Öcalandan 26 ildən sonra ilk video çağırış: “Silah yox, siyasət qalib gələcək” - VİDEO
1999-cu ildən bəri İmralı həbsxanasında saxlanılan PKK lideri Abdullah Öcalan 26 ildən sonra ilk dəfə görüntülü şəkildə ictimaiyyətə müraciət edib. "AzerTaym.az" olkə.az-a istinadən bildirir ki,bu barədə Türkiyə KİV-i xəbər verir. Mesajında o, PKK-ya bir daha silahları yerə qoymaq çağırışı edib. Öcalan çıxışında "Komünalist yoldaşlıq hərakatının" keçdiyi mərhələyə, mövcud vəziyyətə və həll yollarına dair fikirlərini bölüşərək, bu barədə yazılı olaraq da geniş izah verdiyini bildirib. O, 27 fevral 2025-ci il tarixli "Sülh və Demokratik Cəmiyyət Çağırışı"na sadiq qaldığını vurğulayıb. PKK terror təşkilatının milli dövlət yaratmaq məqsədindən və silahlı fəaliyyətlərdən imtina etdiyini bildirən Abdullah Öcalan, “Artıq varlığımız tanınıb, indi demokratik siyasət mərhələsi başlamalıdır” deyə vurğulayıb. O, TBMM-də yaradılması planlaşdırılan komissiyanın və silahların yerə qoyulması prosesinin əhəmiyyətinə toxunaraq bildirib: “Silahı yerə qoymaq tarixi bir qazanc olacaq.” Öcalan, Türkiyə Böyük Millət Məclisində təmsil olunan DEM Partiyası və digər siyasi qüvvələrin bu prosesə dəstək verməsinin vacibliyini qeyd edərək, “Sülh və demokratik cəmiyyət hədəfinə ancaq birlikdə çata bilərik” fikrini səsləndirib. “Mən silahın yox, siyasətin və ictimai barışın gücünə inanıram. Sizi də bu prinsipi həyata keçirməyə çağırıram. Son günlər bölgədə baş verən hadisələr, atdığımız bu tarixi addımın nə qədər vacib və təxirəsalınmaz olduğunu bir daha göstərir”, - deyə Öcalan çağırış edib.