Qarabağsız DAHA bir il - 2018-dən NƏ GÖZLƏYƏK?
Arzu Nağıyev: “Azərbaycan artıq diktə edən tərəfdir və konkret təkliflərə malikdir, görüş naminə görüşlərə getməyəcək”; Elçin Mirzəbəyli: “Ermənistan 2018-ci ildə də təxribatlarını və münaqişə ətrafında ritorikanı davam etdirməyə çalışacaq” “2017-ci ildə Qarabağ münaqişəsinin həlli ilə bağlı hər hansı bir ciddi irəliləyiş baş verməsə də, danışıqlar prosesində ölkəmizin mövqelərini möhkəmləndirən bir sıra mühüm hadisələr baş verib”. Politoloq Elçin Mirzəbəyli bu fikirləri “Yeni Müsavat”a açıqlaması zamanı bildirdi. Ekspert başa çatmaqda olan ili Qarabağ məsələsi prizmasından dəyərləndirərkən bir sıra hadisələrə diqqət çəkdi: “Bunların sırasında İraq Kürd Muxtariyyətinin və Kataloniyanın müstəqillik iddialarının iflasa uğraması, separatizmə qarşı sərt təpki göstərilməsi, Avropa İttifaqının «Şərq Tərəfdaşlığı» proqramına daxil olan ölkələrin Brüssel sammitinin bəyannaməsində dövlətlərin ərazi bütövlüyü, müstəqilliyi və suverenliklərinin dəstəklənməsini qeyd etmək olar. Digər tərəfdən, Bakı-Tiflis-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin önəmli bir hissəsinə çevriləcək və Bakı-Tiflis Qars dəmir yolu xətti ilə sinerji yaradaraq həm də Cənub-Qərb marşrutu üzrə daşınmaların həcminin artmasına səbəb olacaq Astara-Rəşt dəmir yolu xəttinin reallaşması istiqamətində atılan addımlar da işğalçı ölkənin təcrid olunması baxımından önəmli sayıla bilər. Bu layihələr tam gücü ilə fəaliyyətə başladıqdan sonra Ermənistanın təcrid olunması prosesinin nə dərəcədə effektiv olduğu daha aydın görünəcək”. E.Mirzəbəylinin sözlərinə görə, 2018-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hansı hadisələrin baş verəcəyini öncədən proqnozlaşdırmaq çox çətindir: “Şübhəsiz ki, həmsədr ölkələr, xüsusilə də Rusiya müharibənin baş verməməsinə çalışacaqlar. Moskva səy göstərəcək ki, danışıqlar prosesi davam etsin, Bakıda da, İrəvanda da müəyyən ümidlər yaransın. Lakin bütün bunlar imitasiya xarakteri daşıyacaq”.
Ekspertin fikrincə, lokal hərbi əməliyyatların baş verməsi hər zaman mümkündür: “Ermənistan 2018-ci ildə də təxribatlarını və münaqişə ətrafında ritorikanı davam etdirməyə çalışacaq. Mövcud reallıqları nəzərə alsaq, 2018-ci ildə münaqişənin həlli ilə bağlı hansısa nəticənin əldə oluna biləcəyi real görünmür. Amma bu vəziyyət istənilən an dəyişə bilər”.
Politoloq Arzu Nağıyev də 2017-ci ildə Azərbaycanın Qarabağla bağlı öz mövqelərini möhkəmləndirdiyi qənaətindədir:“Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı 2017-ci ili xarici və daxili siyasət, eyni zamanda hərbi baxımdan dəyərləndirsək, belə bir şəkil alınır: Münaqişə başlayandan indiyə qədər Avropa dövlətləri Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə dəstəklədi və Ermənistanın işğalçı olduğuna bir işarə vurdu. Özü də belə bir bəyanat Ermənistanın bütün cəhdlərinə baxmayaraq, məhz Avropa İttifaqının mühüm siyasi qurumları tərəfindən verildi. Bu, çox əhəmiyyətli bir qələbədir. Bununla yanaşı, 2017-ci ildə Cocuq Mərcanlıya köç oldu və ”Böyük qayıdış"ın təməli qoyuldu. Ermənistan hiss etdi ki, işğaldan təmizlənən ərazilər dərhal bərpa olunacaq və qayıdışın olmayacağı barədə ermənilərin gözləntiləri iflasa uğradı. Bununla yanaşı, sərhəd bölgələrimizdə bərpa və quruculuq işləri müsbət bir istiqamətdə davam etdirildi". Ekspert il ərzində ölkəmizdə ordu quruculuğuna mühüm diqqət yetirildiyini, müxtəlif hərbi təlimlərin keçirildiyini, yeni hərbi texnikaların alındığını, ordumuzun müasir silahlarla təchiz olunması və yeni hərbi hissələrin yaradılması ilə bağlı ciddi addımlar atıldığını vurğuladı: “Artıq Azərbaycan tərəfi dünya ictimaiyyətinə çatdıra bildi ki, Azərbaycan heç vaxt ikinci bir erməni dövlətinin öz ərazisində yaradılmasına imkan verməyəcək və hərbi yolla işğala son qoymağa da hazırdır”. Ancaq A.Nağıyev vasitəçilərin bu il də irəliyə doğru heç bir addım atmadığını qeyd etdi: “Təəssüf ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri yenə öz ampluasına uyğun olaraq deklorativ bəyanatlardan başqa bir iş görmədilər. Ermənilər məcbur olub danışıqlara gəlsələr də münaqişə öz həllini tapmadı”. Politoloq 2018-də savaş risklərinin olduğunu da söylədi: “Bildiyiniz kimi, 2018-ci il regionda demək olar ki, seçki ili kimi yadda qalacaq. Yəni Ermənistan seçkilər ərəfəsində separatçıların verdikləri ”müstəqillik" məsələsi ilə siyasi gedişlər edəcək və bu proses başa çatana qədər münaqişənin bizim xeyrimizə həll edilməsinə imkan verilməyəcək. Rusiyada da seçki ili olduğuna görə Moskva nüfuzunu qorumaq üçün Ermənistana yardım göstərəcək. Səbəbi isə elektoratın özünə tərəf çəkilməsi amili olacaq. Azərbaycanın isə daxili və xarici siyasətində münaqişənin həllini ən prioritet istiqamət olduğunu nəzərə alsaq, Ermənistana hərbi-siyasi və diplomatik təzyiqin artırılması davam etdiriləcək. Bunu təbii ki, həm də beynəlxalq qurumlar səviyyəsində edəcək. Görüşlərə gəldikdə isə Azərbaycan artıq diktə edən tərəfdir və konkret təkliflərə malikdir, görüş naminə görüşlərə getməyəcək".