Qusarda şəhid bacısının torpaq sahəsi saxta sənədlərlə ələ keçirilib – Ailə 7 ildir ədalət axtarışında
Qusar rayonu, Yuxarı Ləgər kənd sakini, şəhid bacısı Quliyeva Lətafət Balaverdi qızı redaksiyamıza müraciət edərək, ailəsinə məxsus torpaq sahəsinin saxta sənədlərlə ələ keçirildiyini və 7 ildir şikayətlərinə baxılmadığını bildirib. .
Ailənin oğlu, 44 günlük Vətən müharibəsi iştirakçısı Quliyev Turan Qırım oğlu qeyd edir ki, torpağın saxta yollarla özgəninkiləşdirilməsi üçün hazırlanmış sənədlərdə guya valideynlərinin ayrıldığı və onların (uşaqların) qəyyumluğa verildiyi göstərilib. Halbuki bu, həqiqətə uyğun deyil və tamamilə saxtakarlıqla hazırlanıb. Qəyyumluq sənədləri arxivdə yoxdur, bu isə həmin sənədlərin saxta olduğunu sübut edir. Saxta müqavilənin özü yarı çap maşını, yarı kompüter vasitəsilə tərtib olunub və rəsmi sənəd tələblərinə uyğun deyil.
Quliyeva Lətafət bildirir ki, ailəyə məxsus 1.77 hektar torpaq sahəsi üçün qanuni mülkiyyət hüququ və vergi öhdəlikləri yerinə yetirilib. 2025-ci ildə 117 manat məbləğində mülkiyyət vergisi ödənilib. Bütün hüquqi sənədlər mövcud olsa da, torpaq Ehtibar Pirverdiyevin qaynı Xammədov Hikmət Həcənməd oğlu və keçmiş icra nümayəndəsi Xammədov Kazım Məhsim oğlu tərəfindən saxta yollarla Quba rayon sakini Mehdiyev Bahadır adlı şəxsə satılıb.
Quliyeva Lətafət onu da qeyd edir ki, 2024-cü ildə Qusar rayon Xuray Ərazi idarəsinin keçmiş bələdiyyəsindən aldığı 3.38 hektar torpaq sahəsi üçün də vergilərini ödəyir, lakin eyni qrupun bu torpağa da göz dikdiyindən narahatdır.
Bu hadisədə AR Cinayət Məcəlləsinin 320-ci (rəsmi sənədləri saxtalaşdırma), 178-ci (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələrinə uyğun cinayət tərkibi mövcuddur. Mülkiyyət hüququ yalnız məhkəmə qərarı ilə məhdudlaşdırıla bilər və saxta sənədlərlə mülkiyyətin əl dəyişməsi hüquqi dövlət prinsiplərinin pozulmasıdır.
Bakunews.az olaraq aidiyyəti qurumları – Baş Prokurorluğu, Daxili İşlər Nazirliyini, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsini və Əmlak Məsələləri Dövlət Xidmətini məsələyə dərhal müdaxilə etməyə və şəhid ailəsinin mülkiyyət hüququnun qorunmasına çağırırıq.
Qarşı tərəfin mövqeyini öyrənmək üçün sorğular göndərilib. Mövzuya qayıdacağıq.