırmaq üçün kampaniyalara başlayıblar”.

Millət vəkili vurğulayıb ki, qarşıdakı dönəmdə Azərbaycan bu uğuru qoruyub saxlamalıdır:“Əsgərin nüfuzu cəmiyyətdə qalxırsa, siyasətçilər də əsgərimizin uğurunu müdafiə etməyə qadir olmalıdır və biz bu işi beynəlxalq ələmdə aparmağı bacarmalıyıq. Çünki gördüyümüz kimi müxtəlif ölkələrdə ermənilər kampaniyalar başladırlar və hərbi uğursuzluqlarının əvəzini siyasi vasitələrlə çıxmağa çalışırlar. Bunlar baş verməsin deyə bizim hamımız ordumuzun bir hissəsinə çevrilməliyik, apardığımız mübarizəni səngərdəki dava kimi qiymətləndirib, onların əleyhinə mübarizəmizi davam etdirməliyik. Son olaylara baxanda görürük ki, atəşkəsə əməl edilməsi vasitəçilik missiyaları əsasən Rusiyanın təşəbbüsü ilə gerçəkləşdi. ATƏT-n daimi şurasının keçirdiyi tədbirlər, digər müraciətlər çox az rol oynadı”. 



Z.Oruc hesab edir ki, əslində bu məsələ ilə vasitəçilik missiyası özü də zərbə aldı: “İndi müxtəlif ölkələr bu təşəbbüsdə bulunmaqdadır. Dünən Həsən Ruhani Azərbaycan prezidentinə telefon açdı, İranın bu məsələdə narahatlığını ifadə elədi. O biri yandan isə ölkələr arasında münasibətlərə rəğmən özünün vasitəçi ola biləcəyini dilə gətirdi. Sarkisiyanı qəbul edən Almaniyanın Baş naziri ümumi narahatlığını ifadə eləsə də, Azərbaycanı heç bir dövlətin dilindən ittiham eləmədi. Azərbaycan artıq beynəlxalq aləmdə ittiham edilmir və biz bunu eşitmirik. Eyni zamanda bu ölkə də bəyan elədi ki, ATƏT-də hazırkı məqamda Almaniya bir illik dövrü üçün rəhbərlik edir və onlar da bu danışıqların fəal şəkildə bərpa olunmasına və Qarabağ məsələsinin çözülməsinə töhfə verə bilərlər”.

Deputat onu da əlavə edib ki, nəhayət, Azərbaycan Qarabağ məsələsi ilə dünyaya çıxıb:“Regional təhlükəsizlik baxımından deyil, daha üst qatda müxtəlif ölkələrin arasındakı münasibətlərə rəğmən müharibə həqiqətən də böyük problem olaraq qalmaqdadır. Mənim hansı dövlətləri işarə etdiyimi siz bilirsiniz. Bir çoxları düşünür ki, Qərb dairələri Rusiyaya qarşı Qarabağdan yeni bir cəbhə aça bilər və bu, daha genişmiqyaslı savaş deməkdir. Ona görə də əgər beynəlxalq təşkilatlar Azərbaycanın seçdiyi sülh yoluna sarılacaqlarsa, bu, ədalətli müharibə olacaq. Azərbaycanın maraqlarını tapdalamaq, ərazimizi kiməsə vermək adına saziş imzalanmayacaq. Prezident son günlər ərazi bütövlüyümüz deyəndə nəzərə alınan əraziləri xüsusi qabardır. Bu o deməkdir ki, Rusiyanın öz siyasi elitasında anlayırlar ki, bu problemin başqa çözüm yolu yoxdur. Hər halda Putinin 3 günlük neytral mövqeyi Ermənistanın özünə belə bir cəza kimi kəsildi. Əgər dediyiniz istiqamətdə cəhdlər olacaqsa, siyasi mövqeyimizin güclənməsini hansısa formada əlimizdən almağa çalışacaqlarsa, onu ermənilərin xeyrinə dəyişmək istəyəcəklərsə bu halda münaqişə yenidən alovlanacaq. Bu dəfə bir neçə yüksəkliklə deyil, bütöv Qarabağda dayanacağıq”.






Fikirlər