“Bir qadın, iki uşaq, 1200 manat gəlir...” - Gənc qadınların boşanma strategiyası...

“Bir qadın, iki uşaq, 1200 manat gəlir...” - Gənc qadınların boşanma strategiyası

Son illər Azərbaycanda boşanma hallarının artması cəmiyyətin diqqət mərkəzində olan əsas sosial problemlərdən birinə çevrilib. Əvvəllər ailə quran cütlüklər münasibətlərinə zaman tanıyaraq bir neçə il sonra ayrılma qərarı verirdilərsə, bu gün bəzi gənc ailələr cəmi bir neçə ay ərzində məhkəməyə boşanma üçün müraciət edirlər.

Sosial şəbəkələrdə bu tendensiyaya münasibətlər birmənalı deyil. Bəziləri ailədaxili məsuliyyət bölgüsünün pozulduğunu iddia edir, digərləri isə gender balansının dəyişdiyini önə çəkir. Xüsusilə, “artıq ailədə kişi sözünün çəkisi qalmayıb” kimi fikirlər geniş müzakirələrə səbəb olur.

Bəs gənc ailələrin bu qədər tez ayrılmasının əsas səbəbi nədir? Niyə əvvəlki kimi "dözmək", "kişinin qılığına girmək" anlayışları cəmiyyətdə azalıb?  Toyuqlu pizza

Məsələ ilə bağlı Yenisabah.az hüquqşünas Tağı Hüseynovla əlaqə saxlayıb. Hüquqşünas bu məsələyə fərqli prizmadan yanaşaraq, boşanmaların arxasında iqtisadi və psixoloji faktorların dayandığını bildirib:

“Boşanma hallarının artmasının səbəblərindən biri kimi aliment məsələsini görürəm. Alimentin artırılması bəzi xanımlarda rahatlıq yaradır. Belə düşünürlər: ‘Boşanandan sonra öz ayaqlarım üstündə dura bilərəm. Həyatımda məni məhdudlaşdırmayan başqa birini taparam. İki uşağa görə 500 manata qədər aliment alaram, üstəlik iş tapıb 600-700 manat maaş qazanaram. Həm maliyyə azadlığım olar, həm də qaynana problemi yaşamaram.’ Halbuki qaynanalar həmişə olub. Hətta bu gün qaynanalar gəlinlərinə əvvəlki qədər təsir göstərə bilmir”.

Tağı Hüseynovun sözlərinə görə, son dövrlərdə ailədaxili zorakılıq və fiziki təzyiqlərlə bağlı halların da azaldığı müşahidə olunur:

“İndi kişilər həyat yoldaşlarını döymür. Ortada şiddət söhbəti yoxdur. Amma sosial mediada daima ‘qadın güclü olmalıdır’, ‘öz ayaqları üstündə durmalıdır’ mesajları verilir. Bu isə kişilərdə əlavə psixoloji və iqtisadi təzyiq yaradır”.

Hüquqşünas bildirir ki, hazırda iş bazarında qadınların fəallığı kişilərdən daha çoxdur:

“Bu gün şirkətlərdə işçilərin 70 faizi qadınlardır. Kişilərin bir çoxu ya işsizdir, ya da özlərinə kiçik biznes qurub. CV göndərənlərin böyük əksəriyyəti qadınlardır. Bu isə kişi və qadın rollarında tarazsızlıq yaradır. Eyni zamanda kişilərin üzərinə düşən aliment yükü də əlavə problemə çevrilir”.

Boşanmaların artması ilə yanaşı, Hüseynovun fikrincə, ailə qurmaq da əvvəlki qədər asan deyil:

“Məsələn, mən 35-40 yaşımda yenidən evlənmək istəsəm, bunu edə bilmirəm. İki uşağa 500 manat aliment ödədikdən sonra həm yeni həyat yoldaşımı, həm uşaqları, həm də valideynlərimi necə dolandırım? Bu səbəbdən ailə qurmaqdan da imtina edənlər çoxdur. Bu isə demoqrafik balansın pozulmasına səbəb olur”.

O, əlavə edir ki, evlənməyənlər arasında da fərqli həyat tərzləri formalaşır:

“Evlənməyənlər biri it saxlayır, digəri pişik, həyatlarını bu şəkildə davam etdirirlər. Bu da bir sosial dönüşüm formasıdır”.

Tağı Hüseynov həmçinin xəyanət hallarının artdığını da qeyd edib:

“İnternet vasitəsilə tanışlıqlar çoxalıb, münasibətlər qurulur və nəticədə ailələr dağılır. Azərbaycanda xanımlar gözəl olduqları üçün, imkanlı kişilər asanlıqla yeni münasibət axtarışına girirlər. Təklif tələbi üstələyir. Bu da boşanmalara münbit şərait yaradır”.

Hüquqşünas sonda vurğulayıb ki, bu tendensiyaların qarşısını almaq üçün yalnız hüquqi tədbirlər kifayət deyil. Ailə dəyərlərinin yenidən təbliğ olunması, gender rollarının balanslaşdırılması və ictimai şüurun artırılması vacibdir.






Fikirlər