Müsəlman dünyası üçün yeni mərhələ başlayıb: Yeni geosiyasi REALLIQ...

Müsəlman dünyası üçün yeni mərhələ başlayıb: Yeni geosiyasi reallıq

ABŞ Suriyada fəaliyyət göstərən radikal islamçı "Heyat Tahrir əş-Şam" (HTŞ) qruplaşmasını terror təşkilatları siyahısından çıxarmağa hazırlaşır. Bu barədə məlumatlar ABŞ Dövlət Departamentinin daxili yazışmalarına istinadən yayımlanıb. Xatırladaq ki, bundan əvvəl ABŞ-nin Türkiyədəki səfiri, Trampın Suriya üzrə xüsusi nümayəndəsi Tomas Barak da bu barədə dolayı siqnallar vermişdi. Bir neçə gün əvvəl isə ABŞ prezidenti Suriyaya qarşı tətbiq edilən sanksiyaları ləğv edib.

Maraq doğuran məqamlardan biri də budur ki, Rusiya da qısa müddət əvvəl "Taliban" hərəkatını terror təşkilatları siyahısından çıxarıb.

"Caucasian Bureau" Telegram kanalının təhlilinə görə, bu addımlar təkcə ikitərəfli münasibətlər kontekstində yox, həm də bölgədə yeni siyasi düzənin formalaşmasına işarədir.

HTŞ 2016-cı ildə, o cümlədən “Əl-Qaidə”nin Suriyadakı qolu olan “Cəbhət ən-Nusra”nın bazasında yaradılıb. Onun lideri – Əhməd əş-Şara (təxəllüsü Əbu Məhəmməd əl-Culani) hazırda Suriyanın de-fakto prezidenti hesab olunur. 2020-ci ildən HTŞ İdlibə nəzarət edirdi. 2024-cü ildə isə müxalif qruplarla birləşərək Bəşər Əsəd rejimini devirdi və ölkədə hakimiyyəti ələ keçirdi.

Hazırda HTŞ-nin rəhbərlik etdiyi Suriya yeni beynəlxalq münasibətlər qurur – ABŞ, İsrail və Aİ ölkələri ilə diplomatik kanallar açılıb. Bu, bir zamanlar terrorçu kimi tanınan qruplaşmaların legitim güc kimi qəbul edilməyə başladığını göstərir.

Oxşar ssenari 2021-ci ildə Əfqanıstanda da yaşandı – "Taliban" hakimiyyəti ələ keçirdi və zamanla beynəlxalq birliyin qəbul etdiyi real gücə çevrildi.

"Caucasian Bureau"nın analitikləri qeyd edir ki, bu proseslər uzun illər boyunca qorunan bir stereotipin dağıldığını göstərir: radikal islamçı qrupların “terrorçu” statusu əsasən geosiyasi maraqlar və beynəlxalq konfiqurasiyalara uyğun müəyyənləşdirilib.

ABŞ və Rusiyanın bu kimi təşkilatlarla əməkdaşlığa meyl göstərməsi, cihadçıların siyasi səhnəyə inteqrasiya olunmasına yaşıl işıq yandırır. Bu isə həm müsəlman dünyası üçün yeni mərhələnin, həm də qərb təhlükəsizlik doktrinalarının ciddi transformasiyasının başlandığını göstərə bilər.  /Ölkə.Az






Fikirlər