SƏRDAR Cəlaloğlu: “CƏMİL HƏSƏNLİYƏ mandat vermədilər, döndü radikal MÜXALİFƏT OLDU”
ADP sədrindən Cəmil Həsənliyə sərt sözlər Milli Şuranın sədri Cəmil Həsənlinin Meydan.TV-nin canlı yayımında növbədənkənar prezident seçkilərində iştirak edəcək müxalif partiyaları aşağılaması, onların müxalif qurumlar olmadığını dilə gətirməsi hiddət doğurub. Seçkilərdə iştirak edəcək ADP, AĞ Partiya, VİP kimi müxalifət partiyalarının tərəfdarları C.Həsənliyə sərt reaksiya veriblər. Prezidentliyə namizədliyini irəli sürən ADP sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a açıqlamasında tarixçi professorla yanaşı adının müxalif düşərgədə çəkilməsinə qarşı çıxdı: “O özünü müxalifət sayırsa, onu müxalifət hesab etmək olarsa, həqiqətən də mən müxalifət deyiləm. Onunla eyni adı daşıya bilmərəm. Cəmil Həsənli saxta seçkilərdə ittiham etdiyi hakimiyyətin dövründə üç dəfə parlament seçkilərində iştirak edib. Hamı bilir ki, böyük nüfuzu olmayan Cəmil Həsənli 2005-ci ildə səs toplamadan deputat olub. O, 2005-ci ildə təmsilçisi olduğu AXCP-dən imtina edib ki, təki parlamentdə otursun. Bu hökumət ona mandat verməyəndən sonra bu kişi müxalifət olub. Deputat olduğu dönəmlərdə onda bu cür radikallılıq yox idi. Əksinə, çox mədəni, yumşaq münasibət ortaya qoyurdu. Elə ki, buna mandat vermədilər, radikal müxalifət oldu. Onun kitablarını bu iqtidarın nümayəndələri maliyyələşdiriblər. Cəmil Həsənlinin universitetdə müəllim işləməsi də bu iqtidarın icazəsi əsasındadır. Necə olur ki, Rafiq Əliyevi bir sözünə görə işdən çıxarırlar, amma sən ”müxalifətəm" deyə-deyə öz işində qalırsan? Bizlər onlarla mitinqlər təşkil etmişik, minlərlə üzvümüz həbs edilib, bədən xəsarətləri alıblar, minlərlə adam ölkəni tərk edib. ABŞ Dövlət Departamentinin hesabatlarına kimsə baxsa, görər ki, Azərbaycandan ən çox təzyiqlərə məruz qalanlar ADP-çilərdir. Cəmil Həsənli, dünənə qədər sən mandat cibində parlamentdə oturmuşdun, amma Sərdar Cəlaloğlu küçələrdə demokratiya uğrunda mübarizə aparırdı. İndi beynəlxalq situasiyanı, dövlətçiliyi nəzərə alaraq, daxili gərginliyi azaltmaq üçün seçkiyə gedirəm, indiki şəraitdə mümkün qədər iqtidar-müxalifət arasında gərginliyi azaltmağa çalışıram, buna görə oluram xain, satqın? Sənin kimi iki gündən bir gedib hökumətin yanında oturan, mandat verilmədiyinə görə müxalifət olan şəxs indi müxalifətdir? Adama deyərlər ki, bax güzgüyə, gör nəyin müxalifətdir. Elçibəy 1998-ci ildə seçkiləri boykot edəndə onun müavini olan Əli Kərimli Etibar Məmmədovla seçkilərdə iştirakla bağlı bəyanata imza atan deyil? Mən onlardan fərqli olaraq, pərdəarxası oyunlar oynamıram. Bu seçkilər başlamamışdan demişdim ki, seçkilərdə iştirak etmək lazımdır. İsa Qəmbər, Mirmahmud Mirəlioğlu, Əli Əliyev və başqaları aylar öncədən namizədliklərini vermişdilər, amma mən verməmişdim. Çünki seçkilərdə iştirakla bağlı xüsusi bir marağım yox idi. Düşünürdük ki, kim iştirak etsə, ona dəstək verərik. Hətta İsa bəylə söhbətimiz belə olmuşdu. Sərdar Cəlaloğlu 30 ildir siyasətdədir, hələ deputat belə olmamışam. Cəmil Həsənlidən fərqli olaraq, seçkilərdə iki dəfə iştirak edib, səs toplamışam, amma parlamentə buraxılmamışam. Avropa Məhkəməsinə müraciət edib, bunu sübut da etmişəm. 1995-ci ilin parlament seçkilərində hamıya bəllidir ki, AXCP deyilən qədər səs toplamamışdı, amma 6 deputat yeri verdilər. O da ona görə ki, Əli Kərimli müxalifətin birliyini pozurdu. Cəmil bəy son prezident seçkilərində iştirak edib. Sual verirəm, o seçkilərlə bu seçkilər arasında hansı fərqlər var ki, Cəmil Həsənli iştirak edib müxalifət olurdu? O seçkilərdə də, bu seçkilərdə də iştirak edirəm, fəaliyyətimdə heç bir dəyişiklik yoxdur. Dəyişiklik Cəmil Həsənlidədir ki, heç bir fərqi olmayan iki seçkidən birində iştirak edir, digərindən imtina edir. Ona bir sual verirəm ki, kim sizi müxalifət sayır? Azərbaycanda kim ad verir ki, siz müxalifət deyilsiniz, müxalifət yalnız bizik? Sənin nəyin müxalifətdir? Milli Şuranın təmsilçilərinin böyük əksəriyyətinin iqtidarla işbirliyində ya zamanında, ya da indi olduğu məlumdur. Cibində bu hökumətin mandatını dəfələrlə gəzdirmiş birisi durub deyəndə ki, mən müxalifətəm, adam söz tapmır deməyə. 2005-ci ildə 15 nəfər bizdən deputat seçilmişdi. Bunu Əli Kərimli, Pənah Hüseyn və digərləri yaxşı bilirlər. O vaxt Əli Kərimliyə 4 mandat verdilər, bizə yox. Hökumət yaxşı bilir ki, kim müxalifətdir. Cəmil Həsənli, sən özünə müxalifət demə. Sən müxalifətçi kimi, mənim kriteriyalarımın 10/1-nə layiqsən? Həbs olunmuşam, işgəncələrə məruz qalmışam, qardaşım, bacım oğlu həbs olunub. Bir nəfər qohumum da vəzifədə çalışmır. Sən bu hökumətin universitetində dərs deyirsən, qohum, qardaşın bu hökumətdən bəhrələnir. İndi sən oldun müxalifət, hər cür məhrumiyyətlər yaşayan Sərdar Cəlaloğlu, sən demə, müxalifət deyilmiş". ADP sədri C.Həsənlinin siyasətdən xəbərsiz olduğunu da söylədi: “O yaxşı alim, ictimai xadim ola bilər, amma heç vaxt siyasətçi ola bilməz. Siyasətin nə olduğundan anlayışı yoxdur. Onun cəsarəti çatıb etiraf etmir ki, son seçkilərdə Azərbaycan xalqına xəyanət etmişəm, bu dəfə etmirəm. Son seçkilərdə onunla birlikdə iştirak etdim, sona qədər onu qorumaq üçün əlimdən gələni etdim. Üzərinə gələn təzyiqləri qarşılamağa çalışdım. Biz onlarla birlikdə olanda radikal müxalifət olurduq, indi birlikdə deyilik, oluruq satqın. Guya Cəmil Həsənli müxalifətin indeksidir. İndiyə qədərki fəaliyyəti ilə onun müxalifətin kimliyini müəyyən etmək haqqı yoxdur. O alimdir, məcbur edir ki, ona ağır sözlər deyim. Bunları o haqq edir. Cəmil bəy gedib parlamentdə oturanda, deməmişdim ki, o xaindir. Özü də bilirdik ki, o, hansı oyunlarla, kimlərin vasitəsilə deputat olub. Vaxtilə AXCP-ni satan, ona tüpürən bir şəxs indi o partiyanın yanındadır. Get bir addımlarına, iki addım öncəki yerişinə bax, sonra gəl insanları ittiham et. Elə bilirsiniz ki, xalq olanları unudub? 1993-cü ildən bu tərəfə Əli Kərimli və ətrafının siyasətdə oynadıqları çirkin oyunları hər kəs bilir. Bu gün parlamentdə müxalifət adı ilə oturan şəxslərin 6 nəfəri Kərimlinin müavinləri olublar. Getdiyiniz yolları nə tez unutdunuz? Kiminlə necə alver etdiyinizi yaxşı bilirik. İndi iqtidarla aranızda müəyyən narazılıq yaranıb, radikal müxalifət olmusunuz. İndiyə qədər hansı seçkidə nə üçün iştirak etdiyinizi, yaxud nə üçün iştirak etmədiyinizi çox yaxşı bilirəm. Müxalifətin gəlin kriteriyalarını müəyyən edək, onda görəcəksiniz ki, nə sizlər, nə də sizinlə birlikdə olanlar müxalifət deyilsiniz. Dünənə qədər müxalifəti söyən Gültəkin Hacıbəyli indi olub müxalifət. Özünü elə sayırsan ki, sanki sən varsansa, dünya var, yoxsansa, dünya yoxdur. Sən Milli Şuranın Yusif Sərracısan. Rüstəm İbrahimbəyov gələ bilmədi, səni qabağa verdilər. Ən yaxşı halda Əli Kərimli iqtidarla danışıqlara getsə, sənə onun yanında bir mandat verəcəklər. Kərimli iqtidardan küsüb, əvvəlki alverləri pozulub. İndi Cəmil Həsənlini verib qabağa, durub arxasında. Bilsə ki, orada azacıq xeyir var, Kərimli ölər, amma Həsənlini heç vaxt irəli verməz. Elçibəyə xəyanət edən birisi üçün Cəmil Həsənli heç kimdir. İbrahimbəyov gəlsəydi, o, hazırda heç kim idi. Sən mənim qədər yol keç, sonra gəl danış. Hətta elmdə belə mənim qədər yol keçməmisən. Sənin yersiz çıxışların bu sözləri mənə dedirdir. Bu insan özünü Əli Kərimlinin sözçüsü, uşağı kimi aparır. Kərimlinin dədəsi yaşındadır, düşüb onun qabağına, otur-otur, dur-dur. Vaxtilə Nemət Pənahlının etdiyi kimi. Kərimli deyir, get seçkiyə, yaxud yox. Səni son seçkilərdə nə üçün Putinin müşaviri, Abbas Abbasov, ”Milyarderlər İttifaqı" müdafiə edirdi? Sən Azərbaycana, yoxsa Rusiyaya rəhbərlik etməyə gəlirdin? Adınızda milli olanlar, nə üçün torpaqlarımızı işğal edənlər sizi dəstəkləyirdi? Bu gün Rusiyanın başı qarışıb, sizdə də seçkilərdə yoxsunuz".